Uşaqlara bunu oxumayın   - Alimlər haqqında kitablar elmə olan marağı azaldır
28 avqust 2026 16:00 (UTC +04:00)

Uşaqlara bunu oxumayın - Alimlər haqqında kitablar elmə olan marağı azaldır

0

Bir çox valideyn övladında elmə maraq yaratmaq üçün məşhur alimlərin həyatından bəhs edən kitablar alır. Lakin araşdırmalar göstərir ki, belə kitablar düzgün yazılmadıqda uşağı həvəsləndirmək əvəzinə elmdən uzaqlaşdıra bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlar üçün yazılan alim bioqrafiyalarında çox vaxt onların anadangəlmə istedadı qabardılır, uzun illər ərzində çəkdikləri zəhmət, uğursuzluqları və təkrar cəhdləri isə arxa planda qalır. Nəticədə alimlər uşaqların gözündə əlçatmaz dahilərə çevrilirlər.

Kitablarda bəzən gələcək alimin hələ üç yaşında mürəkkəb tənliklər yazdığı və kiçik yaşlarından qeyri-adi qabiliyyətlər göstərdiyi qeyd olunur. Belə hekayələri oxuyan adi uşaq özündə eyni xüsusiyyətləri görmədikdə “mən heç vaxt belə ola bilmərəm” qənaətinə gələ bilər. Bu isə elmə marağın yaranmamış sönməsinə səbəb olur.

Halbuki elmi nailiyyətlər yalnız fitri istedadın deyil, uzunmüddətli zəhmətin, saysız-hesabsız səhvlərin, təcrübələrin və yenidən cəhd göstərməyin nəticəsidir. Məşhur alimləri yalnız anadangəlmə dahi kimi təqdim etmək özünü xüsusi istedada malik hesab etməyən uşaqların həvəsini azalda bilər.

Araşdırmada diqqət çəkən başqa bir məqam alimlərin elmə marağının sanki körpəlikdən mövcud olan dəyişməz xüsusiyyət kimi göstərilməsidir. Uşaq əvvəllər elmə böyük maraq göstərməyibsə, başlamaq üçün artıq gec olduğunu düşünə bilər. Əslində isə maraq istənilən yaşda, maraqlı tapşırıqlar, şəxsi təcrübələr və həvəsli insanlarla ünsiyyət nəticəsində yarana bilər.

Müxtəlif elm sahələri haqqında yazılan kitablar arasında da fərq müəyyən edilib. Fiziklər, mühəndislər və informatika mütəxəssislərinin bioqrafiyalarında onların təbii istedadından bioloq və ekoloqların həyatını əks etdirən kitablara nisbətən daha çox danışılır. Bu yanaşma dəqiq elmlərin yalnız “anadangəlmə dahilər” üçün olduğu təsəvvürünü gücləndirir.

Araşdırmanın ən narahatedici nəticələrindən biri qadın və kişi alimlərin uğurlarının fərqli təqdim edilməsidir. Qadın alimlərin nailiyyətləri daha çox çalışqanlıq, inadkarlıq və maneələri dəf etməklə, kişilərin uğurları isə fitri istedadla əlaqələndirilir. Belə mətnlər qızlarda elm sahəsində uğur qazanmaq üçün oğlanlardan daha çox çalışmalı olduqları fikrini yarada bilər.

Mütəxəssislər valideynlərə yalnız alimin nailiyyətlərini deyil, həmin uğura aparan yolu göstərən kitablar seçməyi məsləhət görürlər. Kitabda alimin səhvlərindən, şübhələrindən, uğursuz təcrübələrindən və uzun illər davam edən zəhmətindən də danışılmalıdır.

Uşağa elmin seçilmiş dahilərə məxsus olmadığı izah edilməlidir. Elm hər şeydən əvvəl maraq, səbir, çalışqanlıq, səhvlərdən nəticə çıxarmaq və yenidən cəhd etmək bacarığıdır. Alimlər haqqında kitablar yalnız çatılan zirvəni deyil, həmin zirvəyə aparan çətin yolu da göstərdikdə uşaqlar üçün həqiqi ilham mənbəyinə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar