Şaxtalı qış ərzaqların saxlanması üçün ciddi sınağa çevrilir. Zirzəmilərdə, anbarlarda və ya balkonlarda saxlanılan tərəvəzlər əksər hallarda şaxtadan zərər görür. Donmuş çuğundur, kələm yaxud yerkökü öz dadını və faydalı xüsusiyyətlərini itirir, bəzən isə ümumiyyətlə yararsız hala düşür.
Lent.az xəbər verir ki, mütəxəssislər kartofu dərhal atmağa tələsməməyi, hətta donmuş kök yumrularından da hələ istifadə etməyin mümkünlüyünü bildiriblər.
Kartof şaxtaya məruz qaldıqda hüceyrələrin daxilindəki su buza çevrilir və onların quruluşunu dağıdır. Buna görə də kök yumruları yumşalır, süngərvari olur və dadı dəyişir. Eyni zamanda kartofda fruktoza və saxaroza kimi şəkərlərin miqdarı artır, nəticədə şirin dad yaranır. Donmuş kartofu yavaş-yavaş əridəndə bu şirin dad daha da güclənir və hazırlanan yeməklər dadsız ya da həddindən artıq şirin alına bilər.
Donmuş kartofu nə etmək olar?
Sürətli ərimə üçün isti suda üsul: kök yumrularını bir neçə dəqiqə təxminən 60 dərəcə temperaturda olan suda saxlayın. Sonra kartofu soyub yuyun. Bu üsul şirin dadı azaldır və kartof bir sıra yeməklər üçün yararlı olur.
Şorba və qızartma üçün uyğun deyil: zədələnmiş hüceyrələrə görə kartof şorbalarda tez dağılır, qızardıldıqda isə qaralır və dadını itirir.
Alternativ istifadə: kənd yerlərində donmuş kartofu heyvanlara yem kimi vermək, ondan nişasta hazırlamaq və ya ev şəraitində spirt istehsalında istifadə etmək olar. Əgər kartof yalnız bir qədər donubsa, onları uzun müddət saxlamaq məsləhət deyil, dərhal bişirmək və ya emal etmək daha yaxşıdır.