Tarixdə ilk  yaşıl ulduz   aşkarlandı
30 oktyabr 2026 11:42 (UTC +04:00)

Tarixdə ilk yaşıl ulduz aşkarlandı

0

Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır.

Lent.az xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə WD J1330+6435 adlı obyekt cəlb edib.

Temperaturu təxminən 4000 dərəcə Selsi olan bu ağ cırtdan hesablamalara əsasən yaşılımtıl görünə bilər. Onun atmosferində kalsium, litium və natriumun izləri aşkarlanıb. Natrium spektrin narıncı hissəsindəki işığın bir qismini udur və nəticədə obyektin görünən rəngi dəyişə bilər.

Ağ cırtdanlar əsas nüvə yanacağı ehtiyatını tükədən ulduzların sıx qalıqlarıdır. Adlarına baxmayaraq, onların hamısı ağ rəngdə görünmür.

Araşdırmanın rəhbəri, Uorvik Universitetindən Mark Hollands bildirib ki, ağ cırtdanların mümkün rəng müxtəlifliyi indiyədək bu qədər ətraflı öyrənilməyib. Əksər ulduzların rəngini əsasən temperatur müəyyənləşdirsə də, bəzi ağ cırtdanların atmosferindəki maddələr işığın müəyyən dalğa uzunluqlarını udaraq qeyri-adi çalarlar yarada bilir.

Tədqiqatda çəhrayı və sarı rəngdə görünə bilən obyektlərə də diqqət yetirilib. Məsələn, Yerdən təxminən 48 işıq ili uzaqlıqda yerləşən WD J1011+2845 karbonlu atmosferinin xüsusiyyətlərinə görə somon rənginə bənzəyən çəhrayı çalara malik ola bilər.

Alimlərin hesablamaları ağ cırtdanların görünüşünün əvvəllər düşünüldüyündən daha müxtəlif ola biləcəyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar