Prezident İlham Əliyevin gənclər siyasəti: Vətənpərvərlik əsas amil kimi
01 mart 2022 09:35 (UTC +04:00)

Prezident İlham Əliyevin gənclər siyasəti: Vətənpərvərlik əsas amil kimi

0

Dövlətçiliyin qorunması vətəpərvərlikdən keçir. Orduların da gücü silahdan, hərbi hazırlıqdan öncə döyüşçülərin vətənpərvərliyi, Vətən uğrunda hər an canlarında keçməyə hazır olmalarına bağlıdır. 

“Vətəni sevmək azdır, onu qorumaq gərək”. Bu deyim də bizə ulu babalarımızdan miras qalan mənəvi dəyərlərimizdəndir. Dünyada yaşayan xalqlar və millətlər çoxdur. Hər xalqın, millətin nümayəndələrinin torpaq, Vətən sevgisi ilə bağlı özünəməxsus dəyərləri və prinsipləri var.  Azərbaycan xalqı ta qədimdən bu günə qədər torpaq, Vətən, xalq sevgisini içində daşıyan və nəsildən - nəsilə ötürən, Tomris, Babək, Şah İsmayıl Xətai kimi tarixi qəhrəmanlar yetişdirən xalq olub. Qəhrəman babaların nəvələri də tarixin sınağından üzüağ çıxarmağı bacardı.

Azərbaycanın ümidi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda olan xaos, dövlət idarəçiliyində baş verən yarıtmaz siyasət, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. O zaman Ulu Öndər Heydər Əliyev xalqın israrlı və haqlı tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti yenidən quruldu. Transmilli neft və qaz layihələri həyata keçirildi. Azərbaycanın iqtisadi baxımdan dirçəlməsi bütün sahələrdə inkişafa və tərəqqiyə yol açdı. Azərbaycan ordusunun nizami ordu kimi formalaşdırılması və qüdrətləndirilməsi işlərinə start verildi. “Mən İlhama özüm kimi inanıram”-deyə xalqına xitab edən Ulu Öndərin 2003-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəndə də Azərbaycan xalqı o zaman da böyük potensial olan gənc siyasi liderə öz dəstəyini, səsini və inamını etibar etməklə bugünkü Müzəffər və Qalib Azərbaycan dövlətinin gələcəyinə dəstək vermiş oldu.

Prezident İlham Əliyevin son 17 illik prezidentliyi dövründə Azərbaycan nəinki həyata keçirilən sosial-iqtisadi layihələr sayəsində güclü dövlətə çevrildi, artıq regional siyasət məsələlərində də güc mərkəzinə çevrilməyı bacardı. Bu gün Bakı dünyanın bir-birinə əks qütbündə dayanan aparıcı güc sahibi olan ölkələrin əsas təmas nöqtəsinə çevrilib. Bu baxımdan artıq böyük dövlətlərin güc mərkəzləri də istər qlobal, istərsə də regional  məsələlərin  həllində  Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Həmçinin istər iqtisadi, istər hərbi-siyasi ölkələr və geopolitik siyasətin formalaşdırılmasına rəsmi Bakının mövqeyi ciddi şəkildə təsir göstərir. Azərbaycanın iqtisadi və geosiyasi nüfuzu isə ölkəmizin inkişafına mühüm töhfələr vermişdir.

Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin apardığı praqmatik və düşünülmüş uzaqgörən siyasəti nəticəsində əldə edilib.

Eyni zamanda, daxili siyasətdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemlərinin həllinə xüsusi diqqət yetirməsi, karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərin həllinə yönəldilməsi, yeni qəsəbə və şəhərciklərin salınması, eləcə də gənclər arasında vətənpərvərliyin təbliğatını gücləndirilməsi ilə bağlı da müstəsna xidmətləri var.

Əsas amil

Prezidentin apardığı siyasət nəticəsində gənclər arasında Vətənə, torpağa, Azərbaycan bayrağına aşılanan sevgi, ehtiramın nəticəsini biz bir il əvvəl Vətən müharibəsi zamanı gördük. Vətən müharibəsinin iştirakçılarının əksəriyyəti məhz gənclər idi. Məhz bizim gənc əsgərlər və zabitlər torpaq, vətən, milli ləyaqət hissini hər şeydən uca tutaraq torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhid oldular. Bu gün onlarla gənc qazilərimiz var. Azərbaycan əsgərinin torpaq, Vətən sevgisi bütün dünyaya bir dərs, örnək oldu həm də. Çünki əsgərlərimiz bu gün bir çoxunun kənardan baxıb “bu sıldırım qayaları kimsə keçə bilməz” - dediyi qayaları, dağları məhz o torpaq, vətən sevgisi naminə fəth etdilər. Sıldırım qayalıqda olan Şuşanı – Qarabağın baş tacını azad etdilər. Bütün bunlar böyük bir tarix və tarixi missiya idi. 

Keçən il oktyabrın 17-də - Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyev Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə də qələbəmizi şərtləndirən amillər sırasında vətənpərvərlik amilini xüsusi qeyd etdi: “Bu Qələbəmizi şərtləndirən amillər nəzərə alınaraq kitablarda, məqalələrdə, elmi araşdırmalarda yazılacaq. Amma hesab edirəm ki, bunların arasında ən başlıcası məhz əyilməz ruhumuz və vətənpərvərliyimizdir. Məhz bu bölgədə bizim cavanlarımız, cavan əsgər və zabitlərimiz ölümə gedirdilər. Bütün o mövqelərdə, o dağlıq mövqelərdə ermənilər yerləşmişdilər. Onlar orada 30 il yerləşmiş, istehkamlar, bunkerlər, uzunmüddətli atəş nöqtələri qurmuşdular. Biz isə, düzənlik olan yerdən o təmas xəttini keçərək, o istehkamları yararaq gedirdik, bizim gənclər ölümə gedirdilər. Ona görə, birinci amil vətənpərvərlik, Vətənə olan sevgi, məhəbbətdir. Bu amil bizim xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacaq”.

Dövlət başçısı vurğulayıb ki, həmin istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərib: “Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır”.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin Azərbaycanın müasir tarixindəki ən böyük rolu vətənpərvərliyin təbliğatına xüsusi diqqət yetirməsidir.

Gələcəkdə davam edəcək missiya

Vətən müharibəsi Zəfərlə başa vuran Azərbaycan dövləti bu gün hər şeyi ilə Azərbaycan əsgərinin, qazisinin yanındadır. Şəhid ailələrinin problemlərinin həlli dövlətin başlıca missiyalarının birinə çevrilib.

Bununla belə, Azərbaycan yerləşdiyi geopolitik məkan və xaricdən hər zaman təhdidlərin olması ehtimalı ordu quruculuğunu bundan sonra da davam etdirilməsini zəruri edir. Bu gün Azərbaycan ordusu dünyanın ən müasir orduları sırasında yer alır. Bu gün Azərbaycan əsgəri dünyada ən şərəfli əsgər kimi tanınır. Qeyd edək ki, vətənpərvərliyin təbliğində dövlətin həyata keçirdiyi siyasətin gənclərə aşılanmasında təhsil sektorunun, vətəndaş cəmiyyətini təşkil edən təşkilatların da üzərinə böyük iş və məsuliyyət düşür. Bu gün Azərbaycan dövləti öz ordusunun, öz əsgərinin fəaliyyətini ən yüksək şəkildə dəyərləndirir. Bu dəyər həm də gələcək nəsillər üçün örnəkdir. Çünki Vətəni qorumaq üçün onu sevmək gərəkdir.

Azərbaycanın görkəmli şairi Abbas Səhhətin sözləri ilə desək “Vətəni sevməyən insan olmaz, olsa da ol səxsdə vicdan olmaz”.

Vətəni sevək ki, gələcəyimiz olan gənclərimizə də sevdirə bilək.

Çünki hər şey sevgidən, Vətən isə sərhəddən başlayır.

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2970

Oxşar yazılar