“Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri də əlilliyin müəyyən olunması mexanizmi olub”.
Lent.az xəbər verir ki, bunu APA-ya müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
“Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, sui-istifadə olmadan prosesin həyata keçməsinə nail ola bilmişik. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onları əyani müayinəyə dəvət edirik və bu çərçivədə qəbul edilmiş qərarları bir daha yoxlayırıq. Ötən il ərzində 55 min əlillik təyinatı həyata keçirmişik. Əlilliyi olan 140 min şəxsin reabilitasiyası üçün addımlar atmışıq. Əlilliyin müəyyən edilməsinin elektronlaşdırılması bizim əsas hədəflərimizdəndir. Bu istiqamətdə əlillik alt sisteminin təkmilləşdirilməsini, dövlət qurumlarının məlumat bazalarının interqasiyasını təmin etmişik. İslahatların ikinci mərhələsi əlillik meyarları ilə bağlı oldu. Bu meyarların tam şəkildə yenidən işlənməsini təmin etdik. Bu çərçivədə əlillik təyinatını yaradan xəstəliklərin sayını 5 dəfəyədək artıraraq 128 köhnə meyardan 617 meyara çatdırdıq. Eyni zamanda, müddətsiz əlilliyə əsas verən meyarlar sayını 51-dən 286-ya çatdırdıq. Bu islahatlar çərçivəsində əlilliyin müəyyən olunması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail olduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyini ilə bağlı imtina alan şəxslərin hər biri ilə fərdi iş aparmağa, şikayətlərini araşdırmağa hazırdır”, – nazir vurğulayıb.