Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumundakı çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
14 iyul 2026 16:35 (UTC +04:00)

Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumundakı çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir

0

Milli birlik müasir dövrdə dövlət təhlükəsizliyinin əsas təminatıdır

“Müasir dünyada baş verən geosiyasi proseslər göstərir ki, dövlətlərin gücü təkcə onların iqtisadi və hərbi potensialı ilə ölçülmür. Milli həmrəylik, cəmiyyətin dövlət ətrafında sıx birləşməsi, milli maraqların şəxsi maraqlardan üstün tutulması da müstəqil dövlətçiliyin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev Şuşa Forumunda vurğuladığı ana fikir ondan ibarətdir ki, biz ancaq özümüzə güvənə bilərik, milli birlik heç vaxt sarsılmamalıdır”.

Ətraflı

 

Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov bildirib ki, müasir qlobal və geosiyasi şəraitdə, hər tərəfdə qarşıdurmaların olduğu, müharibələrin getdiyi, xarici təhdidlərin həmişə aktuallığını saxladığı bir dövrdə bu, xüsusi önəm kəsb edir: “Dövlət başçısının Forumun açılış mərasimində səsləndirdiyi fikirlər məhz bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın gələcək inkişafının yalnız öz daxili gücünə, milli birliyinə və xalqla dövlət arasında möhkəm həmrəyliyə söykənməsi ilə bağlı idi. Dövlət başçısının "biz yalnız özümüzə güvənməliyik" mesajı təsadüfi deyil. Bu fikir Azərbaycanın son otuz illik inkişaf yolunun, xüsusilə də Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əsas siyasi və mənəvi fəlsəfəsini özündə ehtiva edir”.

Vitse-spiker qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı bu fikir, əslində, müstəqil Azərbaycanın formalaşdırdığı siyasi doktrinanın əsas istiqamətlərindən biridir: “Dünya siyasətində baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər sistemində dövlətlərin taleyini ilk növbədə onların daxili gücü, iqtisadi imkanları, hərbi potensialı və milli birliyi müəyyən edir. Son illər müxtəlif regionlarda müşahidə olunan silahlı münaqişələr, beynəlxalq hüququn selektiv tətbiqi, böyük dövlətlərin maraq toqquşmaları bir daha sübut edir ki, hər bir dövlət öz təhlükəsizliyini, ilk növbədə, özü təmin etməlidir. Azərbaycan da məhz bu prinsipi rəhbər tutaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Heç kim Azərbaycanın haqqını Azərbaycana hədiyyə etmədi. Bu nəticə xalqın birliyi, güclü dövlət idarəçiliyi, ordumuzun qüdrəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində əldə olundu”.

Azərbaycan cəmiyyətində milli birlik dövlətimizin ən böyük üstünlüyüdür

Ziyafət Əsgərov bu gün Azərbaycan cəmiyyətində müşahidə olunan birliyin müasir dünyada nadir nümunələrdən biri olduğunu vurğulayıb: “Bu birlik inzibati və ya formal xarakter daşımır. Bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq çətindir. Bu, ürəkdən, insanların zehnindən gələn birlikdir. Bu həmrəylik insanların ürəyindən, milli düşüncəsindən və dövlətə olan inamından qaynaqlanır. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı bütün dünya Azərbaycan xalqının necə monolit cəmiyyət olduğunu gördü. Müxtəlif siyasi baxışlara malik insanlar, fərqli sosial təbəqələr və müxtəlif yaş qrupları dövlətin milli maraqları ətrafında bir yumruq kimi birləşdi. Bu, hüquqi dövlət quruculuğunun da mühüm göstəricisidir. Çünki güclü dövlət yalnız qanunlarla deyil, həm də vətəndaşların həmin dövlətə olan inamı ilə möhkəmlənir”.

Dünya dəyişir, yeni təhdidlər meydana çıxır

Milli Məclis sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi mühüm mesajlardan biri də gələcəyə hesablanmış çağırışlarla bağlı idi: “Biz gələcəyə baxmalıyıq, dünya dəyişir, yeni təhdidlər, təxribatlar ortaya çıxır. Öz hüquqlarımızı, milli kimliyimizi qorumaq, müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün həmişə mübarizə aparmalıyıq. Hazırda beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Yeni təhlükələr meydana çıxır, informasiya müharibələri genişlənir, kibertəhdidlər artır, iqtisadi təzyiq mexanizmləri daha geniş tətbiq olunur. Belə şəraitdə dövlətlərin qarşısında duran əsas vəzifə milli maraqları qorumaq və müstəqilliklərini etibarlı şəkildə təmin etməkdir. Azərbaycan bu gün artıq yeni geosiyasi reallıqlar yaradan dövlətdir. Ancaq həmin reallıqları qoruyub saxlamaq onları yaratmaq qədər məsuliyyətli və mürəkkəb vəzifədir. Buna görə də Prezidentin gələcəyə hesablanmış çağırışları hər bir Azərbaycan vətəndaşı üçün mühüm siyasi mesaj kimi qəbul edilməlidir”.

Milli kimlik və milli ləyaqət dövlətçiliyin ayrılmaz hissəsidir

 

Ziyafət Əsgərov deyib ki, dövlət başçısı Şuşa Forumunda çıxışında Azərbaycan xalqının qürurlu xalq kimi, qalib xalq kimi yaşamalı, milli kimlik, milli ləyaqətin hər şeydən üstün tutulmalı olduğunu xüsusi vurğulayıb: “Bu fikir yalnız emosional çağırış deyil. Burada söhbət milli özünüdərkin, milli kimliyin və dövlətçilik ənənələrinin qorunmasından gedir. Qloballaşma şəraitində bir çox xalqlar öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Azərbaycan isə tam əksinə, müasir inkişafı milli-mənəvi dəyərlərin qorunması ilə uzlaşdıran dövlət modelini formalaşdırıb. Milli kimlik, ana dili, tariximiz, mədəniyyətimiz və dövlət atributlarımız milli təhlükəsizliyin mühüm elementləridir. Bu dəyərlərin qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin vəzifəsidir. Prezident İlham Əliyevin Şuşa Forumunda gənclərə ünvanladığı mesajlar xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Şuşa Forumunda vurğuladı ki, gənc nəsil Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun. Bugünkü gənclər müstəqilliyini bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş və qalib dövlətə çevrilmiş Azərbaycanın vətəndaşlarıdır. Bu, əvvəlki nəsillərdən fərqli olaraq onlara həm böyük üstünlük, həm də böyük məsuliyyət verir. Gənclər Vətənə bağlı, milli maraqlara sadiq, savadlı, iradəli və müasir çağırışlara cavab verə bilən vətəndaşlar kimi formalaşmalıdırlar. Dövlətimizin gələcək inkişafı məhz belə nəslin yetişməsindən asılı olacaq. Bu gün informasiya müharibələri, ideoloji təsirlər və xarici manipulyasiya cəhdləri daha da intensiv xarakter alır. Belə şəraitdə gənclərin milli düşüncəyə malik olması strateji əhəmiyyət daşıyır”.

Gələcək inkişafın əsas istiqamətlərini müəyyənləşdirən mesajlar

Vitse-spiker qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbir deyil: “Bu platformada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini də ortaya qoydu. Milli birlik, müstəqilliyin qorunması, milli kimliyin möhkəmləndirilməsi, dövlət maraqlarının hər şeydən üstün tutulması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıdakı dövrün əsas prioritetləri kimi təqdim olundu. Bu gün Azərbaycan qalib dövlətdir. Lakin qalibiyyəti qorumaq onu qazanmaq qədər məsuliyyətlidir. Bunun üçün isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, milli birlik daim möhkəm olmalı, dövlətə inam sarsılmamalı, gənc nəsil milli ruhda tərbiyə edilməli və hər bir vətəndaş Azərbaycanın müstəqilliyini ən böyük dəyər kimi qorumalıdır. Məhz Şuşa Forumunda səsləndirilən bu çağırışlar Azərbaycanın gələcək onilliklərdə də güclü, müstəqil və qalib dövlət kimi inkişaf etməsinin ideoloji əsasını təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar