Subasmadan zərər çəkənlərə kompensasiya verilir
03 avqust 2010 19:30 (UTC +04:00)

Subasmadan zərər çəkənlərə kompensasiya verilir

0
Sabirabad rayonunda zərər çəkmiş 700-dək evin sahibi kompensasiya alacaq

Mayı ayında Kür və Araz çayı ətrafında baş vermiş subasmadan zərər çəkmiş vətəndaşlara kompensasiyaların verilməsinə başlanıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış hökumət komissiyası zərər çəkmiş evlərə baxış keçirdikdən sonra avqustun 1-dən kompensasiyaların ödənilməsi barədə qərar qəbul edib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırov Lent.az-a bildirib ki, artıq həmin vəsaitlər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, subasmadan zərər çəkənlərin hesabına köçürülür. Onun sözlərinə görə, hökumət komissiyası subasma zonasına baxış keçirdikdən sonra Sabirabad rayonunda zərər çəkmiş 700-dək evin sahibinə kompensasiyaların verilməsi barədə qərar qəbul edib. Tamamilə su altında qalan və ciddi ziyan çəkmiş evlərdə yaşayan ailələr üçün isə yeni evlər tikiləcək.

Xatırladaq ki, Kür çayının daşması nəticəsində Sabirabadda ən çox ziyan çəkən yaşayış məntəqəsi Azadkənd kəndi sayılır. Təbii fəlakət nəticəsində bu kənddə 107 ev tamamilə uçub, 208 evə ciddi ziyan dəyib. Həmçinin kənd camaatına məxsus meyvə ağacları, əkin sahələri, çoxlu sayda mal-qara və toyuq-cücə məhv olub. Hökumət komissiyası baxış keçirdikdən sonra kənddə uçmuş 107 evin hər birinin əvəzində yeni evlərin tikintisi nəzərdə tutulub. Yerdə qalan 208 evin isə hər birinə ziyanın miqyasına görə 400-800 manat məbləğində kompensasiya verilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar