Bu meyvələri   yuyub saxlamayın - Tez xarab olacaqlar
14 iyul 2026 13:16 (UTC +04:00)

Bu meyvələri yuyub saxlamayın - Tez xarab olacaqlar

0

Meyvə və tərəvəzləri yumadan yeməmək sağlamlıq baxımından vacib sayılsa da, bəzi məhsulları əvvəlcədən yuyub soyuducuya qoymaq onların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bəzi meyvələr yalnız istifadə etməzdən dərhal əvvəl yuyulmalıdır.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Giləmeyvələri əvvəlcədən yumayın

Çiyələk, moruq, böyürtkən və qaragilə suyu tez hopduran meyvələrdir. Onlar yuyulduqdan sonra üzərində qalan nəmlik kif yaranması üçün əlverişli şərait yaradır və meyvələrin yumşalmasına səbəb olur.

Mütəxəssislər bu meyvələrin kağız dəsmal sərilmiş qabda, bir qat şəklində saxlanılmasını tövsiyə edirlər. Kağız dəsmal artıq nəmi çəkir və meyvələrin daha uzun müddət təzə qalmasına kömək edir.

Alma

Almanın qabığında onu qurumaqdan qoruyan təbii mum təbəqəsi olur. Meyvəni əvvəlcədən yumaq bu qoruyucu təbəqəni zəiflədir və almanın daha tez xarab olmasına səbəb ola bilər.

Əgər almanı yaxın bir neçə gün ərzində yeməyi planlaşdırırsınızsa, onu otaq temperaturunda saxlamaq məsləhətdir. Həmçinin almaları digər meyvələrdən ayrı saxlamaq tövsiyə olunur. Çünki yetişmiş almalar etilen qazı ifraz edir və bu, digər meyvələrin daha tez yetişib xarab olmasına səbəb ola bilər.

Şaftalı və nektarin

Şaftalı və nektarinin qabığı nazik və zərif olduğundan su qabığın altına keçərək kif və çürümə prosesini sürətləndirə bilər.

Bu səbəbdən onları yuyub soyuducuya qoymaq əvəzinə, quru halda saxlayın və yalnız yeməzdən əvvəl yuyun.

Üzüm

Üzümün üzərində görünən ağmtıl təbəqə əslində təbii qoruyucu qatdır. Bu təbəqə meyvəni həşəratlardan və xarab olmaqdan qoruyur.

Üzümü əvvəlcədən yumaq həmin qoruyucu təbəqəni aradan qaldırır və onun daha tez çürüməsinə səbəb ola bilər. Buna görə də üzümü soyuducuda yuyulmamış halda saxlamaq, yalnız istifadə etməzdən əvvəl yumaq məsləhət görülür.

Gilas

Gilas da giləmeyvələr kimi nəmə həssasdır. Qabığında su qalarsa, çürümə prosesi daha tez başlayır.

Mütəxəssislər gilası saplaqları qoparılmadan saxlamağı tövsiyə edirlər. Bu, meyvənin daha uzun müddət təzə qalmasına kömək edir.

Meyvələri necə düzgün yumaq lazımdır?

Meyvələri istifadə etməzdən əvvəl axar soyuq suyun altında yaxşıca yumaq kifayətdir. Üzərindəki görünən çirk və toz təmizləndikdən sonra onları kağız dəsmalla qurulamaq məsləhət görülür.

Mütəxəssislər meyvələrin sabun, yuyucu vasitə, sirkə və ya digər kimyəvi maddələrlə yuyulmasını tövsiyə etmirlər. Bu maddələrin qalıqları meyvənin üzərində qala və sağlamlıq üçün risk yarada bilər.

Bundan əlavə, meyvələri soyuducuda plastik qab əvəzinə şüşə qabda saxlamaq onların daha uzun müddət təzə qalmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar