“Parkda”kı fahişə,  özünü satan psixoloq  - Onlar kimə nə öyrədir?
16 may 2024 19:28 (UTC +04:00)

“Parkda”kı fahişə, özünü satan psixoloq - Onlar kimə nə öyrədir?

Azərbaycan Dövlət Kukla Teatrında əlilliyi olan şəxslərlə peşəkar aktyorların birgə iştirakı ilə böyüklər üçün “Parkda” tamaşasının ictimai baxışı keçirilib.

Lent.az “Tamaşaçı” rubrikasında bu tamaşa ilə bağlı təəssüratları bölüşür.

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyevadır. Cəmiyyətimizin bu gününə bir qadının baxışından nəzər salınıb tamaşada. Amma təkcə cəmiyyətin bu gününə deyil, eyni zamanda müxtəlif qadın talelərinə. Onların arasında ərindən sevgi gözləyib ala bilməyən varlı biznesmen arvadı da var, ailə həyatı qurmaq xəyalları ilə yaşayan deyingən, amma gözəl ürəkli süpürgəçi də, özünü psixoloq kimi təqdim edib əslində bədənini satan xanım da, ailəsinin günahları  üzündən  küçələrə düşmüş dürüst fahişə də.

Maraqlı obrazlar toplusudur deyilmi? Əsər əslində bu insanları bu günlərə gətirən səbəbləri açıqlayır, hamısında da günahkar nə zamansa xətaya yol vermiş ailələrdir.

Tamaşa əlilliyi olan insanların səhnəyə axını ilə başlayır. Onlar elə bizlərin, tamaşaçıların arasından çıxıb şəhərin hay-küyü fonunda səhnəyə keçirlər. Bu həvəskar aktyorların çoxu yeniyetmədir. Lakin rollarını çox böyük həvəslə ifa edir, inandırıcı görünürlər. Tamaşada inklüzivlik, əlilliyi olan şəxslərlə peşəkar aktyorların tandemi uğurlu alınıb, buna görə yaradıcı heyətə təşəkkür düşür.

Maraqlı ssenari var, həm düşündürür, həm güldürür, həm ağladır. Çünki bu tamaşaya baxan hər insan öz taleyindən, öz yaşantısından bir məqama mütləq rast gəlir.

Tamaşada tənqid olunası məqamlar da var. Məsələn, restoran səhnəsində ofisiant xanımın çıxışı bir qədər süni görünür, süpürgəçinin monoloqları maraqlı olsa da, bir qədər uzundur. Bununla belə, həmin məqamların ümumi fikri açmağa kömək etdiyi də hiss olunur.

Bu günə qədər yalnız epizodik rollarda gördüyümüz aktrisa Gülçöhrə Abdullayeva çox maraqlı aktyor oyunu sərgilədi, onu yeni nəzərlərlə, fərqli ampluada görə bildik.  Əməkdar artist Ülviyyə Əliyevanın oyunu tamaşaya xüsusi kolorit qatır. Murad və Aynur adlı ər-arvadın rollarını ifa edən aktyorların səhnəyə addım atmaları ilə gətirdikləri dava-dalaş, çılğınlıq, gərginlik o qədər inandırıcı görünürdü ki, hətta qəzəbli ərin bağırtıları qorxu yaradırdı.

Bu tamaşaya baxmaq lazımdır. Niyə? Çünki hər kəs bir ailədən çıxır və o ailələrin hərəsinin bir problemi var. “Parkda” tamaşası bu problemlərə güzgü tutur, zamanında həll edilməyən işlərin sonra hansı fəsadlar yaradacağını göstərir. Taleyin oyunlarından kim sığortalanıb ki?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5745
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar