Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq.
Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.
“Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazilərimizin təxminən 20 faizini işğal edib, bir milyon azərbaycanlının öz tarixi torpaqlarından deportasiya olunmasına səbəb olan etnik təmizləmə siyasəti həyata keçirib, dini və tarixi abidələrimizi, o cümlədən Qarabağda 65 məscidi dağıtmışdı. Buna baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib və o, cəzalandırılmayıb. Bu, ikili standartdır. Lakin ikili standartlar təkcə bununla bağlı deyil. İkili standartlar həm də kiminsə sizə necə yaşamağı öyrətmək istədiyi zaman özünü göstərir. Belə bir addım atmazdan əvvəl insan güzgüyə baxmalı və özünə sual verməlidir: kiməsə dərs vermək, onu öyrətmək, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı? Biz heç vaxt belə etmirik. Biz öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetiririk. Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələdir. Bu, bizim işimiz deyil. Biz də bizə qarşı eyni münasibətin göstərilməsini gözləyirik və buna nail oluruq. Bizə qarşı istənilən hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr müqavimətimizlə qarşılanıb və bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq.
Düşünürəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları ilə razılaşarsa, münaqişələr və problemlər daha az, qarşılıqlı əlaqələr isə daha çox olar. Ən azı, biz vəziyyəti belə görürük.
Bununla yanaşı, sizə daha dolğun mənzərə təqdim etmək üçün onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın bu 35 il ərzində əldə etdiyi nailiyyətlər Azərbaycan xalqının səyləri hesabına mümkün olub. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğura doğru irəliləmişik.
Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin təminatçısı kimi qəbul edilir. Müstəqil siyasətimiz də bizə böyük hörmət qazandırıb”, - dövlət başçısı qeyd edib.