ABŞ-ın “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə “Qızıl top” mükafatına namizəd ola bilər.
Lent.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, texniki baxımdan hansı liqada çıxış etməsindən asılı olmayaraq istənilən futbolçu bu mükafatı qazana bilər.
Argentina futbolçusu 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra “The Athletic” portalının hazırladığı “Qızıl top” favoritləri reytinqinə başçılıq edib. Messi turnirdə vurduğu 6 qolla ən məhsuldar futbolçular siyahısına liderlik edib və dünya çempionatının bombardir rekordunu yeniləyib.
Təşkilatçılar xatırladıb ki, 2019-cu ildə qadın futbolu üzrə “Qızıl top” mükafatını ABŞ-ın “Sietl” klubunda çıxış edən Meqan Rapino qazanıb. ABŞ qadın millisinin dünya çempionu olduğu həmin il Meqan Rapino turnirin ən yaxşı oyunçusu və bombardiri seçilib.
“Qızıl top” futbolun ən nüfuzlu fərdi mükafatı hesab olunur. Mükafat 1956-cı ildən təqdim edilir. 1994-cü ilə qədər yalnız Avropa klubunda çıxış edən avropalı futbolçular bu mükafata layiq görülə bilirdilər. 1995-ci ildən etibarən Avropa klublarında oynayan bütün millətlərdən futbolçuların namizədliyi mümkün olub. Həmin il Liberiya millisinin hücumçusu Corc Vea “Qızıl top”u qazanan ilk qeyri-avropalı futbolçu olub. 2007-ci ildən isə dünyanın istənilən klubunda çıxış edən futbolçular bu mükafata namizəd ola bilirlər.
39 yaşlı Lionel Messi “Qızıl top”u ən çox qazanan futbolçudur. O, bu mükafata 8 dəfə sahib çıxıb. Messi sonuncu dəfə 2023-cü ildə “İnter Mayami”nin futbolçusu kimi səsvermənin qalibi olub, baxmayaraq ki, həmin mövsümün böyük hissəsini Fransanın PSJ klubunda keçirib. 2022/23 mövsümündə isə Argentina millisi ilə ilk dəfə dünya çempionu olub və 2022-ci il dünya çempionatının ən yaxşı futbolçusu seçilib.