Epilepsiya xəstəliyi necə yaranır? - CAVAB
03 dekabr 2022 11:36 (UTC +04:00)

Epilepsiya xəstəliyi necə yaranır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu epilepsiya xəstəlikləri ilə bağlıdır.

Epilepsiya - təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir. Xəstəliyin ən xarakterik təzahürü motor, duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan qıcolmalardır. Epileptik tutmaların tezliyi ildə bir dəfədən gündə bir neçə dəfəyə qədər dəyişə bilər.

Maraqlıdır bəs, epilepsiya xəstəliyi nədən yaranır?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev açıqlama verib.

Onun sözlərinə görə, epilepsiya xəstəliyinin formalarını (növlərini) onları törədən səbəblərə görə iki böyük qrupa bölmək olar:

"İdiopatik epilepsiyalar və simptomatik epilepsiyalar. «İdiopatik» sözünün mənası səbəbi məlum olmayan deməkdir. Yəni, idiopatik epilepsiyası olan xəstədə epilepsiyanın səbəbi hansısa məlum olan digər xəstəlikdən (məsələn, kəllə travmasından, şişdən və ya beynin iltihabi xəstəliyindən) irəli gəlmir. Təbiidir ki, idiopatik epilepsiyalar səbəbsiz deyil, onların da səbəbləri mövcuddur. İdiopatik epilepsiyalarda genetik (irsi) faktorların əsas rol oynadığı məlumdur.

Epilepsiya ilə irsiyyət arasında olan əlaqələri həddindən artıq mürəkkəb olduğunu yadda saxlamaq lazımdır. İdiopatik epilepsiyaların əksəriyyətinin irsən keçmə mexanizmləri bəzi başqa əlamətlərin (məsələn, qan qrupu, göz rəngi və s.) irsən keçməsi kimi sadə deyil. Yəni, xəstənin valideynlərdə epilepsiyanın olmaması epilepsiyanın səbəblərin irsiyyətində olduğunu inkar edə bilməz. Əksinə, idiopatik epilepsiyadan əziyyət çəkənlərin böyük qisminin ailələrində başqa epilepsiya xəstələri aşkar olunmur. Bundan başqa, idiopatik epilepsiyanın başlanmasında irsi amillər mühüm rol oynasa da, ətraf mühitin təsirləri də vacibdir. İdiopatik epilepsiyaların əksəriyyətində irsən keçən məhz epilepsiya xəstəliyi deyil, epilepsiya xəstəliyinin başlanmasına müəyyən meyillilikdir. Həmin bu irsi meyilliliyin üstünə ətraf mühitdən “zərbə” (travma, hipoksiya və s.) gəlirsə, epilepsiya xəstəliyi başlayır.

Simptomatik epilepsiya məlum olan digər beyin xəstəlikdən irəli gəlir. Beyni zədələyən bir çox xəstəlik simptomatik epilepsiyaya təkan verə bilər. Bütün çəkilən və onlarla çəkilməyən xəstəliklər beyin toxumasını zədələyərək epilepsiyaya səbəb ola bilər və bu şəkildə yaranan epilepsiya simptomatik epilepsiyalar qrupuna aid olacaq".

Həkim eyni zamanda bu xəstəliyin diaqnozunun necə qoyulması ilə bağlı da danışıb: 

"Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkimə epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə imkan verir.

Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə üsulu elektroensefaloqrafiyadır. EEQ müayinəsi epileptik aktivliyi aşkar etmək, onun formasını, tezliyini və lokalizasiyasını müəyyən etmək üçün aparılır. Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar edir.

Başqa müayinələrdən maqnit-rezonans tomoqrafiyasını (MRT) qeyd etmək lazımdır. MRT müayinəsi beynin “şəklini” göstərir. MRT şəklində beynin formasındakı dəyişikliklərin aşkarlanması epilepsiya diaqnozunun qoyulmasını asanlaşdıra bilər. Məsələn, MRT-də aşkarlanan hippokampın (dəniz atı qırışının) sklerozu gicgah epilepsiyasının təsdiqi kimi qəbul oluna bilər".

Bəs, epileptik tutma zamanı ilk hansı yardım göstərilməlidir?

"Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu çıxartmaq lazımdır.

Həmçinin xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər. Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə - fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s. Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları “xəstənin dili qatlanıb, ağzı kilidlənib və o boğula bilər” deyə düşünürlər və barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə, ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili “qatlanmaz”. Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın. Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə əmrləri (“Sağ əlini qaldır!”) və sualları (“Adın nədir?”, “Neçə yaşın var?”) verilməlidir".

# 3705
avatar

Fidan İlqar

Oxşar yazılar

Bütün günü yatsanız,  bədəninizə nə olar?

Bütün günü yatsanız, bədəninizə nə olar?

20 aprel 2024 , 19:21
Xərçəngdən qorunmağın SADƏ YOLU

Xərçəngdən qorunmağın SADƏ YOLU

20 aprel 2024 , 15:43
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

20 aprel 2024 , 14:47
Niyə hər gün darçın istehlak edilməlidir?

Niyə hər gün darçın istehlak edilməlidir?

20 aprel 2024 , 14:14
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

20 aprel 2024 , 13:42
Dondurma sağlamlığa zərərlidir?

Dondurma sağlamlığa zərərlidir?

20 aprel 2024 , 11:19
 Öskürək və köpün   dərmanı - Razyana

Öskürək və köpün dərmanı - Razyana

20 aprel 2024 , 10:13
Çay necə zəhərə çevrilir?  - Bu içkini nə zaman içməlisiniz?

Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?

20 aprel 2024 , 09:41