Hikmət Babaoğlu: “Gərək Leyliyə Məcnunun gözü ilə baxasan...” - SÖHBƏT
22 aprel 2013 15:45 (UTC +04:00)

Hikmət Babaoğlu: “Gərək Leyliyə Məcnunun gözü ilə baxasan...” - SÖHBƏT

0

Sonuncu dəfə əlimə nə vaxt qəzet aldığımı unutmuşam. Dünyadan xəbər tutmaq üçün telefonum bəs edir. Amma əlimə aldığım ilk qəzet dünənki kimi yadımdadır...

İndiki uşaqlar hərifləri telefonda mesaj yaza-yaza öyrənirlərsə, biz qəzet başlıqları ilə öyrənirdik. Məktəbə gedəndə artıq bir neçə hərf bilirdik, təbii ki, gündəlik məişətimizdəki əşyalara bənzəyən hərfləri... K çətin görünürdü deyə “əlifba”mız O ilə başlayırdı. O-nu yumurtaya bənzədib əzbərləyirdik...

M, U, N, İ – “gələcəyin işi” idi... C sınıq yumurtaya, T isə döşəmə yuyan taxtaya bənzədiyi üçün yadda qalırdı... Hər hərfin bugünkü uşaqların ağlına gələ bilməyəcək bir sirri var idi bizim üçün...

Bizim ilk dəsliyimiz olan qəzetlərdən boylanan qadınlar - qolları uzaq başı dirsəkdən aşağı açıq olan kök biləkli... dərisi günəşdə qaralmış... qalın qaşlı... nazik dodaqlı... qıvrım saçlı qadınlar da “gəl-gəl” deyirdi... Planı artıqlamasıyla dolduran kənd zəhmətkeşləri insanları səadətə aparan yeganə məkana – pambıq tarlalarına, üzümlüklərə səsləyirdi. İnsanı torpağa çağıran, torpaqda işləyən, təri torpağa axan qadınlar... nə isə, o torpaqlı dövrümüzün qadınları idi...

Keçək “Qadın klubu”muza. Mən tez gəlmişdim, oturub Antonio Tabukkinun “Pereyra iddia edirdi” əsərini oxuyurdum. Maraqlı gəldi. Qəzetdə çalışan Pereyra kafedə ofisiantdan “nə var, nə yox” soruşur ki, qəzeti alıb baxsam onsuzda ölkədə baş verənlərdən xəbər tutmayacam. Həqiqəti bilmək üçün şayiələri öyrənməliyəm.

Bu vaxt ofisiant yaxınlaşdı, mən isə heç nə soruşa bilmədim. Çünki zəng gəldi. Əvvəlcə Aygün Aslanlı, sonra isə Samirə Mustafayevə zəng edib təcili işləri çıxdığını, gələ bilməyəcəklərini xəbər verirlər. Klubumuzun yeni üzvü, xalqdan bir parça olan Neft Şirkətinin əməkdaşı Turac Hacızadə əlində “Yeni Azərbaycan” qəzeti ilə gəlir. Kitabımı qatlayıb ona: “Bəs deyirlər gənclik kitab-qəzet oxumur?” deyəndə, ofisiant “Deyilənlərə fikir verməyin, əsas faktlardır” deyir. Bu vaxt qonağımız da gəlir... Bu günlərdə yaranmasından 20 il keçən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Lent.az-ın qonağıdır.

Əvvəlcə bizə adının tarixçəsini danışır. Atası çox sevdiyi Nazim Himətin şərəfinə oğluna Hikmət adını verib. O da böyük Nazim heyranlarındandı:

- 1989-cu ildə Türkiyəyə gedəndə Gülhanə parkında bir az torpaq götürmək istədim. Başı aşağı torpağı torbaya yığanda hiss etdim ki, başımın üstündə kimsə dayanıb. Başımı qaldıranda polisi gördüm. Aramızda belə bir dialoq oldu:

  • Nə yapıyorsun? Topladığın toprağı ne yapacaksın?
  • Məmləkətimə götürəcəm...
  • Məmləkətində nə yapacaksın o toprağı?
  • Nazim Hikmətin məzarına götürəcəm... Sonra başa düşdüm ki, çox böyük səhvə yol vermişəm. 89-cu ildə Nazim Hikmət hələ də düşmən idi.
  • Rusiyadanmı geldiniz?

Düşündüm ki, bəli desəm başa düşməyəcək. Evet də demək istəmirəm ki, qoy cavabımda bir milli kolorit olsun. Dedim hə. Dedi: “Çemene fazla zarar vermeden çabuk gidin burdan”.

 

Tez torpağı cibimə qoyub ordan uzaqlaşdım. Rumeli hisarından çıxıb Bosfor boğazına baxanda mənə elə gəldi ki, ordan mənə bir cüt mavi göz baxır... Qulaqlarımda səsləndi ki, “O mavi gözlü bir devdi...”

 

Özümüz də fərqində olmadan iqtidar partiyasının qəzetinin iyirmi illik yubileyi münasibəti ilə olan müsahibəmizə ədəbiyyatdan başlamış oluruq. Bəs necə? Ədəbiyyat insanları birləşdirən ortaq sevgidir.

 

Vüsalə: Hikmət müəllim, əvvəllər qəzetinizin çox yaxşı ədəbiyyat əlavəsi çıxırdı. İndi niyə yoxdur?

 

  • Biz indi də hər həftənin şənbə, ya bazar günündə “Ya ədəbiyyat” səhifəsi veririk. Amma haqlısız, son bir ayda ictimai siyasi tədbirlərimiz çox olduğu üçün bu səhifəni hazırlaya bilmirik. Bu da diqqətinizdən yayınmayıb.

 

Vüsalə: Bu gün gənc yazarlar çoxdur və əksəriyyəti üçün fərqi yoxdur harda, önəmli olanı çap olunmaqdır. Əgər iqtidar mətbuatı onların üzünə açıq olsa, müxalifət cəbhəsində birləşməzlər...

 

  • “Ya ədəbiyyat” səhifəmizi gənclər arasındakı ən yaxşı istedadlardan və çalışqan gənclərdən biri olan Əkbər Qoşalı hazırlayır. Bu söhbəti onunla etmişəm və ortaq məxrəcə gəlmişik ki, biz çap olunmaq həvəsində olan bütün gənclər üçün bir tribuna olaq. Doğrudan da səhifəmiz o gənclər üçün açıqdır. Mən adlarını deməkdə çətinlik çəkəcəm. Amma “Ya ədəbiyyat” səhifəmizdə bir neçə gəncin şeir və hekayələrini veririk. Hətta deyim ki, həvəsləndirmək üçün bədii keyfiyyətinə görə bir çox hallarda güzəştə gedirik. Azərbaycandan kənarda yaşayan bəzi müəlliflər var ki, onları da bu işə cəlb etmişik.

 

Vüsalə: Məsələn, Lent.az Kulus.az-ı yaratmaqla ortaya bir çox imza çıxartdı. Siz bizə “Ya ədəbiyyat” səhifəsinin tapdığı, yaratdığı imzalardan bir neçəsini saya bilərsiz?

 

  • Bilsəydim ədəbiyyat səhifələrimizi vərəqləyib gələrdim, orda çoxlu sayda gənclər var. Amma mən o iddiada deyiləm ki, yeni imza yaradaq. Çünki bu ictimai-siyasi qəzetdir, siyasi elitanın tribunasıdır. Bizim məqsədimiz də bu deyil. Azərbaycan öz müstəqilliyini qazananda mənim 25 yaşım var idi. Çox həyəcanlı və maraqlı bir dövr idi, gözümüzün qabağında yeni Azərbaycan dövləti yaranırdı. Çox sevinirəm ki, elə o dövrdən də “Yeni Azərbaycan” qəzeti işıq üzü gördü. O vaxtlar mən YAP-ın mərkəzi aparatında ideologiya şöbəsində işləyirdim. Jurnalistikadan gəldiyim üçün də birbaşa işim ideoloji yazılar yazmaq idi. “Yeni Azərbaycan” qəzeti qələmimin cilalanmasında, özünü dərk prosesinin getməsində, siyasi təfəkkürümün formalaşmasında çox böyük məktəb oldu. Makedoniyalı İsgəndər Axillesin qəbri üstünə gəlib deyir ki, insanın tarixdə qalması üçün iki şey vacibdir. Hünər və onun təbliğatçısı. Sən necə xoşbəxt idin ki, allah sənə hünər vermişdi və sənin Homer kimi təbliğatçın var idi. İlk dəfə bu fikri söyləyəcəm, hesab edirəm ki, müstəqil Azərbaycanı hünərpərvər şəxsiyyətimiz Heydər Əliyev yaratdı. “Yeni Azərbaycan” qəzeti isə İliada, Homer olmasa da, hər halda YAP-ın ruporu oldu. Ötən 20 il ərzində müstəqil Azərbaycanın salnaməsini yazdı.

 

Vüsalə: Saytınıza daxil olanda Heydər Əliyevin qəzeti oxuduğu şəklini görürük, amma prezident İlham Əliyevin...

 

  • İlham Əliyevin də fikirləri var. Dediyiniz o şəkil Heydər Əliyev təyyarədə qəzet oxuyarkən çəkilib deyə orda yerləşdirmişik. Prezidentimiz heç şübhəsiz ki, sədri olduğu partiyanın qəzetini oxuyur. Sadəcə indiyə qədər bizə o kadrı tutub şəkə bilmək fürsəti düşməyib.

 

Turac: “Yeni Azərbaycan” qəzeti hər gün bizim iş yerinə gəlir və işdəki bütün YAP üzvləri qəzeti oxuyur.

 

  • Görürsüz, oxunur.

 

Vüsalə: Şübhə etmirəm. Amma saytınızı açıb baxanda mənə o qədər də aktiv, operativ gəlmədi. Hətta sosial şəbəkələrə keçidləriniz var ki, açdım, youtube-da video sayına baxdım. Virtual aləmdə bir passivlik gördüm...

 

  • Hesab edirəm ki, saytımız bəyənilən, çox canlı bir saytdır, hərəkətlilik var, hətta son xəbərlərdə sabah qəzetdə çıxacaq yazıların anonslarına qədər veririk. Faktiki olaraq internet portalı kimi fəaliyyət göstəririk. Giriş sayı da az deyil, siyasi gündəmin nəbzinə uyğun olaraq artıb azalır. “Yeni Azərbaycan” qəzeti siyasi elitanın qəzetidir, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun daim diqqət etdiyi bir qəzetdir. Biz bunu ordan bilirik ki, qəzetdə dərc olunan fikirlər dərhal ölkənin ən müxtəlif təbəqələrində - istər müxalifət cəbhəsində, istər radikal müxalifət cəbhəsində, istərsə də digər siyasiləşmiş qruplarda reaksiya doğurur. Bu mənada “Yeni Azərbaycan” qəzeti ölkənin siyasi gündəmini müəyyənləşdirir. Çünki burda daim partiya funksionerlərinin, nümayəndələrinin ki, bunlar da hakimiyyət nümayəndələri hesab olunurlar, fikirləri dərc olunur və cəmiyyətdə rezonans doğurur. “Yeni Azərbaycan” qəzeti hətta bir çox diplomatik korpuslarda tərcümə olunub xülasəsi təqdim olunur. Bu fikirlər bir çox hallarda o diplomatların vətənlərində müzakirə olunur. “Yeni Azərbaycan” qəzetində yazılan yazılar AŞPA-da müzakirə olunur. Bütün bu faktlar qarşısında siz mənə Azərbaycanda ikinci qəzet göstərə bilərsiz ki, o qəzetdə gedən materiala Avropa Şurasında münasibət bildirilsin, hansısa böyük bir ölkənin xarici işlər nazirliyi bəyanat qəbul etsin. Bəlkə də kütləvilik arzu olunan səviyyədə deyil, bu da bütün çap media üçün keçərlidir. Amma siyasi sanbal, güc, ciddiyyət, Azərbaycan dilinin istifadə olunması, etik normaların qorunması, klassik mətbuat ənənələrimizin qorunması baxımından “Yeni Azərbaycan” qəzetinə rəqib qəzet çox az olar. Amma əgər bizim millət vəkilləri “Yeni Azərbaycan” qəzetində gedən bir yazını “like” etmirlərsə, hesab etmirəm ki, oxumayıblar. Sadəcə onlarda “like” etmək vərdişi yoxdur. Mən sualınıza bu qədər cavab verdim, amma yenə də istəyirsiniz bir bu sualı o millət vəkillərinin özlərindən də soruşarsız.

 

Sonra bizə klassik mətbuat ənənələrimizdən danışır və böyük sevgi ilə, ilk baş redaktoru Şaban Şabanovu xatırlayır: “Necə yazmağı ondan öyrənmişəm”.

 

  • Jurnalist lazım gəlsə bir səhifəlik yazını bir cümlə ilə, yaxud bir cümlə ilə ifadə olunacaq fikri bir səhifəlik yazı ilə ifadə etməyi bacarmalıdır. Və başlıq! Başlıq hər şey deməkdir. İndi isə əndazədən çıxıb.

 

Bu yerdə mövzudan xeyli uzaqlaşırıq. Müsahibə dili yüyrək olar deyib, finala gələk.

 

  • Mən bir çox kitabların, dərsliklərin, araşdırmaların müəllifiyəm. Bu yaxınlarda da yeni bir dərsliyim işıq üzü görəcək. “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”. Bununla bərabər medianın, xüsusi ilə də internet medianın və sosial şəbəkələrin mahiyyəti ilə də bağlı bir kitab hazırlamışam. “İnfoimperializm və media”. İnfoimperializm terminini politologiya elminə mən gətirmişəm. İzah etməyə çalışmışam ki, internet bu gün bizim düşündüyümüz kimi sadəcə əyləncə, informasiya mənbəyi deyil. İnternet və sosial şəbəkələr qlobal dövlət adlandırılan imperializmə xidmət edən silahdır. Mən bu imperializmin adını infoimperializm qoymuşam. İnfoimperializm informasiyaya institusional forma verməklə idarə etməni təşkil etməkdir. Bu qlobal dövləti qurmaq üçün hakimiyyəti virtual məkanda qurmaq lazımdır. Şəbəkə hakimiyyəti – facebook, media orqanları, TV və s. Burda o proses gedir ki, informasiyalara müəyyən enerji, psixoloji yük yükləyirlər. Biz o informasiyanı qəbul edəndə o artıq beynimizə kontur kimi yüklənir. Həddindən artıq o informasiyalarla yüklənəndə özümüzü idarə etmədə idraki keyfiyyətlərimiz passivləşib geri çəkilir. Bizi informativ keyfiyyətlərimiz, aldığımız informasiyalar idarə edir, beynimizi formalaşdırır. Nəticə etibarı ilə biz artıq ətrafda baş verənlərə əqli, idraki keyfiyyətlərimizə görə yox, informatik keyfiyyətlərimizə görə münasibət bildiririk. Adekvat olaraq da münasibət görürük. Bu informatik bazamız bizi yönləndirməyə başlayır. Biz informasiya ilə idarə olunan canlıya çevrilirik, idrak yoxdur. Nəticə etibarı ilə kütləvi qeyri-şüuri davranışa gətirib çıxardır və burda artıq xalqların timsalında bir xaos var. Çünki informasiya ilə idarə olunan bir kütlə formalaşıb. Biz başlayırıq onun əsasında hərəkət etməyə. Bu idarə olunan xaosdur. Bir info ilə prosesi irəli də aparmaq olur, geri də çəkmək olur. Cəmiyyəti hakimiyyətə qarşı da yönləndirə bilirlər və insanlar hesab edir ki, çox ağıllı iş görürlər. Kütləvi qeyri-şüuri davranış Misir, Suriya hadisələrinə gətirib çıxardır. Suriyada müharibə niyə bitmir? Axı müasir texnika ilə Bəşər Əsədi öldürmək bir dəqiqənin işidir. Amma öldürmək, müharibəni qurtarmaq istəmirlər. Qoy bu müharibə davam etsin, küçə-küçə barrikadalar qurulsun, Suriya tamamən yerlə-yeksan olsun və ən axırda Qərb gəlsin ki, sizə demokratiya gətirmişik. Elə bil ki, demokratiya bazarda satılan köynəkdi, ərəb əyninə geyinən kimi demokrat olacaq. Axı sənin demokratik davranışını, həyat tərzini təmin edəcək intellektual bazan, dünya görüşün, mədəniyyətin, hüquqi sistemin yoxdursa, sən necə demokrat olacaqsan? Mövzudan çıxmamış geri qayıdım, bütün bunlar çox təhlükəli tendensiyalardır. Ona görə də informasiya təhlükəsizliyi cəmiyyətin aktual problemidir. Biz və siz, media orqanları bu informasiyaların tərcüməçisi olmalıyıq. Sadə vətəndaşa izah etməliyik ki, bu nə deməkdir. Və yaxud o manipulyativ informasiyanı cəmiyyətə ötürməməli, körpü rolunu oynamaqdan imtina etməliyik. Biz niyə görə imperializmə xidmət etməliyik ki, o da mənim vətəndaşımdan özümə, dövlətimə düşmən yarada.

 

Turac: Yeni mətbuatın şüaları qəzet səhifələrinə nə qədər düşür?

 

  • “Yeni Azərbaycan” qəzeti azərbaycanlı təfəkkürünün, ümumi dünya görüşünün, siyasi elitasının, fikrinin, dünya görüşünün məhsulu kimi ortaya çıxır. “Yeni Azərbaycan” qəzeti Heydər Əliyev ideyalarının, YAP proqramının daşıyıcısı, ideoloji ruporu kimi ortaya çıxır. Hesab edirəm ki, milli mətbu nümunələrimiz içində istər struktur, istərsə də dizayn baxımından, mən hələ mahiyyət və məzmun baxımında demirəm, ən yaxşı sayılan qəzetlərdən biridir. Tənqid etmək olar, amma baxır hansı gözlə necə baxırsan. Məşhur ərəb məsəlindən misal çəkim. Gərək Leyliyə Məcnunun gözü ilə baxasan. Hər bir nəşrdə qüsur tapmaq olar. Gəlin baxaq, görün manşetdə nə qədər informasiyamız var, hamısı da şəkilli informasiyalar. Biz diqqət çəksin deyə manşet səhifəmizi daha zəngin etməyə çalışırıq.

 

Turac: Saytlar da elədir. Amma bir çox saytlar, qəzetlər xəbərə elə şəkil seçirlər ki, heç hadisə ilə əlaqəsi olmur.

 

Vüsalə: “Yeni Azərbaycan” qəzeti iqtidar partiyasının orqanıdır, maddi sıxıntısı yoxdur, arxayın işləyir. Amma elə saytlar var ki, “çörəyi klikdən çıxır”...

 

  • Bu gün Azərbaycanda himayəsiz sayt yoxdur və hamısına bu və ya digər formada maddi yardım göstərilir. Çünki Azərbaycanda informasiya bazarı o dərəcədə inkişaf eləməyib ki, hansısa portal və ya informasiya agentliyi məhsul tapsın. Hələ bu bazar uzun müddət də formalaşmayacaq. İstehlakçı bazarı çox zəifdir. Qəzetlər də eləcə. Dünyanın heç bir yerində belə şey yoxdur, amma bizdə nəşr olunan bütün qəzetlərə dövlət dəstək verir. Ayrılan vəsaiti hamımız görürük.

 

Turac: Bu doğrudur? Bəlkə heç bir vəsait ayrılmamalıdır ki, qəzet dövlətdən asılı olmasın, istədiyini yazsın?

 

  • Onsuzda qəzetlər istədiyini yazır. Dövlətdən pul ayrılması o demək deyil ki, o qəzet istədiyini yaza bilməyəcək. KİV DF-dan ən çox tənqid yazan qəzet “Yeni Azərbaycan” qəzeti ilə eyni miqdarda pul alır.

 

Vüsalə: Mən oxudum ki, Siz Azərbaycanda İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçısız. Bugünkü Azərbaycana baxanda hansı qənaətə gəlirsiz?

 

  • Müxtəlif interpretasiyalar etmək olar. Amma əsas etibarı ilə Azərbaycanda hüquqi cəmiyyətin mövcud olması üçün konstitusion əsaslar, siyasi iradə var, hüquq sisteminin formalaşması prosesi başa çatıb. Amma bəzi hallarda bu formal xarakter daşıyır. Bu nədir? Özlüyündə ən mükəmməl qanunlar, ən mükəmməl hüquq belə o cəmiyyətdə müasir hüququn bərpası demək deyil. Bu o vaxt mümkün olur ki, hər bir insan öz hüquqları uğrunda mübarizə aparır. Mən burda böyük dövlət xadimi Heydər Əliyevin bir fikrini sizə əsas gətirmək istəyirəm. O deyib ki, “Öz hüquqlarını bilib və onu qorumağı bacaran ən kiçik ölkə, ən böyük məmləkət qədər güclüdür”. Bu fikri üç hissəyə bölək. Bu fikir bizi hüquqi maariflənməyə dəvət edir, “Öz hüquqlarını bilib”, bizi mübarizəyə dəvət edir, “onu qorumağı bacaran” və göstərir ki, “bu şeyləri mənimsəyəndən sonra ən böyük məmləkət qədər güclü olacağıq”. Hesab edirəm ki, bu çağırış elə bugünkü Azərbaycan cəmiyyəti üçün də aktualdır. Öz hüquqlarını bil və onu qorumağa bacar. O olmasa inkişaf etmiş cəmiyyətdən danışmaq çətin olacaq. Burda isə artıq fikrimi futbol üzərindən izah etsəm, top artıq cəmiyyətdədir. Amma arzu olunan səviyyədədirmi? Xeyir! Belə olanda bu məsələləri aktuallaşdırıb geniş ictimai auditoriyanın diqqətinə təqdim eləmək lazımdır ki, vətəndaş, maariflən, savadlı, mübariz ol, şəxsiyyət ol. Onda Azərbaycan cəmiyyəti inkişaf edəcək. İnkişaf etməmiş cəmiyyətin inkişaf etmiş mətbuatı ola bilməz. Çünki cəmiyyət inkişaf edibsə onun mətbuatı ondan bir addım irəlidədir. Bizim cəmiyyət nədirsə biz də ona çox oxşayırıq. Bizim cəmiyyət mətbuatımıza, mətbuatımız isə cəmiyyətimizə oxşayır.

 

Turac: Hüquqlarımız bizə efirdən Elgizin "Cümə axşamlar"ı, Zaurun "Ümid var"ı vasitəsi ilə təqdim olunursa, qadına hüquqları Elgizin dili ilə izah olunursa, bunun təsir gücü nə qədər olacaq?

 

  • Azərbaycanın efir məkanında da, mətbuatında olduğu kimi çoxsaylı problemlər var. Hətta daha kəskin və təhlükəlidir. Çünki print, ya elektron medya heç kimin evinə məcburi girmir. Ona görə də hesab edirəm ki, intellektual şoular olmalıdır. Bu günkü cəmiyyətin bir nömrəli problemi intellektdir. Azərbaycan cəmiyyəti durmadan inkişaf edir, amma bu inkişaf özlüyündə böyük problemlər gətirir. Bu maariflənmədir, intellekt qazanma, şəxsiyyət olma, alternativ fikir istehsal etmə, cəmiyyətə ideya verməkdir və s. Bunlar çox ciddi məsələdir. Paralel olaraq iqtisadi inkişafı intellektual inkişaf dəstəkləməsə bu inkişafımız uzunömürlü ola bilməz. Buna görə də ölkə prezidenti İlham Əliyev belə çağırış edib ki, biz qara qızılı intellektual qızıla çevirəcəyik. Bu XXI əsrin çağırışıdır.

 

Redaksiyadan: “Yeni Azərbaycan” qəzetinin kollektivini qəzetin yaranmasının 20 illiyi münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1893

Oxşar yazılar