Zaur Rzayev  kimdir?  - Heydər Əliyevin kapitan rütbəsi verdiyi müğənni
30 oktyabr 2026 11:54 (UTC +04:00)

Zaur Rzayev kimdir? - Heydər Əliyevin kapitan rütbəsi verdiyi müğənni

0

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev 74 yaşında vəfat edib.

Lent.az Bioqrafiya rubrikasında onun haqqında məlumatları təqdim edir.

-Zaur Rzayev kimdir?

Zaur Əlihüseyn oğlu Rzayev Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti idi.

-Zaur Rzayev nə vaxt və harada anadan olub?

O, 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olub. -

-Zaur Rzayev uşaqlıq illərini harada keçirib?

Onun ailəsi o, hələ uşaq olarkən Hacıqabula köçüb.

-Onun təhsil həyatı necə keçib?

Zaur Rzayev Hacıqabulda, 5 nömrəli orta məktəbdə təhsil alıb. Səkkizinci sinfi bitirdikdən sonra Bakıya gələrək təhsilini əvvəlcə Bakı Kitabxanaçılıq Texnikumunda, daha sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etdirib. 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub və peşəkar musiqi təhsilini davam etdirib.

-Zaur Rzayevin müəllimləri kimlər olub?

Müğənni müxtəlif dövrlərdə görkəmli xanəndələr Xan Şuşinski və Hacıbaba Hüseynovdan dərs alıb. 

-O, sənətə necə başlayıb?

Müğənni gənc yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında solist kimi çıxış edib. Daha sonra Azərbaycan Dövlət Mahnı Teatrında fəaliyyət göstərib. O, 1970-ci illərdə özünəməxsus səsi və ifa tərzi ilə tanınmağa başlayıb.

-Zaur Rzayev hərbi musiqi sahəsində hansı vəzifələrdə çalışıb?

1976-cı ildə Bakı Zabitlər Evində hərbi xidmətə başlayan Zaur Rzayev burada solist və Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərib. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

-O, hansı mahnıları ilə məşhurlaşıb?

Sənətkarın repertuarında “Dilbərim”, “İl nə gözəldir”, “Könlüm səndən ayrılanda”, “Getdi yar”, “Cavanlığım”, “Axtarma məni”, “Durna qatarı”, “Qara gözlər”, “Əziz dostum”, “Xatirəsən yar” və digər mahnılar yer alıb. Xüsusilə “Dilbərim” onun sevilən ifalarından biri olub.

-Zaur Rzayev hansı fəxri adlara layiq görülüb?

Müğənni 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Bundan başqa, 2000-ci ildə Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi adını alan ilk azərbaycanlı olub, 2008-ci ildə isə Xalq artisti adını alıb.

-Zaur Rzayev səhnə fəaliyyətinin neçə illiyini qeyd edib?

2019-cu ildə Heydər Əliyev Sarayında sənətkarın səhnə fəaliyyətinin 50 illiyinə həsr olunan tədbir keçirilib

-Müğənninin ailə həyatı necə olub?

O, ailəli olub. Nadir və Azər adlı iki oğlu var. Oğullarından Azər Rzayev də sənət sahəsində fəaliyyət göstərir və Əməkdar artist fəxri adına layiq görülüb. 

-Müğənni hansı səbəbdən əvvəl yaşadığı evdən köçməli olub?

Zaur Rzayev Bakının Əhmədli qəsəbəsindəki ilk mənzilində yaşayarkən qadın qonşusu hər gün eyvandan qarğış edirmiş.

Maraqlıdır ki, qadının oğlunun da adı Zaur olub. Sənətkar həmin qarğışların əslində özünə ünvanlandığını düşündüyünü bildirib. Müğənninin sözlərinə görə, hadisələr o qədər təkrarlanıb ki, sonda mənzilini satıb başqa ünvana köçüb.

-Zaur Rzayevə kapitan rütbəsi necə verilib?

Onu Respublika Sarayında keçirilən konsertlərin birində çavuş kimi təqdim ediblər. Konsertdən sonra Heydər Əliyev onun rütbəsi ilə maraqlanıb. Bundan sonra ali musiqi təhsili nəzərə alınaraq müğənniyə kapitan rütbəsinin verilməsi barədə göstəriş verilib.

-O, nə vaxt vəfat edib?

Xalq artisti 29 oktyabr 2026-cı ildə, 74 yaşında Bakıda dünyasını dəyişib.

-Zaur Rzayevin ölüm səbəbi nə olub?

Müğənni son dövrlərdə ciddi səhhət problemləri yaşayırdı. O, sentyabr ayında qaraciyər sirrozu və onun ağırlaşmaları ilə əlaqədar xəstəxanada müalicə alıb. Oktyabrın 14-də vəziyyəti yenidən ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, oktyabrın 29-da saat 18:30-da onun ölümü qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar