Tatu piqmentləri dəridə qalmır, bədən boyunca miqrasiya edir, limfa düyünlərində toplanır və immunitet sisteminə təsir göstərir.
Lent.az xəbər verir ki, bu barədə tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc edilib.
Siçanlar üzərində aparılan tədqiqat döymələrin yalnız lokallaşdırılmış müdaxilə olduğu anlayışına qarşı çıxır. Tədqiqatçılar nümayiş etdiriblər ki, həll olunmayan mürəkkəb hissəcikləri tətbiq edildikdən sonra limfa sisteminə keçir və immun hüceyrələri ilə qarşılıqlı əlaqədə olan düyünlərdə saxlanılır.
Təcrübə zamanı heyvanların pəncə yastıqlarına qara, qırmızı və yaşıl mürəkkəblə döymə vurulub. Alimlər yüksək həssas mikroskopiyadan istifadə edərək piqmentlərin yolunu izləyiblər və bəzi hissəciklərin ilk bir neçə saat ərzində yaxınlıqdakı limfa düyünlərinə çatdığını aşkarlayıblar. Orada onlar makrofaqlar - immunitet reaksiyasında əsas rol oynayan hüceyrələr tərəfindən qəbul edilib.
Bir gün sonra limfa düyünlərindəki makrofaqların sayı kəskin şəkildə azalıb. Bu, bəzi hüceyrələrin mürəkkəblə təmasdan sonra öldüyünü göstərir. Piqmentlərin özləri isə ən azı iki ay boyunca düyünlərdə qalıb.
Tatu nahiyəsinə COVID-19 əleyhinə peyvənd vurulduqda, antitellər zəifləyib. Təsirsiz hala salınmış qrip peyvəndi tətbiq edildikdə isə, əksinə, makrofaqların ölümü ilə müşayiət olunan yerli iltihab immunitet reaksiyasını gücləndirib.
Müəlliflər vurğulayırlar ki, bu nəticələri insanlara birbaşa tətbiq etmək hələ tezdir. Bununla belə, döymə piqmentlərinin immunitet sisteminə uzunmüddətli təsirləri hələ tam öyrənilmədiyindən, tatu bölgəsinə peyvənd etməmək və ümumiyyətlə ehtiyatlı davranmaq tövsiyə olunur.