Azərbaycanda BOŞ XƏSTƏXANALAR  - Bakıda 24 min, rayonda 8 həkim
04 dekabr 2025 14:09 (UTC +04:00)

Azərbaycanda BOŞ XƏSTƏXANALAR - Bakıda 24 min, rayonda 8 həkim

0

2025-ci ilin statistikasına əsasən, Azərbaycanda 35233 həkim çalışır ki, onların da 23905-i isə Bakıdadır. Rəqəmlərdən də görünür ki, çoxluq paytaxtı seçir. İlk baxışdan buranın ərazi və demoqrafik cəhətdən bölgələrdən böyük olması gözə çarpsa da, rayonlardakı həkim saylarına baxanda, bu fikir dəyişir. Hazırda 33-34 min əhalisi olan bəzi rayonlarda belə, 8 həkim işləyir. Yəni 1 xəstəxana, 8 həkim var. Bu qədər həkim azlığı isə təbii ki, insanların hər xəstəliklə bağlı paytaxt xəstəxanalarına gəlməsinə səbəb olur. Elə təsadüfi deyil ki, poliklinikalarda da, bu mənzərə ilə istənilən gün qarşılaşmaq olur. İnsanlar sübh tezdən gəlib, növbə gözləyib, qəbula düşüb, yenidən rayona, evlərinə qayıdırlar. Maraqlıdır ki, çoxları rayonlarda işləyən həkimləri ciddiyə almırlar. Bəzi bölgələrdə yaşayan bir yeri ağrıyan adamdan soruşanda ki, həkimə gedirsən? Cavab verir ki, Bakıda gedəcəm.

Lent.az-ın tibb ixtisası məzunları və tələbələrinin bir neçəsi ilə apardığı sorğuya əsasən, deyə bilərik ki, gənclərin əksəriyyəti paytaxt Bakıda çalışmağı, digər hallarda isə xarici ölkəyə, xüsusən Almaniyaya gedib, karyeralarını davam etdirməyi düşünürlər. Maraqlısı odur ki, hətta bölgələrimizdən olan tələbələr də, yenidən oraya qayıtmaq istəmirlər.

Bəs görəsən, rayonda iş yerləri varkən gənclər niyə Bakıda işləməyi seçirlər? Bunun iqtisadi səbəbləri varmı?

İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, Bakıda iş imkanları və gəlirlər yüksək olduğu üçün həkimlərin burada işləmək istəməyi normaldır:

“Həyatın bütün sferalarında iqtisadiyyat ən öndə dayanır, xüsusi rol oynayır. Bu fikri səsləndirəndə çoxları razılaşmasa da, fakt odur ki, istənilən sahədəki problemin kökündə mütləq iqtisadi faktlar görünür. Bakıda həkimlərin çoxluğu, rayonlarda isə minimum səviyyədə olması mövcud iqtisadi, sosial şərtlər daxilində təbii görünməlidir. Hər yeni açılmış 5 iş yerinin 4-ü Bakıda yerləşir. Məşğulluq səviyyəsi, gəlirlər, orta əmək haqqı, sosial həyat – hamısı Paytaxtdadır. Bu baxımdan bütün peşə sahibləri kimi həkimlərin də, Bakıda çalışmağa üstünlük verməsi təbiidir. Maaş fərqi, gəlir imkanları, pasiyent axını digər yerlərlə müqayisədə Bakıda çox yüksəkdir. Regionlarda isə əksinə, gəlir az, imkan az. Eyni diplomla rayonda Bakıda qazandığından 10 dəfə az gəlir əldə edəcəklərsə, nəyə görə oranı seçsinlər ki? Rayon yoxsa Bakı? Harada işləmək həkim üçün gələcək karyera, peşəkar mühit vəd edir? Təbii ki, paytaxt. Burada daha böyük şəbəkələşmələr olur, əlaqələr genişlənir, seminarlar, konfranslar keçirilir, tədqiqat işləri, akademik fəaliyyət genişlənir. Bu halı təbii qarşılayıram. Həyatın qanunu belədir. Kim harada öz həyatını daha yaxşı qura bilirsə, ora üz tutur.

Sosial mühit, bağça, məktəb, təhsil, xidmətin keyfiyyəti Bakıdadır. Bütün bu amillər təkcə pul qazanmaqdan əlavə həkimlərin ailəsi üçün də önəmlidir. Onlar həm də, buna görə paytaxtı seçirlər”.

Müsahibimiz qeyd edir ki, bölgələrə həkimləri cəlb etmək üçün konkret addımlar atılmalıdır:

“Sözsüz ki, təkcə bizdə yox, digər ölkələrdə də həkimlər, eləcə də digər peşə sahibləri insanların çox olduğu meqapolislərə, paytaxtlara üz tuturlar. Amma tarazlığı qorumaq üçün paytaxtdan 2-3, hətta 4 dəfədən çox əmək haqqını bölgələrdə çalışacaq şəxslərə verirlər. Müddətli olaraq, həkimlərin 3-5 il orada yaşaması üçün kirayə pulu, əlavə ödənişlər verilir. Digər mexanizmlər – həyatını dəstəkləyən addımlar atılır. Uzun müddət işləyəcəyi təqdirdə fərqli təqaüdlər, pensiya forması təklif edilir, digər yerlərdə daha yaxşı karyera imkanı yaradılır. Bütün bunlar nəzəri baxımdan hər bir ölkədə mümkündür, lakin praktiki olaraq icra etmək üçün məhz pul – maliyyə vəsaiti lazımdır, həm də, çox miqdarda”,-deyə E.Əmirov fikrini yekunlaşdırıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, həkimlərin bölgələrdə düzgün paylanmasını təmin etmək üçün həvəsləndirici tədbirlər görülməlidir:

Müşfiq Məmmədli: Qanunvericilikdə dəyişikliklər sosial dövlət modelini  gücləndirəcək

“Bütün dünyada bu proseslərin oxşarını müşahidə etmək olur. Meqapolislərdə, inkişaf etmiş şəhərlərdə səhiyyə digər sahələr kimi çox qızğın inkişaf tempinə malikdir. Təbii ki, burada həm yeni texnologiyalara çıxış, həm müayinə və müalicə metodlarının əlçatan olması, həm də pasiyent potensialının çoxluğu həkimlərin maddi baxımdan daha çox qazanc əldə etməsinə səbəb olur. Bununla yanaşı sosial həyatın və digər sahələrdə mütəxəssis kimi yetişmə imkanlarının çoxluğu həkim kadrlarının şəhərlərə cəmləşməsinə gətirib, çıxarır.

Hər bir bölgənin öz spesifik xüsusiyyətləri var. Bu prosesdə ilk növbədə anlama çox önəmlidir. Türkiyə modelində həkim ixtisası almış şəxslərin müəyyən bir müddət regionda çalışma öhdəlikləri var. O da, əsasən 2-3, bəzən də 4 il olur. Bu bir növ Sovet dövründəki təyinat sisteminə bənzərdir. Başqa ölkələrdə, xüsusən İspaniyada, Portuqaliyada isə müxtəlif həvəsləndirici, maddi anlamda motivasiya verici tədbirlər var. Bölgələrdə daha yüksək maaşlar verilir, sosial güzəştlər edilir. Birinci metod (Türkiyədəki sistem) qısa müddət ərzində effekt versə də, sonrakı dövrdə nəinki bölgədən, hətta ölkədən həkim axınına səbəb olur. İkinci metodla paralel şəkildə bu prosesi tətbiq etmək daha effektiv olar. Çünki diqqət etsək, artıq regionlarda tam təşəkkülü xəstəxanaların - istər özəl, istər dövlət strukturunda açıldığını, pasiyent potensialının artığını görürük. Regionlarımız inkişaf etdikcə, dövlətin qayğısı nəticəsində həkimlərin maddi vəziyyətinin kifayət qədər yüksəldiyini müşahidə edirik. Fikrimcə, stimullaşdırıcı və səhiyyə planlaması istiqamətində proseslərin hibrit tətbiqi ilə biz regionlarda həkim və tibb işçilərinin disproporsional paylanması problemini həll etmiş olarıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar