Toyda təhlükəli yeməklər  – “qril”, balıq və ləvəngi: Məclis sahibini CƏZA GÖZLƏYİR
09 sentyabr 2025 16:10 (UTC +04:00)

Toyda təhlükəli yeməklər – “qril”, balıq və ləvəngi: Məclis sahibini CƏZA GÖZLƏYİR

0

Toy mövsümü başlayanda insanların ən çox diqqət yetirdiyi məqamlardan biri də süfrəyə təqdim olunan yeməklərin keyfiyyəti və təhlükəsizliyidir. Azərbaycanda şadlıq evlərində bəzi hallarda qida təhlükəsizliyi qaydalarının pozulduğu müşahidə olunur. Bu da bəzən kütləvi zəhərlənmələrə qədər gedib çıxır. Mövzunu aydınlaşdırmaq üçün mütəxəssislə söhbətləşdik.

Lent.az bu mövzu ilə bağlı düzgün fikirləri araşdırıb. Müsahibimiz qida eksperti Ağa Salamovdur:

- Toylarda yeməklərə necə nəzarət olunmalıdır?    

- Azərbaycanda, xüsusilə də bəzi şadlıq evlərində təəssüf ki, həm qida təhlükəsizliyi halları, həm qida ardıcıllığı, həm də texnoloji proseslərdə pozuntular müşahidə olunur. Burada əsas məsələ qida zəncirinin başlanğıcından başlayır. Toya gətirilən ət məhsullarının toyuq, ət, balıq və s. mənşəyi məlum olmalı, baytar nəzarətindən keçməli və mütləq soyuq zəncirdə daşınmalıdır. Məhsul qəbul edilərkən soyuducu maşının temperaturu qida təhlükəsizliyi standartlarına uyğun olmalıdır. Sonrakı mərhələdə məhsullar ya soyuducu anbara, ya da emal otağına göndərilməlidir. Emal otağının temperaturu 15-16 dərəcədən yuxarı olmamalıdır.

- Yeməklərin hazırlanmasında hansı qaydalara əməl olunmalıdır?

- Emal prosesi 2 saat ərzində tamamlanmalıdır. Məsələn, toyuğun şişlənməsi, doğranması, bastırılması ardıcıl və mərhələli şəkildə aparılmalıdır. Tez-tez görürük ki, bir dəfəyə yüzlərlə toyuq emal üçün çıxarılır və proses uzanır. Nəticədə məhsul saatlarla otaq temperaturunda qalır ki, bu da təhlükəlidir. Ən doğrusu, 20-25 toyuq mərhələli şəkildə çıxarılıb emal olunmalı, sonra isə dərhal soyuducuya qoyulmalıdır. Bişirmə də yalnız təqdimata yaxın vaxtda aparılmalı, yeməklər isti-isti masaya verilməlidir.

- Hansı yeməklər daha təhlükəlidir?

- Riskli məhsullar arasında toyuq qrili, balıq yeməkləri, balıq ləvəngisi, mayonezli salatlar, həmçinin menyu əsasında hazırlanan qidalar var. Bəzi hallarda bu yeməkləri toy başlamazdan 3-4 saat əvvəl masalara düzürlər. Bu, çox böyük səhvdir. Çünki qida üzərində bakteriyalar çoxalır və zəhərlənmə qaçılmaz olur. Ən düzgün yol odur ki, bu cür məhsullar masaya toy başlamazdan ən tez 1 saat əvvəl düzülməlidir. Əks halda, zəhərlənmə və hətta ölüm halları belə baş verə bilər.

- Toylarda menyu planlanması kim tərəfindən və necə müəyyənləşdirilməlidir?

- Menyu planlanması bəzən sahibkar tərəfindən həyata keçirilir. Deyirlər ki, bizdə belə bir menyu var və onun əsasında işləyirik. Bəzən isə toyda nə veriləcəyinə toy sahibi özü qərar verir. Belə hallarda sanki toy sahibi məcbur olaraq bütün prosesi öz üzərinə götürür. Məsələn, 50 manatlıq ən ucuz menyunu seçir və deyir ki, “mən 50 manat verirəm, amma hər şey daxil olsun”. Belə hallar da olur. Biz bunu çox vaxt nəzərdən qaçırırıq. Əslində, toyda menyu banket şəklində də planlana bilər yəni konkret olaraq deyirlər ki, biz toyda bu-bu yeməkləri istəyirik. Bu məsələlər daha çox qloballaşmalıdır.

- Toy menyusunda başqa hansı risklər mövcuddur?

- Burada qida intoleransiyası məsələsini də unutmaq olmaz. İnsanlar çox zaman süfrədəki bolluğa görə həddindən artıq qida qəbul edirlər. Bu aqressiv qidalanma adlanır və nəticədə həzm sistemi pozulur, köp, şişkinlik, hətta zəhərlənməyə bənzər əlamətlər yaranır. Bunun məsuliyyəti də toy sahibinin üzərinə düşür, çünki menyunu planlayan, qidaların çeşidini və miqdarını təyin edən məhz odur. Menyu sadəcə “doldurmaq” üçün deyil, insanın gündəlik qida rasionu nəzərə alınaraq tərtib edilməlidir.

- Yəni, ümumilikdə məsuliyyət kimlərin üzərinə düşür?

- Əgər bioloji, fiziki və kimyəvi çirklənmə halları baş verirsə, buna şadlıq evi rəhbərliyi və ya aşpaz cavabdehdir. Amma aqressiv qidalanma və qida intoleransı hallarında məsuliyyət birbaşa toy sahibinin üzərinə düşür. Unutmaq olmaz ki, bir həkim səhv etsə, bir insana zərər verə bilər, amma bir aşpaz və ya şadlıq evi səhv etsə, onlarla, hətta yüzlərlə insanın həyatı təhlükəyə düşə bilər.

Beləliklə, toy süfrəsinin sadəcə zəngin görünməsi deyil, həm də təhlükəsiz və sağlam olması vacibdir. Məhsulların düzgün daşınması, saxlanılması, emalı və təqdimatı hər bir şadlıq evinin əsas vəzifəsidir. Digər tərəfdən, toy sahibinin menyunu ağılla seçməsi, həddindən artıq yemək bolluğundan qaçması da vacib şərtdir. Çünki qida təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də insanların sağlamlığı və həyatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar