İsrail Xameneini təhlükəsizlik kameraları ilə izləyib - Sui-qəsdin DETALLARI
03 mart 2026 11:02 (UTC +04:00)

İsrail Xameneini təhlükəsizlik kameraları ilə izləyib - Sui-qəsdin DETALLARI

0

Britaniyanın “Financial Times” qəzeti İranın ali rəhbəri Əli Xameneinin ölümündən əvvəl İsrailin həyata keçirdiyi uzunmüddətli kəşfiyyat əməliyyatının təfərrüatlarını dərc edib.

Lent.az xəbər verir ki, nəşrin məlumatına görə, əməliyyata şəhərin videomüşahidə sistemlərinin genişmiqyaslı sındırılması, mobil rabitə şəbəkələrinə nüfuz və yüksək vəzifəli mənbədən istifadə daxil olub.

Qəzetin israilli və amerikalı rəsmi şəxslər arasındakı mənbələrinə istinadən bildirilir ki, bir neçə il ərzində İsrail xüsusi xidmət orqanları İran paytaxtındakı yol kameralarının əksəriyyətinə çıxış əldə edib.

Araşdırmaya görə, görüntülər İsraildə yerləşən serverlərə ötürülürmüş ki, bu da mühafizə dəstələrinin hərəkətlərini və yüksək vəzifəli şəxslərin marşrutlarını izləməyə imkan verirmiş.

Ayrı-ayrı kameralar strateji baxımından mühüm rakursları təmin edərək mühafizəçilərin avtomobillərinin park yerlərini qeydə alır və ciddi qorunan ərazilərdə gündəlik həyat barədə təsəvvür yaradırdı. Paralel olaraq, məlumatlara görə, İsrail tərəfi İranın mobil rabitə şəbəkələrinə dərindən nüfuz edərək ölkə rəhbərliyinin əlaqələri və hərəkətləri barədə əlavə informasiya əldə edib.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının da planlaşdırılmış vaxtda Xameneinin iştirakı ilə görüşün keçiriləcəyini təsdiqləyən mənbəsi olub. Əməliyyat günü görüşün keçirildiyi ərazidə mobil antenlər sıradan çıxarılıb ki, mümkün xəbərdarlıq ötürülməsinin qarşısı alınsın. Nəticədə zərbə zonasındakı telefonlar daxil olan zəngləri qəbul etməyib. Kəşfiyyat məlumatları yekun şəkildə təsdiqləndikdən sonra görüş yerinə doğru 30-a qədər yüksək dəqiqlikli sursat buraxıldığı bildirilir. Zərbə nəticəsində ali liderin həlak olduğu qeyd olunur.

Materialda həmçinin qeyd olunur ki, İsraildə əməliyyatı mümkün eskalasiyadan əvvəl həyata keçirməyə çalışıblar. İsrail tərəfinin qiymətləndirməsinə görə, açıq müharibə başlayacağı təqdirdə İran rəhbərliyi əvvəlcədən hazırlanmış gizlənmə protokollarını işə salacaq, o cümlədən yeraltı bunkerlərə köçəcəkdi.

Kameralardan və digər mənbələrdən əldə edilən məlumat massivlərinin təhlili mürəkkəb alqoritmlər vasitəsilə aparılıb. Yaşayış ünvanları, növbə cədvəlləri, marşrutlar və təhlükəsizlik tədbirləri öyrənilərək tam kəşfiyyat mənzərəsi formalaşdırılıb. Məlumatların emalında 8200-cü bölmə və “Mossad” xüsusi rol oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar