Mediada dil faktoru müzakirə olundu - FOTO
14 iyul 2011 17:09 (UTC +04:00)

Mediada dil faktoru müzakirə olundu - FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsi çərçivəsində “Mediada dil faktoru” mövzusunda dəyirmi masa keçirilib.


Mətbuat Şurasından Lent.az-a daxil olan məlumata görə, tədbiri Şura sədri Əflatun Amaşov açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib.


Ə. Amaşov deyib ki, ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinliklər yaşanmaqdadır: “Əlbəttə bilərəkdən və siyasi məqsədlərin təminatına hesablanmış jarqonlardan istifadə nisbətən arxa plana keçib. Amma sırf jurnalist yaradıcılığı baxımından nəzərə çarpan dil xətaları var ki, onlarla mübarizə vacib əhəmiyyət daşımaqdadır. İlk növbədə isə məsələyə ictimai diqqətin artırılmasına ehtiyac duyulmaqdadır. Mövcud layihə həmin ehtiyacın ödənilməsinə hesablanıb və KİV-lərin dil xüsusiyyətləri ilə bağlı problemlərinin aradan qaldırılmasına dəstək göstərilməsini nəzərdə tutur”.


Ə.Amaşov bildirib ki, KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək, yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindəndir. MŞ sədri, həmçinin, layihə çərçivəsində aparılmış monitorinqin nəticəsində əldə edilmiş statistik rəqəmlər barədə də məlumat verib.


Layihədə ekspert qismində iştirak edən, “Xalq qəzeti”nin şöbə müdiri, dilçi alim İlham Abbasov bildirib ki, layihə ilə bağlı həyata keçirilən başlıca iş ölkənin aparıcı, ictimai fikrə təsir göstərən KİV-lərinin monitorinqi olub. Monitorinqin ümumilikdə 40 qəzetdə aparıldığını vurğulayan İ.Abbasov konkret tendensiyalara diqqət çəkib: “Azərbaycan dili türk dillərindən biridir. Türkiyə türkcəsinə daha yaxındır, amma türk sözlərindən geniş istifadə müəyyən mənada dilimizin deformasiyasına gətirir. Qəzetlərdə korrektura ilə bağlı səhvlərin mövcudluğu diqqət çəkir. Bu baxımdan durğu işarələrinin düzgün işlədilməməsini göstərmək olar. Bəzən elə olur ki, eyni söz qəzetin bir səhifəsində bir, digərində başqa cür yazılır. Ümumən beynəlxalq səviyyədə işlədilən sözlərin dilimizə inteqrasiyasında da nöqsanlar var. Bütün bunların köklü səbəbi isə ədəbi dilin normalarına bələd olmamaqdır”.



Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Alxan Məmmədov qəzetlərdə dil xətalarını redaktorların səviyyəsinin aşağı olması ilə əlaqələndirib. Digər səbəb kimi tədrisin vəziyyətini önə çəkib. Onun bildirdiyinə görə, jurnalistika fakültəsində tələbələrə Azərbaycan dili fənn kimi birinci kursda keçilir, o da yalnız ilk semestrdə. Daha sonra isə mövcud sahədə boşluq yaranır. Nəticədə ortaya indi qarşılaşılan mənfi meyllər çıxır: “Əlbəttə burada orta məktəblərdə də tədrisin səviyyəsi məsələsini qeyd etmək vacibdir. Dilə sevgi ilk növbədə oradan başlamalıdır”.


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun nümayəndəsi Könül Həbibova çıxışında bildirib ki, müasir dövrdə dilimizdə geniş yayılmış problemlərdən biri morfoloji strukturda kobud səhvlərə yol verilməsidir. O, şəkilçilərdən düzgün istifadə edilməməsi ilə bağlı faktların çoxluğuna diqqət çəkərək KİV-lərdə xüsusən reklam, kommersiya məqsədli çarxlarda və lövhələrdə yanlışlıqlara yol verildiyini önə çəkib. K.Həbibova mediada Azərbaycan dilinin qorunmasına nəzarət edən ayrıca qurumun yaradılmasının vacibliyini vurğulayıb.


Mövzu ətrafında başqa şəxslər də çıxışlar edib, təkliflər səsləndiriblər.
# 456

Oxşar yazılar