Hadı Rəcəbli Lent.az-a yazır: Toylarımız
15 noyabr 2012 15:42 (UTC +04:00)

Hadı Rəcəbli Lent.az-a yazır: Toylarımız

Əgər tarixə nəzər salsaq, dünya nikah ənənələrini öyrənsək görərik ki, toy şənliklərinin baş məqsədi nikahın rəsmiləşdirilməsi, cəmiyyətə elan edilməsidir. Qohum-əqrəba da toy şənliklərinə xeyir-dua vermək niyyəti ilə gəlirlər, eyni zamanda bir yerə yığışan bu insanlar ünsiyyətdə olur, bir-biri ilə maraqlanır, sevinclərini bölüşürdülər. Eyni zamanda qədimdə də bəzən insanlar pay gətirib, evlənən cavanlara hədiyyələr veriblər.

Toyun xərci dərd olub

Mən hansı məsələyə diqqət çəkmək istəyirəm? Toylarımızda nəmər məsələsi əvvəllər də olub və bu, sonradan dəbə çevrilib. Hətta biz kəndlərdə, rayonlarda əmilərdən, dayılardan görmüşük ki, nəmər siyahısı olurdu. Sonradan nəmər salan o adamın toyu olanda həmin siyahını götürüb qaldırardılar və gələn ada nə qədər nəmər salıbsa, bu da gedib onun toyunda o qədər nəmər salardı. Burada da məqsəd həmrəylik prinsipi, gənc ailənin bünövrə tutması, eyni zamanda bütün kəndin bu mərasimdə iştirak etməsi üçün bir element idi. Yəni yeni ailə quran gənclərə ilk mərhələdə böyük mənada dəstək verilməyə çalışılırdı.

Həm də qız övladı dünyaya gələndən ailə ona cehiz yığmağa başlardı. Yorğan, döşək düzəldər, xalça toxuyar, cehiz yığardılar. Oğlana gəlincə, məsələn, Şəki-Zaqatala zonasında oğlan uşağı anadan olanda həyətdə çinar ağacları əkərdilər ki, həmin oğlanın toyunda ağacları kəsib, yeni tikiləcək evində istifadə etsinlər. Yaxud evin yanında bir ev də tikərdilər ki, oğlum evlənəndə gəlini o evə gətirsin. Oğlanın toyunda kəsmək üçün mal-qara da saxlayardılar. Beləliklə, o dövrlərə nəzər salsaq, görərik ki, toyun maliyyələşməsində də ata-babalarımızın atdığı uzaqgörən addımlar olub. İndiki dövrdə də oğlan uşaqları dünyaya gələndə əmanət kassalarına pul qoyanlar var ki, gələcəkdə ona ev almaq, digər problemlərinin həlli üçün istifadə etmək mümkün olsun. Bütün bunlar toyun maliyyələşməsi üçün gözəl addımlardır.

Ancaq bu gün başqa reallıqlar var. Bu gün bizim qonşularımızda, nə Türkiyədə, nə İranda, nə Rusiyada, nə Gürcüstanda belə toy mərasimləri keçirilir. Bu ölkələrdə toy mərasimləri bir-birindən fərqlənir. Bu gün Azərbaycan təmtərağına, varlığına, şadlıq evlərinin səviyyəsinə görə dünyada yeganə ölkələrdən birinə çevrilib. Dünyanın heç bir yerində toy üçün şadlıq sarayı tikilmir. Görün Azərbaycanda nə cür vəziyyət yaranıb ki, biz mağarı şadlıq sarayı formasında tikirik və bu mağarın içində ancaq toy mərasimləri keçirilir. Məsələn, qonşu Türkiyədə də, İranda da toylar restoranlarda, hotellərdə keçirilir, şadlıq evlərinin tikilməsi ənənəsi yoxdur. Bu gün şadlıq sarayı formasında “Səadət” sarayları tikirlər. Əvvəllər də Bakıda Səadət Sarayı vardı. Nikah Səadət Sarayında qeydə alınırdı, orada 30 nəfərlik xüsusi banket də təşkil olunurdu, İsveç masası formasında süfrə də açılırdı. İndi vəziyyət necədir?

Şadlıq saraylarında keçirilən toy mərasimlərinin maliyyələşmə məsələsində hansı problemlərin ortaya çıxdığını qeyd etməkdən əvvəl bir məqama da toxunmaq istəyirəm. İmkanlı ailələrdə uşaqların sayı azalır. İki uşaqdır, valideyn deyir ki, arzum var, övladları üçün hər cür şərait yaradacam, əziyyət çəkməsinlər. Bəzən həmin uşaqların qurduğu ailələrin bünövrələri o qədər rahat qoyulur ki, həqiqət heç bir əziyyət çəkmirlər. Hazır ev, maşın verilir, qız evi cehizlə evi doldurur, bu cavanların özlərinə nə isə etmək üçün stimul qalmır. Stimul əvəzinə mübahisə, təkəbbür, gərginlik ortaya çıxır.

O da bəllidir ki, bizim sosial durumu zəif olan ailələrimiz də var. İndi gəlin görək şadlıq evlərində nə baş verir? Şadlıq evlərində ilk eybəcər məqam odur ki, toy edənlərə diktə formasında deyirlər ki, menyumuz budur, başqa xörək vermək olmaz, tutaq ki, adambaşına 100 manatdır. Süfrənin də üstünə arağı, çaxırı doldururlar, toydan sonra qalan ərzağın heç birini də adama vermirlər, yeməkdən də evə aparmaq olmaz. Sabah həmin şadlıq sarayında toy edən başqasına da elə qalan içkiləri, yeməkləri verirlər. Bu, çox eybəcər bir formadır və buna qarşı da mübarizə aparmaq lazımdır. Düzdür, bu gün bahalı şadlıq evləri ilə bərabər ucuz şadlıq evləri də var. Amma bütün hallarda şadlıq evi menyunu diktə edəndə bütün qaydalar pozulur. Əlbəttə, o halda toy sahibi ziyana, borca düşür. Cəmiyyətdə də haqlı olaraq belə rəy formalaşıb ki, toy şadlıq evinin sahibi üçün edilir. Toyda daha çox mənfəət qazanan şadlıq evinin sahibi olur.

Şadlana da bilmirik

Həm də şadlıq evlərində insanların şadlanması üçün nə var? Əvvəllər toy mərasimləri gecə gec saatlara qədər davam edib, heç kəs toydan tez çıxıb getməyə can atmayıb. Ancaq indi şadlıq evlərində necə vəziyyət yaranır? Əgər süfrə arxasında oturanlar bir-biri ilə danışa bilmirlərsə, burada hansı şadyanalıqdan, mədəniyyətdən söhbət gedə bilər?! Toylar məşəqqətxanaya çevrilib, ailəsi ilə toya gedən adam 1 saatdan sonra başını götürüb qaçır. Toylarımızın çoxundan adamlar axşam saat 10-dan tez gedir, məclisdə çox az adam məcbur olub qalır. Səbəb hay-küy, səsdir. Ola bilər ki, toyun səs-küylü məqamı olsun, bəzən cavanlar rəqs edə bilərlər. Ancaq 15 dəqiqə rəqs etdilər, 5 dəqiqə sakit oturmalıdırlar ki, insanlar söhbət edə, bir-birindən əhval tuta bilsinlər. Görürsən ki, bir müğənni o toydan çıxıb bu toya gəlir, bu toydan da o biri toya gedəcək. Yarım saat vaxtı olduğu üçün tez oxuyur, adamların beynini xarab edir, çıxıb gedir. O birisi də təcili onun arxasınca gəlir.

Bəzən görürsən ki, toy sahibləri bəhsə girir. Vəzifəli, pullu insanların var-dövlətini, imkanlılığını camaatın gözünə soxması mədəniyyətsizlikdir. Süfrənin üzərini müxtəlif cür yeməklə doldurub, töküb… Hətta toylarda gül, gəlin paltarı məsələsində hədlər aşılır, eybəcər forma ortaya çıxır.

Bir də görürsən ki, axşam saat 10-da balaca uşaqları çıxarırlar, “qanadlı mələklər” gəlir. Bu da eybəcər bir haldır. Yaxud guya rəqslə plov gətirir, Azərbaycan mili rəqsi ifa olunur. Bunların bəziləri ssenari ilə edilir, yaxşı olur. Ancaq bəzən eybəcərliklər də olur. Hətta bəzi hallarda plov gətirilən zaman rəqqaslar çıxır, Hindistan, İran rəqsləri ifadə edir, sonda da Azərbaycan mili rəqsi edirlər. Bütün bunların hamısı da cəmiyyəti qıcıqlandıran məsələlərdir.

Çıxış yolları nədir?

Çıxış yolları

Mənə deyirlər ki, Hadi müəllim, qanun qəbul edin. Tacikistandan misal gətirirlər. Tacikistanda prezident İmoməli Rəhman fərman verib ki, məsələn, toyda bir növdən artıq yemək vermək olmaz, bəylə gəlini 6 maşın müşayiət etməlidir, toyda 80 nəfərdən artıq adam ola bilməz, toyda da musiqini bir adam çala bilər, onun da səsi belə olmalıdır. Ancaq bu gün Azərbaycan reallıqlarında bunu etmək olmaz axı! Bu gün insanlar toyu müxtəlif cür keçirmək istəyirlər. Bütün hallarda bu sahədə nümunələr olmalı, örnək addımlar atılmalıdır. Örnək toylar keçirilməli, var-dövləti gözə soxmamaq mədəniyyəti formalaşmalıdır. Daha sadə, formaca rahat toylar keçirmək lazımdır. Məsələn, “Buta”-da belə toylar keçirilir, insana ləzzət verir. Süfrə arxasında danışmaq da olur, rəqs də edə bilirsən. Eyni zamanda mədəniyyətsiz süfrə də yoxdur.

Hesab edirəm ki, şadlıq evləri mütləq Mədəniyyət və Turizm Nazirliyinin verəcəyi lisenziya əsasında fəaliyyət göstərməlidir. Qoy Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alsınlar.

İkincisi, akustika, səs məsələləri ilə bağlı toy sahiblərinin də öhdəsinə müəyyən məsələlər düşür. Toyu sifariş edən adamlar musiqiçilərlə də, səslə də mübarizə aparmalıdırlar. Deməlidir ki, mənim toyumda belə səs-küy olmasın, belə qaydada olsun. Burada akustika məsələsi də ortaya çıxır. Bu, dəhşətli bir məsələdir. Bu gün sanitar-epidemiologiya xidmətlərinin belə bir funksiyası var ki, toyda səsin detsebalı yüksək olarsa, şadlıq sarayına qadağa qoya bilər. İndi toy zamanı şadlıq sarayını bağlamasın, sabah gəlib şadlıq evinə xəbərdarlıq etsin ki, səsi düzəltməsən, şadlıq evi kimi fəaliyyətinə imkan verilməyəcək. Belə olarsa, şadlıq evlərində toylarda səs tənzimlənər. Üçüncüsü, toy edən adamlar bəhsə girməməli, bahalı musiqiçilər gətirməməlidirlər. Düşünməlidir ki, hesabımı aparım, balamın toyudur, arzumdur, elə edim ki, toydan sonra onu borc-xərc içində saxlayım?!

Valideynlərin düşünməli olduğu məqamlar

Narahatlıq doğuran başqa məqamlar da olur. Tutaq ki, valideyn deyir ki, filankəs oğlu üçün belə etmişdi, qızına belə cehiz vermişdi! Gənclərin valideynləri fikirləşməlidirlər ki, yeni ailənin bünövrəsi qoyulur, həddini aşmaq, töküb-saçmaq düzgün deyil. İndi bəzi mətbuat orqanları da yazır, mənim oğlum da bir qızı sevir, o ailə ilə tanış olmuşuq, xoşuma gələn ailədir. Söz-söhbət etməyən, nə gətirilər, nə apardılar, bu haqda düşünmürlər. Düşündüyümüz odur ki, balalarımız xoşbəxt olsunlar, bir-birlərini yola verə, bir-birlərinə güzəştə gedə bilsinlər. Nə qədər adam toyda olacaq, nə yeyəcəklər?! Həyat yoldaşımla süfrədə bir neçə növ yemək olanda utanırıq, bu nədir, vəhşilikdir! Qonaq gələndə də, qonaq gedəndə də, sadə süfrədə bir tikə çörək yeyirik, nə olmalıdır ki?! Mən qonaq getdiyim evdə rahat yemək olur, o qədər sevinirəm ki, bir tikə çörək yeyirəm, məmnun oluram. Bugünkü toylarımızda isə israfçılıq olur, ailələr əziyyət çəkirlər. Bir kasıb bir varlı evdən qız alanda çalışır ki, varlıya uyğunlaşsın. Uyğunlaşa da bilmir, problem olur. Gərək münasibətlər elə qurula ki, varlı ev də başa düşə. Atalarımız da deyiblər ki, “Yorğanına bax, ayağını uzat, özünə bax, xanım tap”. Yəni sənə bab, sosial durumu yaxın olanda daha yaxşı olur.

Bizi tez-tez xeyriyyə toylarına çağırırlar. Elə olur ki, gündə 4-5 toya gedirik. Gün olur ki, mənə 10 dəvət gəlir. Bizim də məsələmiz çətindir axı! Xarici ölkələr var ki, deputat toya bir dəstə çiçəklə gedir. Bizim deputat toya gedib nəmər salmayanda necə olar?! Yəni əvvəllər nəmər salmaqla bağlı həmrəylik prinsipi də mahiyyətini, məqsədini itirir.

Ənənələrimiz unudulur, boşanmalar artır…

Yeri gəlmişkən, əvvəllər toyu aparan adamlar olurdu. Kəndlərimizi yada salaq, mağarda nə olardı? Mağarda musiqi olardı, mikrofon olmazdı, beyni oynatmazdı, yemək yeri də ayrı olardı. Toyda sərpayı olardı, vədə almaq, dəvət etmək institutu vardı. Xüsusi vəhd alanlar vardı, evlərə noğul aparardılar ki, filankəsin oğlunun toyudur. Dəvətnamə aparmazdılar, gəlib deyərdilər ki, filankəsin qızının toyudur. İndi dəvətnamələr formalaşır, yeni-yeni elementlər yaranır. Yaxud bölgələrimizdə sağdış, soldış, yengə və s. məsələsi vardı, indi o element də toylarda sıradan çıxır. Bütün hallarda o tarixi elementləri, ünsürləri təbliğ etmək lazımdır, tam aradan çıxardılmamalıdır. Bu, bir mərasimdir. İstər-istəməz bu mərasim gözəl, maraqlı, tərbiyəvi, ruhu qaldıran olmalıdır. Həm də ona təəssüf edirəm ki, heç kim gedib Türkiyədən, lap elə qonşu İrandan öyrənmir. Gürcüstandan da öyrənmək olar. Rus toyları da fərqlidir, daha az adam olur. Ukraynada kənd yerində çox gözəl toy mərasimlərinin təşkil edildiyini görmüşəm, adətləri var. Gəlin evə gələndə gecə saat 3-dən sonra ev paltarı, xələt geyinir, yəni ailənin üzvü olur. Bunların hamısı gözəl adət-ənənələr, atributlardır.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Əvvəllər boşanma fəlakət olardı, indi adiləşib. Əvvəllər gəlin gedən qıza deyərdilər ki, bu evdən sənin “ölün” çıxmalıdır. Söhbət ölməkdən getmirdi. Söhbət qızın gəlin getdiyi evdə qocalıb, nuraniləşib ömrünü orada başa vurmasından gedirdi. Bu gün biz deyirik ki, nikaha daxil olan gənclər mütləq əmlak müqaviləsi bağlasınlar. Bu, niyə vacibdir? 2011-ci ildə ölkədə 88 min 151 nikah qeydə alınıb, 10 min 801 nikah pozulub. Bu, Azərbaycan üçün böyük rəqəmdir. Boşanmanın əziyyətini də xanımlar çəkir. Evsiz qalırlar, 1-2 uşaqla qalanları var. Digər tərəfdən, nikaha girənlərin 13 faizinin uşağı olmur və uşaq olmamağa görə boşanmalar var. Kasıblığa görə boşanmalar ən minimal həddədir. Harınlıqdan boşanma isə daha yüksək səviyyədədir, 60 faiz qudurğanlıqdan boşanır. Mənim dədəm onu verdi, sənin dədən bunu aldı… Ev ayrı, tək olurlar, gündə boğuşurlar, ərköyün uşaqlardır, bir-birinə güzəştə gedə bilmirlər.

Bəzən hesablanmış nikahlar da olur. Vəzifəli vəzifəlinin qızını alır, pullu ailəyə görə evlənmə halları olur. Belə yanaşma da yanlışdır. Bəzən görürsən ki, ailə quran qızlar flirt elementini bilmirlər, qaynana-gəlin münasibətlərini necə tənzimləməyi, oğlan evinin qohumları ilə necə dil tapmağı bilmirlər. Bu məsələlər nikaha girənlərə bir ay müddətində öyrədilməlidir. Bizim gənc ailənin sosial müdafiəsi haqqında qanunda bu şeylər də var. Yəni nikaha girən gənclər nikaha hazırlanmalıdır. Gənclər ailədə evdə hazırlanmalıdır. Buna görə də VVAQ şöbələrində bir aylıq kurslar olmalı, yeni ailə quracaq gənclər axşamlar bu kurslara getsinlər. Oğlana desinlər ki, qızla necə davranmaq lazımdır, qızın nazı ilə oynamaq gərəkdir. Yaxud el arasında deyildiyi kimi, qız da sözünə şəkər qatmalıdır.

Kim nə deyir-desin, boş söhbətdir, boşanan qız da, oğlan da bədbəxtdir, bir nisgil qalır. Oğlanın qızın yanında bir məhəbbəti qalır, sonradan evləndiyi xanım həmişə onu yada salır. Qızın da sonradan ərə getdiyi kişi deyir ki, sən filan vaxt ərə getmişdin, belə oldu. Bütün bunlar problemlər yaradır. Uşaq olanda bir az da pis olur. Ona görə də nikahın mütləqliyinə nail olmaq lazımdır.

Onu da deyim ki, Rusiyada nikahların 50 faizi pozulur, dəhşətdir. Amma Avropada boşanma yoxdur, çünki vətəndaş nikahıdır. İllərlə yaşayırlar, nikaha girmirlər. Görürsən ki, 4 uşaqları var, uşaqları evlənəndən sonra nikaha girirlər. Bunu o cəmiyyət normal qəbul edir. Azərbaycan reallıqlarına gəlincə, biz çalışmalıyıq ki, ailələri qoruyaq, ailələrin möhkəm olmasına çalışaq. Ailənin bünövrəsinin möhkəm olması üçün sosial məsələlər səbəbdir, amma əsas səbəb deyil. Biz də kasıb olmuşuq, evlənmişik, necə olub? Yavaş-yavaş hər şey yoluna düşüb. Ancaq toyda borca düşən gənc ailə axsaya-axsaya qalır. Ona görə də toy zamanı ağsaqqaldan, böyükdən məsləhət alınmalıdır. Yoxsa cavan adam yığdı ki, toy edirəm, camaatı tökür, xərci artıq edir… Mən səviyyədə olan adamlar tanıyıram ki, hesablamayıb, toy edib, sonra borclu qalıb. O başqa məsələdir ki, bəli, bu gün nəmərsiz toy edən vəzifəli adamlar da var. İmkanları var, uşaqlarına toy edir, istədiyi adamları da çağırırlar, nəmər də istəmirlər.

Onu da nəzərə çatdırmaq istəyirəm ki, biz qanunverici orqan olaraq gənc ailənin də sosial müdafiəsi üçün bəzi şeylər fikirləşmişik. Faizsiz ipoteka krediti barədə fikirləşirik ki, gənc ailə bünövrə qursun. Düşünürük ki, iş yerlərində iki gəncdən birinə kvota verilsin, iş yeri yaradılsın…
# 4194

Oxşar yazılar

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05