Hansı uşaqlara peyvənd vurmaq olmaz? - Pediatr açıqladı
23 fevral 2026 15:12 (UTC +04:00)

Hansı uşaqlara peyvənd vurmaq olmaz? - Pediatr açıqladı

0

Uşaqlara peyvəndlərin vurulub-vurulmaması məsələsi həmişə valideynlər tərəfindən müzakirə edilib. Bir çoxları peyvəndin yan təsirlərindən qorxduğu üçün onu təxirə salmağı, ümumiyyətlə vurdurmamağı da düşünür. Bu gün yayılan xəbərdə azyaşlının peyvənddən sonra dünyasını dəyişdiyi iddia olunur.

Bəs görəsən, hansı hallarda uşaqlara peyvənd vurmaq olmaz? Peyvənddən əvvələr nələr yoxlanılmalıdır?

Həkim-pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumatlara baxıb, peyvəndin birbaşa ölümə səbəb olduğunu demək tibbi baxımdan doğru deyil:

Şəlalə Poluxova | Icma.az

“Peyvənd son günlərdə cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Ümumiyyətlə, vaksinlər daim müzakirə mövzusu olub, birmənalı qarşılanmayıb. Hər hansısa ölümün səbəbini rəsmi tibbi ekspertiza və araşdırma nəticəsində müəyyən edilə bilər. İlkin məlumatlara baxıb, peyvəndin birbaşa ölümə səbəb olduğunu demək tibbi baxımdan doğru deyil.

Peyvəndlər uzun illərdir ki, dünya praktikasında təbiq olunur. Onların təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı, CDC (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) kimi mühüm beynəlxalq qurumlar tərəfindən davamlı şəkildə monitorinq edilir. Peyvənddən sonra anafilaktik şoklara çox nadir hallarda rast gəlinir. Bu adətən iynə vurulandan sonrakı ilk dəqiqələrdən bir neçə saata qədər özünü göstərə bilir. Buna görə də peyvəndlər tibb müəssisələrində çox ciddi müşayiət altında aparılır”.

Pediatr qeyd edib ki, peyvənddən əvvəl bir neçə dəyər qiymətləndirilir:

“Peyvənddən əvvəl uşağın ümumi sağlamlıq vəziyyəti pediatr tərəfindən dəyərləndirilməli, əvvəllər peyvənd olunubsa, ona qarşı reaksiyaları, eləcə də anafileksiya ilə bağlı suallar valideynlərdən soruşulmalıdır. İmmun sistemi ilə bağlı problemin olub-olmadığı öyrənilməlidir. Çünki ciddi immun yetməzliyi xəstəliyi olan uşaqlarda bu məqamlar nəzərə alınır.

Bəzi hallarda orta və ya ağır-kəskin xəstəlik zamanı peyvəndi müvəqqəti təxirə salmaq olar. Heç bir simptomu olmayan, yüngül respirator infeksiyalar peyvəndə mane sayılmır.

Uşaqda təkcə peyvəndə yox, əvvəllər vurulan hər hansısa bir dərmana və ya onun tərkibinə qarşı, allergik reaksiya, anafilaksiya müşahidə olunubsa, bu halda vaksinin təkrar vurulması ciddi risk hesab edilir. Ciddi allergik reaksiya dedikdə, nəfəsalmada çətinlik, şiddətli səpkilər nəzərdə tutulur.  

Çox ağır immun defisitli xəstlərə bəzən vaksinin vurulmaması məsləhət edilir. Bu halda ya peyvənd ləğv edilir, ya da dəyişdirilmiş şəkildə başqa planla əvəz edilir. Uşaqda ağır xəstəlik, yüksək hərarət olduqda, ümumi vəziyyəti yaxşılana qədər peyvənd təxirə salınır. Əvvəl vurulmuş dozada yüngül reaksiyalar olduqda belə, həkim vaksinin tarixini dəyişə bilər. 

Yüngülvari soyuqdəymə, burun axıntısı, simptomsuz infeksiyalar peyvəndin vurulması üçün əngəl deyil. Bu hallar sadəcə peyvəndin vaxtını bir müddətlik təxirə salır.

Peyvənddən əvvəl bəzi suallara tam cavab tapılmalıdır. Pediatr uşağın ümumi sağlamlıq vəziyyəti qiymətləndirilməli, aktiv xəstəlik varsa, onu sağaltmalı, daha sonra vaksin etməlidir. Anada, yaxud ailədə allergik reaksiyalar varsa, araşdırılmalıdır. Bundan əlavə peyvəndin vurulma yaşı standartlara uyğun aparılmalıdır.

Valideynlərə tövsiyə edirik ki,yalnız rəsmi tibbi məlumatlara əsaslansınlar, fərdi məlumatlara əsaslanıb peyvənddən imtina etməsinlər. Çünki vaksinlər yoluxucu xəstəlikərin, onların ağır fəsadlarının alınmasında yeganə və effektiv vasitələrdən biridir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar