Şəhidin həyat yoldaşı: “O mənim həm atam, həm anam, dostum, hətta körpəm idi” - OCAQ ƏMANƏTİ
25 iyun 2021 19:18 (UTC +04:00)

Şəhidin həyat yoldaşı: “O mənim həm atam, həm anam, dostum, hətta körpəm idi” - OCAQ ƏMANƏTİ

0

Təsadüf

Milli mahnılarımızı aranjeman edib, bu sayədə, Türkiyədə, Rusiyada, Amerikada tanınan musiqi qrupunun üzvi olub. Bir vaxtlar milyonlarla izləyici qazanıb, indi isə milyonların qəlbində taxt qurub öz şəhidlik adı ilə. Vətənin bütövlüyü uğrunda canından keçən igidlərdən biri Eltun Qasımovdan bəhs edirəm. Təsadüflər onu tək buraxmayıb. Dünyaya gəlişi müstəqillik gününə təsadüf edən ailənin yeganə oğul övladı özünün 26-cı doğum günündə sonuncu mənzilinə yola salınıb.

İntizarlı oğulun dünyaya gəlişi

Qasımovlar nəslinin illərlə gözlədiyi gün - 18 oktyabr 1994-cü il... Qəhrəmanımız bu tarixdə Bakı şəhərində doğulub, ailəsinin, doğmalarının qəlbindəki oğul övladı intizarına son qoyub. Eltun Qasımov... Əslən qərbi Azərbaycandan olsalar da, 1988-ci ildən sonra Bakıda Binəqədi rayonu “Varovski” deyilən ərazidə yaşayıblar. Eltunun uşaqlıq illəri orada, gənclik illəri isə doğmalarının yaşadığı bu binada keçib. Binanın qarşısında Eltun Qasımovun xatirəsini əbədiləşdirən lövhə var. Valideynlərinin təşəbbüsü ilə bu abidə yaradılıb. Mənzilin qapısı üzümüzə açılarkən şəhidimizin divarlardan asılmış şəkli bizi qarşılayıb, evində qonaq elədi. Bu evdə Eltunun ən yaşlı doğmasından tutmuş evin ən balaca şirin şəkər sakininədək hər kəsin şəhidimizlə bağlı xatirələri var. Söhbətimizə şəhidimizin anası Aygün xanımla başladıq. Aygün xanım deyir ki, Eltun ilk oğul övladı olduğuna görə hər zaman əzizlənib. Ərköyün olsa da nənəsi, babası onu o qədər çox istəyib ki, dəcəllik edəndə belə ona bir söz deyə bilmirdik.

Təhsil həyatının astanasında

Eltun Qasımov 2001-ci ildə orta məktəbə başlayıb və 6-cı sinfə kimi Azər Məmmədov adına 115 saylı məktəbdə oxuyub, 2007-ci ildən isə 1-ci Qarabağ müharibəsi şəhidi Bəhruz Nuriyev adına 250 saylı orta məktəbdə təhsilini davam etdirib.

Sinif rəhbəri Gülgəz müəllimə deyir ki, Eltun çox gülərüz, mehriban, qayğıkeş bir şagird idi: “Ən sevdiyi fənn coğrafiya fənni idi. Coğrafiya müəlliməsi hər zaman deyərdi ki, Eltunun çox böyük istedadı var. O, sanki müəllim təcrübəsi keçib. Coğrafiya dərsində Azərbaycanın xəritəsini əzbər bilir, sanki hər bir yeri qarış-qarış gəzmişdi”.

Hədəflərin başında dayanan universitet həyatı

İnsan böyüdükcə arzuları da böyüyür. Elə bu baxımdan Eltun orta məktəbi bitirdikdən sonra, ali təhsilini 2012-2016-cı illərdə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment, sənayenin təşkili və idarə olunması fakültəsində alıb. Eltunun qrup yoldaşları və dostları ilə söhbət edərkən onun musiqiyə çox böyük marağının olduğunu və hətta dostu Raminlə milli musiqilərimizi aranjeman edərək dijital platformada musiqiləri öz dinləyicilərinə təqdim ediblər. Qısa zaman ərzində milyonlarla izləyici qazanaraq insanların qəlbini fəth ediblər.

İlk ürək döyüntüləri, birləşən əllər...

Qəhrəmanımız ali təhsilini başa vurduqdan sonra, 11 iyul 2016-cı ildən, 4 iyul 2017-ci ilədək Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə vətənə olan hərbi xidmət borcunu yerinə yetirib... İndi məqam başqadır. Eltun artıq ali təhsillini, hərbi xidmətini yerinə yetirib, işində çalışan bir gənc olaraq ailə həyatı qurmalı idi. Onun bu xoşbəxtliyinə valideynləri səbəbkar olub və qohumları olan Pərvin xanımla ailə qurmağına razılıq veriblər. Pərvin və Eltun hekayəsi də ondan sonra başlayıb...

Həyat yoldaşı Pərvin xanımın sevgisi hələ də gözlərindən oxunur: “Eltun tək ailə başçısı olmayıb. O mənim həm atam, həm anam, həm qardaşım, həm dostum, yeri gələn də həm də mənim ilk körpəm idi. Yeri gələndə dost olurduq, yeri gələndə ata-qız. O, mənə qızım deyirdi, mən isə ona atam deyirdim”.

Eltunun bacısı Aytac xanım söhbətimizə qoşularaq qardaşının toy gününü yada saldı. Dedi ki, həmin gün ən xoşbəxt günümüz idi: “Hamımız çox həyəcanlı idik. Qız toyunda da, oğlan toyunda da qardaşımı mən hazırlaşdırmışdım. Bəylik libasını ona mən geyindirmişdim”.

İlk körpə, ilk sevinc

Qasımovlar ailəsinin sıxıntılı keçən bir dövrü olub. Eltunun atası Vüqar müəllimin sağlamlığında, bu günə qədər hələ də davam edən narahatlıq yaranıb. Amma həmin vaxtlarda ailəyə körpənin gəlişi sanki onlara bir stimul bəxş edib. Eltun əvvəl oğluna atasının adını vermək istəsə də, el inancına görə “düşər-düşməzi olar” deyib və körpə oğluna Zeyn adını verib. Zeyn həm nənəsinə, həm babasına, həm də ki, ata və anasına ən gözəl hədiyyə olub.

Başlanan döyüş, Hadrutda sonuncu nəfəs

Eltun Qasımov Vətən savaşının başladığı vaxt ilk çağrışçılardan olub. Hətta bu məlumatı öncə telefon zəngi ilə öyrənib. Çağırış vərəqi gələnə qədər doğmalarına “özüm gedəcəyəm hərbi komissarlığa, Vətən məni seçib çağırıbsa, o qapımı döymədən mən könüllü torpağımı azad etməyə hazıram. Oğlum Zeynə qalmasın deyə mən gedirəm bitirməyə” deyib və ailəsi ilə sağollaşaraq əvvəl təlimlərə, sonra isə döyüşlərə qatılıb. Birinci Sumqayıtda “Nasosnu” deyilən ərazidə təlimlər keçən Eltun və digər çağrışçılar daha sonra Fizuli rayonundakı təlimlərə qatılıb. Ən sonda isə Xocavənd rayonu istiqamətində irəliləyiblər. Hər kəsə məlumdur ki, döyüşlər vaxtı düşmən Xocavənd rayonunun Hadrut qəsəbəsini itirmək istəmirdi. Savaşın ən gərgin nöqtələrindən biri də elə bu qəsəbədə idi. Hadrut azad edilsə də, düşmən meşəliklərdə gizlənərək ordumuza hücumlar təşkil edib, bölmələrimizin müdafiəsinə, möhkəmlənməsinə əngəllər yaradıb. İşğalçı qüvvə bilirdi ki, ordumuz həmin ərazilərdən keçib daha böyük yüksəklikləri tutacaq. Bu baxımdan məkrli niyyətindən əl çəkməyib və ordumuza qarşı tələlər qurub.  Çox gözəl bir deyim var ki, “torpaq su ilə qarışarsa palçıq, qanla qarışarsa adına vətən deyilər”. Eltun Qasımov və onunla birgə şəhid və yaralı olan oğullarımız, 15 oktyabr tarixində düşmənin “su” tələsinə düşüb.

Vətən müharibəsi iştirakçısı Teymur Kərimli  həmin günü xatırlayaraq deyir ki, ön xətdə hücumçu bölmələrimiz döyüşü aparırdı: “Biz də müdafiə üçün möhkəmlənməyə çalışırdıq. Bu zaman yolumuzun üstündə ağac və ətrafına səpələnmiş erməni qabında suları gördük. Çox susamışdıq və susuzluğumuz həmin gün bizə güc gəldi. Bölükdəki 80 nəfərdən 25 nəfəri həmin suya yaxınlaşarkən, düşmən minamiyotla bizi hədəf aldı və olduğumuzu yerə atəş açdı. Həmin gün o şəhidlərdən biri də Eltun Qasımov oldu”.

Həyəcanlı gün, doğum günündə verilən şəhid xəbəri...

Şəhidimizin doğmaları deyir ki, son günlər Eltun onlarla telefon əlaqəsi saxlamayıb. Elə hey düşünüblər ki, mütləq ad günündə zəng vurub səsini sevdiklərinə eşitdirəcək. 18 oktyabrda Qasımovlar ailəsinin cəbhədən gözlədiyi zəng gəlib. Amma bu zəng onları sevindirmək əvəzinə, ömürlərini solduracaq ən ağır xəbəri verib. Eltunun şəhid olduğunu eşidən ailəsi, onu Fizulidə xəstəxanalarda axtarmağa başlayıb. Sonda Eltunun diaqnostika xəstəxanasının həyətində şəhidlər üçün qurulan çadırda olduğu bildirilib.

Atası Vüqar müəllim həmin dəhşətli günü sözlər boğazında düyümlənərək, qəhərlə yada salır: “Həm vaxt özüm keçdim içəri, hələ yaxınlaşmamış baxan kimi dedim bu mənim oğlum deyil. Oradakı hərbi prokurorluğun nümayəndəsi dedi ki, ağsaqqal, səbirli olun, bu sizin oğlunuzdur. Üzərindəki gilizdə Qasımov Eltun Vüqar oğlu, 18 oktyabr 1994-cü il təvəllüdü yazılıb. Biçarə yaxınlaşdım şəhid balamın yanına və güclə də olsa oğlumu dodaq və burun nahiyəsindən tanıdım. Eltunum 2 gün neytral ərazidə qaldığına görə üzü şişmişdi. Bir ata üçün nə qədər çətin olsa da həmin gün o çadırda oğlumun açıq gözlərini mən əbədi bağladım”.

Oğlu Zeynə verdiyi sözü tutan şəhidimiz

Eltun Qasımov hərbiçi olmasa da, sırf vətənə olan sevgisi və torpağa bağlılığına görə, bu torpağın vətəndaşı olaraq cəbhədə döyüşçü oldu, vətən qarşısındakı imtahanından uğurla keçdi. Düzdür bu uğurda  öz canından, qanından keçdi, amma oğlu Zeynə və onun kimi körpələrə qələbə və əmin-amanlıq sevincini yaşadaraq əbədi dünyasına qovuşdu. İnanırıq ruhu da şaddır.

Eltun Qasımlının savaş vaxtı  göstərdiyi igidliyə və mərdliyə görə, ölümündən sonra “ Vətən uğurunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rahat uyu şəhidim, uğurunda canından keçdiyin torpağın övladları səni heç vaxt unutmayacaq!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2226

Oxşar yazılar