Bir neçə il öncə sonuncu səmavi dinin və onun müqəddəs Kitabının insan övladına çatdırılmasına vəsilə olmuş sonuncu Peyğəmbər Həzrəti Məhəmmədi (ə) təhqir etməyə çalışan (bəli məhz çalışan, çünki Allah Rəsulunun pak və münəzzəh olması Uca Yaradanın lütfüdür, hansısa bəşər övladının cəfəng fikirləri ona yapışmaz) bir avropalının karikatura çəkməsi bizləri olduqca hiddətləndirmişdir. Hərəmiz bir formada bu hiddəti ifadə etməyə çalışır, eyni zamanda milli xarakterimizin və milli-mənəvi dəyərlərimizin bizə diqtə etdiklərinə uyğun olaraq bütün din və məzhəblərə olan xoşgörülü münasibətimizi qorumağı özümüzə borc bilirdik.
Bu gün isə tam başqa ağılasığmaz mənzərə ilə qarşılaşmışıq. 40 ildən artıqdır İslam dini əsaslarında Məhəmməd Peyğəmbər (ə) və onun pak Əhli-Beytinin (ə) yolu ilə getdiyini iddia edib “İslam Respublikası” qurmuş bir ölkənin hazırladığı “ruhani kadr”ların dinimizin müqəddəsatına qarşı böhtan və iftiralar yağdırdıqlarının şahidi oluruq. Gecə-gündüz “İslam İnqilabının ixracı” xülyası ilə yaşayan Vilayəti-Fəqih sistemi əvvəllər siyasi maraqları naminə çox sayda dini məsələlərə xələl gətirən, dindarların heysiyyətindən sui-istifadə edən hərəkətlərə yol vermişdir. Müsəlmanların isə daim öz nəcib düşüncələrinə uyğun olaraq belə təbliğatlara hüsni-zənn ilə yanaşması görünür qarşı tərəfin əl qolunu açmasına səbəb olmuşdur. O qədər əl-qol açılıb ki, İslam dini və şiə əqidəsinə qara yara kimi yapışmış Vilayəti-fəqih sisteminə nökərçilik uğrunda Vətənini və ölkəsini satmaqdan belə çəkinməyən Orxan Məmmədov kimiləri hətta Peyğəmbərimizə (ə) iftira atmağa cəsarət edirlər. Yetər ki, Vilayəti fəqih, yetər ki ermənistanın ərazi bütövlüyünü “qırmızı xətti” sayan İran rejimi məmnun olsun.
Qurani-Kərimin Allah Təalanın ipindən möhkəm yapışmaq, əqidə, əxlaq, sədaqət, dürüstlük kimi saleh əməl və xüsusiyyətlərlə yaşamaq çağırışlarına məhəl qoymayan Vilayəti fəqih yetirmələri olan orxan məmmədovlar hər vəchlə İran rejiminin ipindən yapışmaqla “dini vəzifə”lərini yerinə yetirirlər. Orxan Məmmədovun iddiasına görə, qüdrət sahibi olmaq üçün istənilən yol, hətta əxlaqsızı, fəsad əhlini başa keçirmək, cəmiyyəti belə yaramaz əməl sahiblərinin ixtiyarına vermək caiz sayılır. Öz yaramaz mövqeyini isbat etmək üçün isə iddia edir ki, guya Həzrəti Məhəmməd (ə) və İmamlar (ə) müsəlmanların namusuna təcavüz edən şəxsləri bilərəkdən vəzifə başına gətirmişlər. Görünür, Avropa mətbəxlərində hazırlanmış Vilayəti fəqih sistemi bütün imkanlarını səfərbər edib bir nəticə əldə etməyəndə artıq son missiyası kimi İslamı nüfuzdan salmağı özünə vəzifə bilir. Lakin unudurlar ki, İslam dininin və Qurani-Kərimin qoruyucusu sonsuz ədalət və yenilməz qüdrət sahibi olan Allah Təaladır.
Qaldı ki, Peyğəmbər (ə) və onun pak Əhli Beytinə (ə) böhtan atmaqla qüdrət sahibi olmağa çalışan Vilayəti fəqih rejiminin “İslam İnqilabı” xülyası ilə yaşamasına, biz belə xülyaları artıq tarixin zibilliyinə atmağı uğurla sınaqdan keçirmişik. Vətən müharibəsində Vilayəti Fəqih rejiminin dığa qardaşlarının “miatsum”, “dənizdən dənizə ermənistan” xülyalarını puç etdiyimiz kimi. 30 ilə yaxın işğal altında qalmış məscidlərimizi donuzlar və eyni xislətli insanabənzər məxluqlardan təmizlədiyimiz kimi, bir o qədər müddətdir ki, bir sıra saf möminlərimizin və dindarlarımızın düşüncələrini əsarətdə saxlamağa çalışan, dini siyasiləşdirən, ekstremizmi təşviq edən Vilayəti Fəqih təbliğatından təmizlənib pak olmağın da vaxtıdır artıq. Gedişat isə göstərir ki, Peyğəmbər (ə) və onun pak Əhli Beytinə (ə) böhtan atmaq “missiyası” ilə Vilayəti fəqih sisteminə nökərçilik edənlər sistemin əsl üzünü nümayiş etdirməklə qeyri-iradi olaraq bu prosesi sürətləndirirlər. Axı hər necə olsa azərbaycanlıdırlar...