Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Prosesdə hakim bildirib ki, bəzi zərərçəkmiş və şahidlər məhkəmə prosesinə gəlməkdən imtina edir. Həmin şəxslər məhkəmə orqanlarından ehtiyat edirlər.
Hakim bildirib ki, prosesə gəlmək istəməyənlər əvvəlcədən bu barədə məhkəməyə məlumat verməlidir.
Məhkəmədə ifadə verən zərərçəkmiş Xalidə Hüseynova bildirib ki, Maqsud Mahmudovla bağlı heç bir şikayətim yoxdur:
"Pulu qaytarandan sonra qızılı vermədilər. Bir müddət keçəndən sonra qızılı aldım. Bilirdim ki, Maqsud lombardın sahibidir. Amma mən nə pul alanda, nə qızıl verəndə Maqsudu görməmişəm. Mən pulu Mədinəyə vermişəm, qızıllarımı da ondan almışam”.
Digər zərərçəkmiş Hicran Məmmədova isə ifadəsində qızının Maqsudun qızılları götürüb qaçdığını deyib:
"Ona görə də məhkəməyə gəlmirdim. Lombarda 750 əyarlı qızıl üzük, 14 qramlıq qızıl boyunbağı qoyub 600 manat götürmüşəm. Pulu vaxtında ödəmişəm, ödəyəndən sonra qızıllarımı ala bilmədim.
Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb. Gəldim ki, hamı yığılıb, qızılını istəyir. Mən də şikayət etdim. Polisə şikayətimdən 2 aydan sonra qızıllarımı aldım".
Zərərçəkmiş Taleh Feyzullayevin sözlərinə görə, şikayətdən 7 gün sonra qızılı geri alıb:
“Qızıl qoymuşdum, eşitdim ki, həmin lombard bağlanır. Lombardın qarşısına getdim. Çatanda gördüm ki, hər kəs yığışıb lombardın qarşısına polisə şikayət edir. Mən də şikayət etdim.
Mən şikayəti əsas pulu ödəməmişdən qabaq etmişdim. Şikayətimdən 7 gün sonra pulu ödəyib, qızılımı götürdüm”.
Zərərçəkmiş Ramin Hacıverdiyev deyir ki, şikayət edəndə əsas borcumu ödəməmişdim:
“Mənim 650 manat borcum vardı. Onun 350-ni ödədim, 300 qaldı. Qalan borcu ödəmək üçün gedəndə gördüm ki, lombard bağlıdır. Hər kəs şikayət edir. Mən də şikayət etdim. Şikayətimdən 20 gün sonra 300 manatı ödəyib, qızılımı geri aldım. Maqsudu tanımıram. Qızılı verəndə, pul ödəyəndə heç zaman görməmişəm”.
Zərərçəkmiş Nadir Mahmudov deyir ki, anamdan yadigar qalan saatı hələ də ala bilmirəm:
“Maqsud bəyi lombardda görmüşəm. Amma şəxsi əlaqəmiz yox idi. Onu lombardın sahibi kimi tanıyırdım. Əvvəl 300 manat götürmüşdüm. 100 manat artırdım, 400 manat borcum oldu. Qızıl saat mənə anamdan yadigar qalmışdı. O saat bizim ailəvi dəyərimiz idi. Pulumu ödəsəm də hələ də saatı ala bilmirəm. Lombard da indi bağlıdır. Mən o saata 3 il pul ödəmişəm. Saatın mənəvi dəyəri böyükdür. Mənə saat dəyərində pul yox, saatın özü lazımdı. Qədim saat idi”.
Məhkəmənin növbəti iclası martın 16-a təyin edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkən var.