İkiqat Dünya Çempionu, hamının tanıdığı "Çeçen Vüqar"  həyatını belə məhv etdi -MÜSAHİBƏ
09 iyul 2026 14:11 (UTC +04:00)

İkiqat Dünya Çempionu, hamının tanıdığı "Çeçen Vüqar" həyatını belə məhv etdi -MÜSAHİBƏ

0

Bir vaxtlar sambo üzrə ikiqat Dünya Çempionu olmuş, Azərbaycanı dəfələrlə Avropada və dünyada qürurla təmsil etmiş Vüqar Məmmədov narkotik istifadəçisi olduqdan sonrakı həyatı barədə Lent.az-a müsahibə verib. 

- Narkotik istifadəsinə nə zamandan başlamısınız? Neçə il istifadəçi olmusunuz?

- Mən, on yeddi il narkotik istifadəçisi olmuşam. İlk dəfə yüngül narkotiklə on beş yaşımda tanış olmuşam. On bir -on iki yaşımdan isə siqaret çəkirdim. Hərdən olurdu ki, “stuçnıy” alırdım, hərdən yerdən kötüyünü götürüb çəkirdim.

Nə olsun ki, mən idmançı olmuşam, ölkəmi dünyada təmsil etmişəm, bayrağımızı qaldırmışam, dəfələrlə ermənilərə də qalib gəlmişəm, amma özümü analiz edəndə görürəm ki, mənim davranışlarım düzgün deyildi. Siqaret çəkirdim, məktəbdən qaçırdım, müəllimlərin sözündən çıxırdım, evə gec gedirdim.

On yaşımdan idmanla məşğul idim. Bəlkə də narkotiklə tanışlığımın vaxtının uzanmasında idmanın rolu oldu. Başımı idmanla qarışdırırdım.

- Mənim fikrimcə, narkotikə başlamaq istəyi də anidən gəlmir. Kimsə oturduğu yerdə, “mən gedim istifadə edim”, demir.

- Məndə uşaq vaxtından travmalar var idi. Bu ailədən yox, ətrafdan qaynaqlanmışdı. Asılılığın formalaşması üç amildən asılıdır: ailədəki boşluq, sevgisizlik və evdə kiminsə aludəçi olmağından. Bəlkə də mənim atam vaxtilə içki içdiyi üçün mən də narkotikə meyil saldım. Atamın bir müddət sonra içkini tərgitməyində mənim böyük rolum oldu. O, tövbə edərək Kərbəla, Məşhəd ziyarətlərinə getdi, amma mən ondan sonra ağır narkotik istifadəçisi oldum.

Bilirsiniz, bizim vaxtımızda, ikimininci illərdə çöl-bayır həyatı, xüsusən də Yasamal qorxulu idi. Mənim qarşımı dəfələrlə kəsib, pulumu alıblar, üç-dörd nəfər məni döyməyə, alçaltmağa cəhd edib. Uşaq idim, bu halların təsirindən oğurluq edirdim. İlk dəfə elədiyim oğurluq yadımdadır. On bir yaşım var idi, mağazalara “tofita” paylayan “Ford” markalı maşından oğurluq eləmişdim. İlk dəfə “tofita” oğurlayanda o qədər həyəcanlanmışdım ki, bir kilometr uzağa qaçıb, gizlənmişdim.

Beləcə, vaxt keçdikcə mən də ətrafdakılara bənzəməyə başladım. Uşaq idim, gücüm çatmırdı, təkləyib döyürdülər, alçaltmaq istəyirdilər, pulumu alırdılar, amma heç bir şey edə bilmirdim. Artıq böyümüşdüm, mən də o uşaqlar kimi olmağa başladım. Qarşımdakı tək məqsəd onlar kimi olmaq idi.

- Bəs bu əsnada idman məşqləriniz necə keçirdi?

- Zaman keçdikcə idmanda bir az uğurlar qazandım. 2007-ci ildə Avropa Çempionatında üçüncü yerə çıxdım. Yasamalda özümü tanıda bilmişdim. İdmançı deyəndə məni göstərirdilər. “Çeçen Vüqar” deyirdilər adıma.

Yarışlarla yanaşı yüngül narkotikdən istifadə edirdim, içki içirdim. Yarışlarda qalib olmağımı hamı kimi dost-tanışla yox, tək başıma qeyd edirdim. Pivə alıb, siqaret çəkə-çəkə öz qalibiyyətimi keçirirdim.

Bu on yeddi ildə elə narkotiklər istifadə etmişəm ki, siz onları heç tanımırsınız, adını belə eşitməmisiniz. Hər növün dadına baxmışam.

- Nəyi itirdiniz bu yolda?

- Çempionluğum əldən getdi. İdman sahəsində on-on bir ərzində yığdığım hər şeyimi itirdim. Sambo üzrə beş dəfə dünya, dörd dəfə isə Avropa çempionatında iştirak etmişdim. Bu yarışlarda iki dəfə dünya çempionu olmuşam. Hər yarışda uğurlu nəticəylə vətənə dönmüşəm. Mənim məşq müəllimim hələ də deyir ki, səndən sonra heç kim bu qədər uğurlu olmadı.

- Dünya Çempionatında rəqibləriniz hansı ölkələrdən idi?

- Erməni, rus, bolqar, belarus, kazak rəqiblərim olub. Finalda rusu udmuşam.

- Müalicəyə necə qərar verdiniz?

- Bir çox yerlərdə müalicə almışam, Zığda, Maştağada, İranda, hətta evdə belə. Amma heç biri mənə kömək olmadı. "12 addım reabilitasiya" mərkəzinə gələndə hər şeyimi itirmişdim. Ata, ana, ailə, uşaq – hamısı üz döndərmişdi məndən, bircə da xalam oğlu qalmışdı. Səfil günündəydim, küçələrdəydim. Elə günlər var idi, əlimdəki pula çörək, yoxsa narkotik alım?, deyə düşünüb, narkotik alırdım. Ac da, susuz da qalsam olardı, amma əsas narkotikim olsun.

- Bəs səfil həyatında 3-5 manat pulu haradan qazanırdınız?

- 2009-un axırı, 2010-cu ilin əvvəlləri ağır narkotikə başlamışam. Hətta Avropa Çempionatına gedəndə də narkotik istifadə etmişdim.

- Bəs test vermirdiniz?

- Narkotestlər 2015-ci ildən sonra verilməyə başladı. Bizim vaxtımızda test yox idi. 2010-cu ildə Azərbaycanda narkotik çəkib, Yunanıstana yarışa getmişdim. İlk dəfə ona başlayanda təsiri təxmini iki gün bədəndə qalır. Həmin vaxta qədər iki dəfə dünya çempionu olmuşdum. Qarşıma məqsəd qoymuşdum ki, bu dəfə Avropa çempionu olub qayıdacam. Bu məqsədimə də sanki, narkotiklə çatdım. Hər il çəkimi dəyişdiyim üçün də rəqiblərim də dəyişirdi. Orada nə ilə rastlaşacağımı bilmirdim. Amma ondan sonra həmin zirvədən üzü aşağı yuvarlandım, dibə düşdüm.

- Bu düşmək ağrılarla başladı?

- Mən, narkotiki bir həftə-on gün aralığında istifadə edirdim, düşünürdüm ki, ziyanı yoxdur. Ona görə də ağrı nədir bilmirdim. İki-üç sonra dərk elədim ki, ağrı necə bir şey imiş.

- Narkotiki harada istifadə edirdiniz?

- Uşaqlarla bir evə yığışırdıq, orada istifadə edirdik. Bizə narkotik havayı gəlirdi. Amma bir müddət sonra dedilər ki, artıq pulsuz narkotik yoxdur, olmayacaq. Pulunuz varsa alın, yoxdursa, nə isə ummayın. Saatlar keçirdi, narkotik gəlmirdi, bədənim artıq dözmürdü. Təsəvvür edin, ağrıdan özümü divara sürtürdüm.

Mən özümə güvənirdim. İdmançıydım, iradəm var idi. Fikirləşirdim ki, narkotiki də iradəmlə dəf edə bilərəm. Narkotikə görə kiminsə qapısında yatmaram, oğurluq eləmərəm, zibillikdə eşələnmərəm. Elə bu düşüncələrlə çıxdım bu yola.

2012-ci ildən sonra narkotiklər dəyişdi, yeni növlər yarandı. Mənim də ağrılarım varıydı, məcbur qalıb onlardan istifadə etdim. Beləcə, həyatım daha da qaraldı. Evə getmidim, oğurluqlar edirdim. Mən heç vaxt təsəvvür etməzdim ki, kiminsə telefonunu oğurlayaram, kimdənsə pul alaram.

Məktəbdə yaxşı oxumasam da yüksək balla İdman Akademiyasına qəbul olmuşdum. Siyahıda adım birinci idi, təqaüd alırdım. Allah hər dəfə mənə lütf edirdi, qurtarmağa çalışırdı, amma mən düşüncəsizlik edirdim.

Həyatımda bir iyirmi üç, bir də otuz yaşım yadıma gəlir. Elə vaxt olub ki, baxmamışam qapının arxasındakı anamdır, bacım, ya oğlum, təpiklə bağlayıb narkotik istifadə etmişəm. Bir dəfə iynə vurmaqdan ayaqlarım şişmişdi. Evdə narkotik istifadə eləyib, güc tapıb, sonra həkimə getdim.

- Qolunuza nə olub?

- Qollarımı kəsmişəm.

- Niyə?

- Ağrılara dözmürdüm. İynənin iqlasını qızdırıb, isti-isti narkotik vururdum. Heç bir təsiri olmayanda da damarlarımı kəsmişəm.

- Kəsəndə ağrı hiss eləmirsiniz?

- İçimdəki ağrı hissini qan ilə çıxarmağa çalışırdım.

- Necə bir ağrıdır?

- İlik ağrısı kimi.

- Məhkumluğunuz olub?

- Olub.

- Hansı maddə ilə?

- Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Narkotik istifadə etməyə görə məsuliyyət) həbs olunmuşam. Əslində dəfələrlə həbsim olub, sadəcə qısa müddətlik. 2022-ci ilin fevralında həbs olunub, avqustda azadlığa çıxıb, reabilitasiyaya başladım.

- Ailəniz sizdən üz döndərmişdi. İndi aranız necədir?

- İndi ayığam, sağalma yolundayam, ailəmlə münasibətlərimi düzəltmişəm. İnsan kimi necə yaşanılır, mən bunu bilirəm artıq. Məktəb vaxtından ayrıldığım insanlarla, müəllimlərimlə münasibətlərimi bərpa etmişəm. Bundan sonra elə addımlar atacam ki, həyatım uçuruma getməsin.

Foto – Rüfət Mustafayev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar