"İllərdir bu günü gözləyirəm, istəyirsiniz arxa cəbhədə ölüm?" - Aprel döyüşünün iştirakçısı ilə MÜSAHİBƏ
02 aprel 2026 14:16 (UTC +04:00)

"İllərdir bu günü gözləyirəm, istəyirsiniz arxa cəbhədə ölüm?" - Aprel döyüşünün iştirakçısı ilə MÜSAHİBƏ

0

10 il öncə bu gün Azərbaycanın tarixində gözlənilməz bir an yaşandı, erməni təxribatlarına cavab kimi Aprel döyüşləri başladı. Döyüş nəticəsində 89 şəhid verdik, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Lent.az Aprel döyüşlərinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyyatda  olan baş leytenantı, 3 cü qrup Qarabağ qazisi Əhliyət Mehdiyevlə həmsöhbət olub, 10 il öncəyə - bu günə qayıdıb.

- Döyüş necə başladı?

- 2016-cı ilin aprelinə qədər hər gün düşmən təxribat törədirdi. Aprelin 1-də isə bu təxribatlar pik həddə çatdı: Ermənistan Silahlı Qüvvələri artilleriyalarla, iri çaplı silahlarla cəhbəyanı yaşayış məntəqələrinə atəş açdı. Bunun nəticəsində həmin ərazilərdə yaşayan dinc əhali arasında yaralananlar və şəhid olanlar oldu. Ermənistanın bu işğalçı addımı səbir kasamızı daşırdı. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu iki istiqamətdə - Füzuli, Cəbrayıl və Ağdərə, Goranboy, Tərtər tərəfdən əks-hücum, həmlə tapşırığını icra etdi. Cənub istiqamətində 2-ci Ordu Korpusunun və Kəşfiyyat bölmələrinin qəhrəmanlığı nəticəsində düşmənin 20 ildən çox müddətdə məskunlaşdığı ərazilərin, Lələtəpə yüksəkliyi və əsas strateji postlar, dayaq məntələri Azərbaycanın ordusunun nəzarəti altına keçdi.

Mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələrin əsgərləri ilə şimal istiqamətində hərəkət edərək, Goranboy, Tərtər, Ağdərədə düşmən təxtibatının qarşısını aldıq. Yuxarı komandanlıq tərəfindən verilən tapşırığa əsasən, cəmi 40-45 dəqiqə ərzində ön xətti yardıq. 20 ildən artıq müddətdə orada ermənilərin orada qurduğu mühəndis istehkam işlərinə baxmayaraq, düzgün ərazi relyefindən istifadə edərək vaxtında düşmən səngərlərinə çatdıq.

Düşmənin xüsusi təyinatlı qüvvələri hesab edirdilər ki, biz ön xətti keçəndə atəş açıb, bizi pusquya sala biləcəklər. Amma istifadə etdiyimiz taktikalarla sağ-salamat onların səngərlərinə çatdıq. Bizim ora düşməyimiz və şok atəşinə başlamağımız düşməni çaş-baş saldı. Talış yüksəklikləri istiqamətində çox qısa müddətdə düşmənin 22 postunu götürdük. Səngərlərdə 10 düşmən əsgərinin 3-4-nü vuranda digərləri öz döyüş yoldaşlarını, silah-sursatlarını, mövqelərini atıb, qaçmağa çalışırdılar. Onlar qaçdıqca, biz daha irəli gedirdik.Aprelin 2-si sübh tezdən başladığımız əməliyyatla günorta saat 12-1 radələrində istədiyimiz mövqedə möhkəmlənə bildik. Düşmən itirdiyi əraziləri geri qaytarmaq üçün daha böyük qüvvə cəmləşdirərək üstümüzə gəldilər. Ağır döyüşlərə baxmayaraq, sona qədər möhkəmləndiyimiz yüksəklikləri buraxmadıq. Həmin əraziləri işğaldan azad etməyimizdə komandirlərimiz, döyüş yoldaşlarımızın hər biri igidlik nümunəsi göstərdilər.

- Döyüş yoldaşlarınız kimlər idi? Onlarla bağlı nələri xatırlayırsınız?

- İrəli gedin, yox, ardımca gəlin! deməyi bacaran əfsanəvi kəşfiyyatçı Murov qartalı Raquf Orucov, Milli Qəhrəman general Polad Həşimov, Vüqar Yusifov, Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucov kimi komandirlərimiz var idi. Eyni zamanda həmin yüksəkliklərin alınmasında Milli Qəhrəman Pəncəli Teymurov, Abdinov Babək, Elvin Namazov, Elnur İsgəndərov, Sərxan Bayramov, Hüseynov Bəxtiyar, Novruzov Ravil, Səfərov Elmidar qardaşlarımız böyük igidlik göstərdilər. Bizdən fərqli olaraq erməni ordusunun əsgərlərində panika var idi. İllərlə yığdığımız döyüş təcrübəsi bizə qısa müddətdə üstünlük əldə etməyə şərait yaratdı. Eyni zamanda döyüşdə iştirak edən hər bir zabitin, gizirin, əsgərin yüksək mənəvi-psixoloji hazırlığı var idi, hamı inamlı idi. Nəyin uğrunda mübarizə apardığımızı, torpaqların bizə aid olduğunu bilirdik. Qarşı tərəfdəki düşmən əsgəri isə müdafiədə durduğu mövqeyin onun olmadığını, arxaya çönüb baxanda ərazilərin xaraba vəziyyətdə olduğunu görüb, sarsılırdı.

Neftçalalı şəhidimiz Elmidar Səfərov yüksəkliklərin alınmasında xüsusi fərqlənirdi. O, ağır yaralanmışdı, arxaya təxliyə etmək istəyirdik, amma qətiyyətlə israr edirdi: İlərdir bu günü gözləmişəm, istəyirsiniz ki, arxada ölüm?,-deyirdi. Bəlkə də bilirdi, bir neçə dəqiqə sonra şəhidliyə ucalacağını, amma bir an belə geriyə baxmaq istəmirdi.

Postların alınmağında Ravil qardaşımız böyük şücayət göstərdi. Bizlə üzbəüz erməni xüsusi təyinatlıları düzülmüşdü. Ravil onların 4-nü öldürdü, 5-ci üz-üzə gələndə onlar eyni anda bir-birlərinə atəş açdılar. Amma qardaşım vətənin əsl sahibi kimi davrandı, bir neçə addım yeriyib, erməni əsgərinin üzərinə getdi, onu əzdi. Qalibiyyətin sevincini yaşayıb, şəhadətə qovuşdu.

Qazaxlı yoldaşımız, Baş leytenant Elvin Namazov şəxsi heyətin tapşırıqları vaxtında icra etməsində komandir kimi nümunəvi insan idi. O da qəhrəmancasına şəhid oldu.

Aprel döyüşü Zəfərə gedən yolda bir pillə idi. İllərlə xalqımızın Azərbaycan ordusundan gözləntisi var. Aprel döyüşləri onu deməyə əsas verirdi ki, biz bir neçə həftəyə torpaqlarımızı azad edə bilərik. Həqiqətən də elə oldu. 44 günlük Qarabağ müharibəsində torpaqlarımızı azad etdik, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı nəticəsində qeyrət simvolumuz olan Xocalı rayonu azad olundu. Bununla yanaşı Xankəndi, Ağdərə, Əsgəran yaşayış məntəqəsi və Xocavənd rayonunun mərkəzi azad olundu. Bununla da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Bu baxımdan Aprel döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. İnanıram ki, xalqımız igid şəhid oğullarını, müharibə iştirakçıları heç vaxt unutmayacaq.

- Siz nə zaman, necə yaralandınız?

- Aprel döyüşləri zamanı mən xüsusi əməliyyat qrupunun komandiri idim. Özümlə birlikdə 12 nəfərlik heyətim var idi. Yuxarı komandalığın bizə verdiyi tapşırığa uyğun olaraq, qrupumla birgə təyin olunan vaxta düşmən səngərinə daxil olduq. Düşmən əsgərləri məhv ediləndən sonra digər tapşırıqları icra edirdik.

Döyüş vaxtı bir neçə dəfə 8-10 metr məsafədən atılan güllələr dəbilqəmizə, əynimizdəki jiletə dəyirdi. Şükürlər olsun ki, həmin atəşlərdən sağ-salamat qurtula bildik. Amma təəssüf ki, döyüş tam itkisiz ötüşmür. Hazırlıqlı mövqeyə gedəndə orada risklərlə qarşılaşacağımızı bilirdik. Aprelin 2-dən 3-nə keçən gecə səhərə yaxın, təxminən saat 4 radələrində üzbəüz atıcı silahlarla döyüşə bilməyən düşmən bölmələri artıq tanklarla, toplarla, minatanların dəstəyi ilə itirdikləri mövqeyi geri almaq istəyirdilər.

Həmin vaxt düşmən tərəfindən atılan 120 millimetrlik mərmilərdən biri mən və badim (red - iki silahdaşın həm döyüş meydanında, həm də gündəlik təlimlərdə bir-birinə olan güvənini və sarsılmaz dostluğunu təmsil edən anlayış) Şəhriyar Eyvazovun dayandığı əraziyə düşdü, güclü partlayış dalğası yarandı. Partlayışın təsiri ilə mən və Şəhriyar bir neçə metr havaya qalxıb, zərbə ilə torpağa yıxıldıq. Badim ağır kəllə-beyin travması aldı, boyun fəqərələri sındı. Məndə isə ağır kəllə-beyin travması yarandı, onurğa beyni zədələndi. Xoşbəxtlikdən olduğumuz ərazinin relyefi bizi qorudu, qəlpələrin çox hissəsi bizi tutmadı.

(Şəkildə birinci şəxs şəhid Bayramov Sərxan, 4 cü şəxs Baxışov Seymur)

Mənim huşum itmişdi, bir müddət sonra ayılanda sol gözümü aça bilmirdim, başımda şiddətli ağrı var idi. Hərəkət eləmək, yerimək istəyəndə, sol ayağımın tərpənmədiyini gördüm. Sürünə-sürünə hərəkət elədim, sağ gözümü aralayıb, Şəhriyarı axtardım. Gördüm ki, o, 7-8 metr məsafədədir. Mənim kimi yerə çırpılmışdı. Yaxınlaşanda tərpənmirdi, dəfələrlə onu səslədim, şəhid olduğunu düşünürdüm, amma gözünü açdı, bir əlini tərpətdi. Həmin sevinci heç bir sözlə ifadə edə bilmərəm. Şəhriyar, mən və digər qardaşlarımız - Mamedov Elvin, Ağayev Nemət, Mahmudov Tehranın köməkliyi ilə ərazidən təxliyyə olunduq. Bir ildən çox müddətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olundum. Mənə hidrosefaliya (beyində su yığılması) diaqnozu da qoyulmuşdu. 2017-ci ilin iyun ayının 17-si səhhətimdəki ciddi problemlərlə əlaqədar olaraq müdafiə nazirinin əmri ilə xidmətə yararsız olaraq baş leytenant kimi ordudan təxris olundum. Badim Şəhriyar isə müalicələrlə səhhəti normallaşıb, xidmətə davam etdi. O da 2020-ci ildə Şuşa yaxınlığında yaralanaraq, qazi kimi ordudan təxris olunub, ehtiyata buraxıldı.

(Şəkildə Aprel şəhidi baş leytenant Elvin Namazov) 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar