Azərbaycanda  İLK:  yeniyetmələrin də üz tutduğu yeganə bağça - REPORTAJ
16 may 2022 20:15 (UTC +04:00)

Azərbaycanda İLK: yeniyetmələrin də üz tutduğu yeganə bağça - REPORTAJ

“Nitq qüsurlu, hətta danışmayan uşaqlarla da işləyirik. Əvvəlcə onların əsəbinin sakitləşməsi üçün təbii qidalar veririk, yatızdırırıq və ən əsası sevgi göstəririk. Uşaqlar məni görəndə baba deyib qucağıma qaçırlar”.

Uşaqların varlığı onsuz da sevgidir. Uşaqların olduğu yer də sevgi dolu olmalıdır. Elə Elxan Həsənlinin bağçasında olduğu kimi...  Uşaqlara baba olmaq lazımdır.

“İncisaray” Nitq və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Elxan Həsənli danışır:


Elxan Həsənli

- 18 il İsveçrə məktəblərində aldığım təcrübəni Azərbaycanda tətbiq etməyə qərar vermişəm. Bir ay əvvəl təsis etdiyim “İncisaray” Nitq və Uşaq İnkişaf Mərkəzi məhz PİSA tədqiqatlarının əldə etdiyi nəticələrə köklənib. Program for International Student Assessment (PISA) 15 yaşlı uşaqların oxu, riyaziyyat, kompüter və təbiət elmləri üzrə bacarıqlarını test edir. 1997 ci ildən başlayaraq, 3 ildən bir həyata keçirilən testlərdə Avropa və Asiya məktəblərində təhsilin keyfiyyəti yoxlanır.

Mərkəzdə uşaqlarda nitq qüsurlarının aradan qaldırılması ilə yanaşı, onların eşitmə qabiliyyətinin yüksəldilməsi üçün ritmik eşitmənin inkişafı, məktəbəqədər təhsilin modifikasiyası əsas hədəflərdir. 

Hə, 44 günlük müharibədən sonra anladım ki, Azərbaycana qayıtmaq lazımdır. Və təhsil sahəsində işlər görülməlidir. Mən İsveçrədə alman dili və informasiya və kommunikasiya texnologiyaları müəllimi işləyirdim. 

Müharibədən sonra yeni hədəflər yaranmışdı. Məqsəd də bu idi ki, xaricdə yaşayan iş adamları Azərbaycana investisiya yatırsınlar. Mənim də çoxdan fikrim var idi ki, İsveçrənin, Almaniyanın “Hort”  təhsil sistemini Azərbaycanda tətbiq edim. Burada 5-6 ay axtarışlardan sonra Biləcəri qəsəbəsində belə bir yer tapdıq. Burda hər təbəqənin insanları yaşayır. Varlı da var, kasıb da. Hətta biz imkanı olmayan valideynlərə də müəyyən güzəştlər edirik. 


Elxan bəy deyir ki, Mərkəzdə bağça uşaqları ilə yanaşı ibtidai sinifdə təhsil alanlarla da məşğul olurlar. 

- Bu sistem elədir ki, həm ibtidai sinif şagirdləri, həm də bağça uşaqları bir yerdədirlər. Belə olanda ibtidai sinif uşaqları özlərindən balacalara çox həvəslə yazmağı, hərfləri öyrədirlər. Bağça uşaqları da məlumatlı olur, məktəbə həvəsli olurlar. Biliklər paylaşılır. 
Azərbaycanda ilk olan bu sistem çox valideyn üçün yararlıdır.

Elə valideynlər var ki, axşam saat 6-ya qədər işləyirlər, uşaqlar da günortaya qədər dərsdə olurlar. Günortadan sonra boş, nəzarətsiz qalırlar. Onun üçün ayrıca bir dayə tutmalıdırlar ki, uşağa baxsınlar. Amma uşaqlar dərsdən çıxandan sonra bura gəlirlər, həm də ev tapşırıqlarını edirlər. 

Elxan bəy Mərkəzin əsas məqsədlərindən də söz açır.

- Estetik və tərbiyəvi əhəmiyyətə malik olan musiqi, qulağın inkişafı üçün xüsusi diqqət yetirilməli olan sahələrdəndir. Yaxşı musiqi qabiliyyəti olan uşaqların xüsusi təhsil proqramlarına uyğun olaraq musiqi qulaqlarının inkişaf etdirilməsi valideynlərin və müəllimlərin əsas vəzifələrindəndir. Mərkəzimizdə musiqi qabiliyyətli uşaqlara bir qədər sərbəst rejimdə və daha rahat yaradıcılıq şəraitində müvafiq şərait və imkanlar yaradılıb. 

PİSA tədqiqatları və sınaqlarına şagirdlərlə yanaşı onların valideynləri və müəllimləri də cəlb olunurlar. Müəllim və valideynlərin doldurduqları anketlər şagirdin psixoloji vəziyyətindən, öyrənmə vaxtlarından, kompüterdən istifadədən və məktəbdənkənar mütaliə davranışından, eləcə də 15 yaşlı uşaqların münasibəti və gözləntilərindən bəhs edir. 

Mərkəz rəhbərinin sözlərinə görə, peşəkar müəllim tapmaq çətindi

- Düzdü, peşəkar müəllim tapmaqda çətinlik çəkirik, amma çalışırıq ki, öz işini bilən insanlardan ibarət bir qrup yaradaq. Burda ayda iki dəfə uşaqlar müayinə edilir. Əsas istiqamətimiz də uşaqların sərbəst şəkildə biliklərə yiyələnməsinə çalışmaqdır. Uşaqlara maksimum dərəcədə sevgi göstərmək lazımdır ki, onlarda olan travmalar aradan qaldırılsın. Travmalar onları böyük yaşlarına qədər  izləyir. Biz də çalışırıq ki, həmin travmalar burda unudulsun. İstəyirik müəllimlər evdə uşaqlarına necə sevgi göstərirlərsə, burdakı uşaqlara da eyni sevgini versinlər. 


“İncisaray”ın inci kimi uşaqlarını biz də ziyarət etdik. Orada həddən artıq sakit, ya da çox dəcəl, heç danışmayan uşaqlar və onların hər birinin necə deyərlər, nazı ilə oynayan müəllimlər gördük. 

Rəfiqə müəllimə də deyir ki, uşaqlarla anlaşmağın tək yolu onlara sevgidir...

- Burda müxtəlif uşaqlar var. Baxın, Emil ən dəcəl uşaqdır. Turan isə bura gələndə danışmırdı. Sonra biz onunla müəyyən məşqlərə başladıq. İndi həm rəqəmləri sayır, həm də danışır. Cahan isə heç danışmır. O, ilk dəfə bura gələndə biz bundan çox narahat olduq. Amma sonra məlum oldu ki, o, bilərəkdən danışmırmış. Həkimin dediyinə görə, Cahanın IQ-sü bizlərdən də yüksəkdir. Buna görə də, hər şeyin fərqində olmasına baxmayaraq danışmır.

Rəfiqə müəllimə elə düz deyirmiş, Emil bütün otaqları gəzir, hamı ilə ünsiyyətə girir və ən əsası uşaqlarla çox yaxşı anlaşırdı. Turan isə çox səmimi idi. Başqa uşaqlara sual verəndə xeyli duruxsa da, ona adını soruşan kimi cavab verdi. 

Cahanın baxışları isə doğrudan da, “mən hər şeyi sizdən daha yaxşı başa düşürəm” deyirdi. Necə deyərlər, sanki ağıl küpəmiz heç kimin onunla danışacaq qədər ağıllı olmadığını düşünürdü. 

Bütün uşaqların özünəməxsus, fərqli xüsusiyyətləri var idi. Hər incinin gedə biləcəyi bir sarayı olmalıdır. Biləcəridəki Elxan babanın nəvələri üçün qurduğu kimi...

Həmsöhbətimiz sonda bir məqama da toxunur. O deyir:

- İndi Azərbaycanda iş qurmaq Avropadan daha asandır. Mən bütün xaricdəki dostlara da müraciət edirəm ki, rahatlıqla gəlib burda peşəkarı olduqları sahədə iş qura bilərlər. Buna tam arxayın olsunlar.

# 7344
avatar

Aytəkin Cəlali

Oxşar yazılar