Səhnədən əbədiyyətə : Faciəli ölümü ilə xatırlanan məşhurlar
25 iyun 2026 20:15 (UTC +04:00)

Səhnədən əbədiyyətə: Faciəli ölümü ilə xatırlanan məşhurlar

0

Azərbaycanın mədəniyyət və incəsənət tarixində elə tanınmış simalar olub ki, onların qəfil və faciəli ölümü həm sənət cameəsini, həm də pərəstişkarlarını sarsıdıb. Qəza, infarkt, ağır xəstəlik və gözlənilməz hadisələr nəticəsində həyatını itirən bu məşhurlar yaradıcılıqları ilə yadda qalsalar da, yarımçıq qalan ömürləri ilə də uzun illər unudulmayıblar.

Lent.az həmin məşhurlar barədə siyahı hazırlayıb. 

Nəzakət Məmmədova

28 fevral 1944-cü ildə Gəncədə anadan olan və Azərbaycan opera və muğam sənətində silinməz iz qoyan Nəzakət Məmmədovanın taleyi faciəvi sonluqla bitib. Müğənni Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edərək boynundakı qırışlardan azad olmaq istədiyini deyir. Əməliyyat zamanı bıçağın boğazındakı şah damarı kəsməsi ilə müğənni həyatını itirir. Nəzakət Məmmədova qanaxma nəticəsində dünyasını dəyişir. Həkimin əslən erməni olması isə bu ölümün planlı olduğu ehtimallarını özündə saxlayır. Bundan sonra həkim Karol törətdiyi əmələ görə 9 il azadlıqdan məhrum edilir

Vaqif Mustafazadə

Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində anadan olub.  Yardıcılığı ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də sevilən Mustafazadənin ölümü isə erkən və gözlənilməz olur. Belə ki, o,  16 dekabr 1979-cu ildə Daçkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edir. 

 

Şəfa Hüseynova

1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olan Şəfanın həyatı da faciə ilə sonalnıb. Qısa ömür yaşayan müğənni ölümünü əvvəldən hiss edib. Ailəsinin narazılıqlarına baxmayaraq, müğənni olan Hüseynova mahnılarının çoxunu evlənib boşandığı həyat yoldaşına yazıb.

Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Saatlıdan Bakıya qayıdarkən baş verən qəzada Şəfanın içində olduğu avtomobil "Kamaz"a çırpılıb. Bunun nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. 

 

Aslan Hüseynov

1967-ci il mayın 17-də Qazaxıstanda anadan olan müğənni gənc yaşlarında Azərbaycana köçüb. "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" kimi mahnıları ilə ölkəmizdə populyarlıq qazanıb. Aslan Hüseynov 4 may 2021-ci ildə Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsinə dünyasını dəyişib. Məlumata görə, o, yeni vəfat edən (26 aprel) anasının məzarını ziyarətə gedib qayıtdıqdan sonra bu qəzaya düşüb.

Xanım Qafarova

Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası, Xanım Qafarova 1967-ci ildə Bakıda anadan olub. 47 illik həyatını kasıblıq içində keçirən aktrisanın dəmir qarajda yaşaması, ömrünün son illərini xəstəliklə keçirməsi çoxlarının yadındadır. "Kənddən gələn var", "Adam ol", "Yuxu", "Qaynana" kimi film və tamaşalarla izləyiclərin sevimlisinə çevirilən aktrisanın ailə həyatı da kifayət qədər uğurlu olmayıb. O, həyat yoldaşının ikinci ailəsi olduğunu uzun müddət yaxınlarından da gizlədib. Aktrisanın bu evlilikdən Gövhər adında qızı var. 

Xərçəngdən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə həmin kiçik daxmada da dünyasını dəyişib.

 

Arif Quliyev

O, 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. Sənətlə tanışlığı Mingəçevir Dövlət Dram Teatrındakı təyinatı ilə başlayan aktyorun həm həyat hekayəsi, həm də ölümü insanları bu gün də kədərləndirir. 

Uşaq evində böyüyən Arif Quliyevə sonrakı illərdə 19 nəfər anaası olduğunu deyərək müraciət edir. Arif Quliyev onların heç birinin könlünə dəymir, lakin onların anası olmadığını da bilir. Gülzar adlı xanımla evlənən aktyorun öncə həyat yoldaşı ağır xəstəliyə düçar olur, daha sonra isə oğlu Fəridi vərəm xəstəliyindən itirir. Arif Quliyev 7 may 2021-ci ildə koronavirus xəstəliyindən dünyasını dəyişir.

 

Tünzalə Əliyeva

Çoxlarının ağlında "Toppuş bacı" olaraq qalan Tünzalə Ağayeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. Atası fəhlə, anası isə tibb bacısı işləyən Tünzalə 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsində təhsil alıb. Daha sonra elə bu sahə üzrə də fəaliyyətini davam etdirib. 

Onun həyat hekayəsinin çətin dövrü isə 2018-ci ildə başlayır. Xərçəng xəstəliyinə tutulan aktrisa bir neçə dəfə əməliyyat olunur, 60-dan çox kimyaterapiya etdirir. Hətta müalicəyə dözə bilmədiyi üçün intihar etmək fikrinə də düşür. O, 22 yanvar 2023-cü ildə Milli Onkologiya Mərkəzində 49 yaşında dünyasını dəyişir. Aktrisanın ölümü bir müddət azyaşlı qızından gizlədilir.

 

Cabir İmanov

Azərbaycanın tanınmış aktyoru, komediya ustası və "Parni iz Baku" KVN komandasının üzvlərindən biri olan Cabir İmanov, 22 iyun 1976-cı ildə Bakıda anadan olub. İmanov uzun illər həm sənət, həm də dövlət qulluğunda fəaliyyət göstərib.

Cabir İmanov tamaşaçıların yaddaşında xüsusilə "Məhəllə"dəki rolu ilə qalıb. Uzun illər insanların üzündə gülüş yaradan aktyor gözlənilməz ölümü ilə hər kəsi kədərləndirib.  Cabir İmanov 29 sentyabr 2025-ci ildə, 49 yaşında idman zalında məşq zamanı keçirdiyi infarkt nəticəsində vəfat edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar