Perfeksionizmə və rasional qərarlara meyillilik zaman keçdikcə dünyanın qeyri-rasional və xaotik olması ilə toqquşur.
Yüksək intellekt həyatda uğur qazanmağa kömək edə bilər. Lakin hətta çox ağıllı insanlar da bəzən müəyyən “həyat qaydalarını” düzgün anlamırlar və bunu çox gec dərk edirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar ağıllı insanların çoxunun həyatda gec öyrəndiyi 5 şeyi sadalayıb.
1. “Haqlı olmaq” xoşbəxt olmaq demək deyil
Ağıllı insanlar çox vaxt başqalarının onların haqlı olduğunu qəbul etməsinə nail olmağa çalışırlar və ya nəyinsə səhv edilməsi onları əsəbiləşdirir. Bu isə yaxın insanlarla xırda məsələlər üstündə mübahisələrə səbəb olur. Nəticədə belə davranış insanları uzaqlaşdıra və təkliyə gətirib çıxara bilər.
2. Hamı səni başa düşməyəcək
Ağıllı insanları tez-tez başa düşmürlər. Həqiqət isə ondadır ki, hər zaman öz fikrini hamıya izah etməyə çalışmaq lazım deyil, çünki bu, emosional olaraq insanı yorur. Sizi anlamayanları “maarifləndirməyə” çalışmaq əvəzinə, bəzən daha yaxşısı fikirdə bir olan insanlarla ünsiyyətə fokuslanmaqdır.
3. İnsanları dəyişməyə məcbur edə bilməzsiniz
Ağıllı insanlara kiminsə səhv davrandığı çox açıq görünür. Elə gəlir ki, həmin “bacarıqsız” adama bir neçə məsləhət versən, davranışını dəyişəcək və hər şey düzələcək. Amma reallıq budur ki, insan özü dəyişmək istəmədikcə, kənardan edilən kömək onu dəyişməyəcək.
4. Özünü tənqid etmək zərərli ola bilər
Bir çox ağıllı insanın çiyinlərində “uşaq dahiliyi” yükü olur – həyatın erkən dövründə hamının onların ağlını və istedadını tərifləməsi nəticəsində öz uğurları ilə bağlı qeyri-real məqsədlər və gözləntilər formalaşır. Daha yaxşı nəticələrə can atıb, hər zaman buna nail ola bilmədikdə, ağıllı insanlar depressiyaya və özünəqapanmaya düşürlər. Bu halda isə özünü tənqid etmək yalnız zərər verir.
5. Müdriklik hər zaman mürəkkəb olmur
Həmişə olmasa da, çox vaxt ağıllı insanlar hər şeydə dərinlik və ya gizli mənalar axtarırlar, halbuki əslində belə bir şey yoxdur. Onlar mövzuları həddindən artıq çətinləşdirə və sadə məsələləri mürəkkəb hala gətirə bilirlər. Amma həqiqət budur ki, əksər hallarda hər şey göründüyü kimidir və daha artığı deyil.