Alkoqol qoxusu, siqaret dumanı altında körpələrin göbək rəqsi -   ARAŞDIRMA
22 aprel 2009 17:30 (UTC +04:00)

Alkoqol qoxusu, siqaret dumanı altında körpələrin göbək rəqsi - ARAŞDIRMA

Əylənirikmi?

İndiki Bakı toylarında əsəbiləşmək üçün kifayət qədər səbəb tapmaq olar. Amma bu günlərdə olduğum bir toyda kefimi pozan nə musiqinin gur səsi, nə tamadanın şit təqdimatları, nə də yalnız söz xətrinə deyilən qeyri-səmimi tostlardı. Səbəb axşamın gec saatlarında, soyuq salonda nazik “mələk” qiyafəli, qonaqları əyləndirməyə məhkum edilən körpələr, göbək rəqsi edən 13-14 yaşlı qızlar, konfet paylatdırılan kiçik yaşlı uşaqlar idi. Göz görə-görə uşaqların əməyi istismar edilirdi. Günün bu saatında südünü içib çoxdan yatmalı olan uşaqlar, o səsli–küylü, içkidən başları dumanlanıb danışığını itirən, heç kimi vecinə almadan siqaret üfləyən, bir sözlə, uşaq psixologiyasına tam yad, aqressiv, qeyri-məqbul bir məkanda idilər. Bu səhnəni seyr edən bəzi narazı baxışlar olsa da içi mən qarışıq heç kim durub nə toy yiyəsinə, nə də restoran sahibinə açıq etirazını bildirmədi. Hətta bir çoxları bu eybəcər mənzərədən zövq almış kimi görünürdülər.

Bu toydan sonra uşaqları restoran, toy-şənlik işlərinə kimlərin qatdığını araşdırmağa başladıq. Əksər restoranlar bu xidməti təşkil edənlərə birbaşa çıxmağa imkan vermirlər. Deyirlər, istəyirsinizsə, pulunu verin, biz həll edərik. Məlum oldu ki, sifariş əsasında toylarda bu tip xidmətlər təşkil edən xüsusi təşkilatlar var. Restoranın və tədbirin səviyyəsindən asılı olaraq, qiymət 100-200 manat arasında dəyişir. Həmin kompaniyalarla birbaşa əlaqə qurmaq o qədər də asan məsələ deyil. Çünki o insanlar da tutduqları işin qanundan və insanlıqdan uzaq olduğunun fərqindədirlər. Bir xeyli əziyyət çəkəndən sonra şəhərin “yüksək səviyyəli” restoranlarından hesab edilən bir məkandan sadəcə bir telefon nömrəsi ala bildik. Telefona cavab verən kişi yerləşdikləri məkanı konkret söyləmədi. Ayın sonunda toyumuz olduğunu deyib, onunla görüşmək istədik. Görüşdən imtina edərək sadəcə onu söylədi ki, restoran sahibi ilə əlaqə saxlamalı və xidmətlər üçün də 200 manat ayırmalıyıq. Həmin şəxsdən onu da öyrənmək istədik ki, bəs oradakı uşaqlara bu puldan nə qədər düşür? Kompaniya rəhbəri əsəbiləşərək “bunun sizə dəxli yoxdur, pulunuzu verin, vəssalam” dedi. Sonra yenə söhbətin istiqamətini dəyişib, aydan-çaydan danışdıq. Arada yenə soruşduq ki, bəs bu uşaqları haradan tapırsınız. Cavab belə oldu: “Musiqi məktəblərində, rəqs dərnəklərində istedadlı uşaqları araşdırırıq, sonra valideynlərə yaxınlaşıb təklif edirik, qəbul edənlə də işləyirik”.

Məlum olur ki, uşaqların həyatını düzgün olmayan istiqamətə yönəldən həm də valideynlərdir. Təsəvvür edin ki, bir toyda bir neçə uşaq iştirak edir. Bəylə gəlin gələndə 10-15 körpə uşağı sıraya düzürlər. Biri gəlinin paltarını tutur, biri qarşısına yüyürür, biri arxasınca gül səpir və sair. Hətta kompaniya ən yüksək məbləği, yəni 200 manatı alanda belə bunun yəqin ki, böyük hissəsi kompaniya sahibinə düşür. Nəqliyyat üçün ayrılan pulu da çıxanda oradakı uşaqlara ən yaxşı halda 5-10 manat qala bilər. Həmin pul üçün bu uşaqları gecə vaxtı, həm də arzu edilməyən bir şəraitin içərisinə göndərmək nə qədər doğrudur? O uşaqların toyda hansı hadisələrlə, hansı səhnələrlə qarşılaşacağını nə bilmək olar? Bəs dövlətin səlahiyyətli şəxsləri bu mənzərəyə nədən laqeyd qalırlar?

Təbii, bu, təkcə Azərbaycanda görünən bir iş deyil. Bu və ya digər şəkildə dünyada 250 milyondan çox uşaq işləməyə məcburdur. Bunu Beynəlxalq Əmək Təşkilatı bildirir. Amma onların hesabatlarına baxanda söhbətin əsasən çox geridə qalan ölkələrdən getdiyini görmək olur...

Bu məsələ zaman-zaman Milli Məclisdə də qaldırılıb. Respublika Uşaq Təşkilatının sədri, deputat Gülər Əhmədova hələ ötən il bildirmişdi ki, bəzi toy şənliklərində azyaşlı qızlar göbək rəqsləri oynayır, hətta deputatların əyləşdiyi məclislərdə də bu cür hallarla qarşılaşırıq. Deputat bu halların qanunla qadağan olduğunu da vurğuladı. Hətta ona bir çox deputatlar da dəstək çıxdı. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “azərbaycanlı qız uşağını bu cür tərbiyə etmək, bu cür rəzalətə, alçaqlığa sürükləyib onun həyatını korlamaq olarmı?!” deyərək etirazını bildirdi. Millət vəkili dedi ki, azyaşlı qızların restoranlarda göbək rəqsi ifa etməsinə yol verilməsi həm də mənəviyyata, əxlaqa ziddir.

Parlament səviyyəsində səslənən bu etirazların üzərindən bir ildən artıq vaxt keçir, bəs nə dəyişib? Dəyişən odur ki, uşaqların proqramında xeyli “irəliləyiş” var: onlar artıq təkcə Azərbaycan rəqsləri oynamırlar – repertuara tanqo, hind, ərəb rəqsləri də daxildir.

Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev deyir ki, hazırda Azərbaycanda uşaq əməyinin istismarı ən vacib məsələlərdən birinə çevrilib: “Təsəvvür edin, elə son referendumda da Konstitusiyada dəyişiklik edilən maddələrdən biri uşaq əməyi ilə bağlıydı. Konstitusiyada qeydə alındı ki, 15 yaşından az olan uşaqların işləməsi qadağandır. Uşaq əməyindən istifadə olunması zamanı müəyyən kriteriyalar nəzərdə tutulub. Bunlardan kənara çıxanda isə artıq bu, istismardır. Yəni onun cəlb edildiyi əmək psixoloji, fiziki inkişafına zərərli olmamalı, təhsildən uzaqlaşdırmamalıdır. Siz dediyiniz hallarda isə bu kriteriyaların hamısı pozulur. Ona görə də bunu istismar adlandırmaq olar”.

Klinika rəhbəri çox vacib məsələyə toxunduğumuzu vurğulayaraq dedi ki, həyəcan təbili çalmağın vaxtı çatıb, hələ xeyli gecikib də: “İndiki toylarda heç böyüklər belə otura bilmir. O səsli-küylü, spirtli içki qəbul edilən, siqaret çəkilən zallarda uşaqlar hər gün işləyirlər. Bütün bunların hamısı uşaqların həyatına birbaşa təsir edir. Gecə saat 11-ə, 12-yə kimi çalışan uşaq səhər tezdən durub dərsə necə gedə bilər?”

Nazir Quliyevlə söhbətimizdən belə məlum oldu ki, bu kimi hallara əsasən polisdə yetkinlik yaşına çatmayanlarla bağlı işləyən inspektorlar nəzarət etməli və bu qanunsuzluğun qarşısını mütləq almalıdırlar. Bundan başqa, həmin uşaqlarla müqavilə bağlanıb-bağlanmadığını, bu əməkdən nə qədər vergi ödənildiyini müəyyənləşdirmək üçün vergi orqanı da işə qarışa bilər. N.Quliyev onu da əlavə etdi ki, sosial xidmətlərin əməkdaşları da bu vəziyyətə göz yumamalıdır.

Təşkilat sədri deyir ki, bu uşaqlarla müqavilə bağlanmadığından, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Elə bu baxımdan, uşaqların da həyatı təhlükədədir. N.Quliyev: Təsəvvür edin ki, toyda içkili adamlar dava salır, özü də bu tez-tez baş verən hallardır. Həmin davada kim zəmanət verir ki, bu uşaqlar xəsarət almayacaq? Səlahiyyətli şəxslər vəziyyətin gərginliyini nəzərə alıb, işlərini bu sahədə mütləq gücləndirməlidirlər. Bundan başqa, media və QHT-lər bu məsələnin üstündən sadəcə ötüb keçməməlidirlər, daim problem qabardılmalıdır”.

Klinika rəhbəri onu da vurğulayır ki, cəmiyyət olaraq bizlər də buna etiraz etməli, toy sahibləri bu xidmətlərdən imtina etməli, belə hallarla rastlaşanda isə qarşısını almalıyıq. Hazırkı vəziyyətdə isə ən böyük məsuliyyət restoran sahiblərinin üzərinə düşür. Bunu N.Quliyev bildirir. Yəni kompaniyalar xidməti təşkil etsələr də ondan istifadə edən restoran sahibi olur.

N.Quliyev bildirir ki, təhsil müddətində uşaqların əlavə işlərə cəlb edildiyini daha tez müəyyən etmək olur, yay aylarında, yəni tətil müddətində isə hansı uşaqların işlədiyini aydınlaşdırmaq bir qədər çətindir. Elə bu səbəbdən də klinika yay aylarında restoranlarda, əyləncə məkanlarında, parklarda hansı uşaqların əməyə cəlb edilməsi ilə əlaqədar monitorinqlərə başlayacaq.

Həmsöhbətim qeyd edir ki, beynəlxalq təşkilatların da vurğuladığı kimi uşaqların erkən yaşda pul qazanmaları onların gələcək həyatlarında müəyyən fəsadlar yaradır: “Təsəvvür edin, balaca uşaq evə ailə başçısı ilə bərabər pul gətirir, bunun sonu necə ola bilər? Təcrübə göstərir ki, onlar ən yaxşı halda pul hərisi olur, təhsildən uzaqlaşıb, konkret pul qazanmağın arxasınca düşürlər. Hətta pul qazanmağa imkan olmadıqda onlar hüquqa zidd əməllərə belə baş vurmaqdan çəkinmirlər”.

Gözümüz baxa-baxa körpələrimizin taleyi ilə oynayırıq. Hətta bəziləri uşaqların toy şənliklərindəki çıxışlarından əylənə də bilirlər. Nə qədər ki bizim bu vəziyyətə baxışımız dəyişməyib, uşaqlarımızın gələcəyi təhlükədədir. Yazını başlayanda ürəyimdə qalan bir sualı da sonda səsləndirmək istəyirəm, hətta cavabsız qalsa belə. Görəsən uşaqları oynadan həmin restoran sahiblərinin övladlarını bu cür işə cəlb etmək olarmı?

Səbinə Əvəzqızı

# 1544
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar