<b>Piştaxtalar boşaldılıb, ticarət dayanıb, nə alan, nə satan var </b>- <span style="color:red;">UNİVERMAQDAN REPORTAJ
03 fevral 2016 17:24 (UTC +04:00)

Piştaxtalar boşaldılıb, ticarət dayanıb, nə alan, nə satan var - UNİVERMAQDAN REPORTAJ

 

“3 gündür satışı dayandırmışıq. Tələblərimiz yerinə yetirilənə qədər heç nə satmayacağıq. İcarə haqları yüksəkdir. Bununla bağlı rəhbərliyə dəfələrlə müraciət etsək də, heç bir addım atılmır”.

 

Bu sözləri Lent.az-ın əməkdaşına Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında yerləşən "Moskva" univermağında qızıl-zinnət satışı ilə məşğul olan şəxslərdən biri bildirib.

Univermaqda ticarətlə məşğul olan şəxslər 3 gündür piştaxtalarını boşaldaraq satışdan imtina ediblər. Onlar yer haqlarının çox baha olmasında şikayətlənir.

 

Univermaqda müşahidə aparan əməkdaşımızın sözlərinə görə, piştaxtaların bir çoxunun içi boşdur. Ticarətçilər isə boş piştaxtaların qarşısında gələcək talelərini müzakirə edirlər. 

 

Univermağln Xuraman adlı administratoru deyir ki, hazırda univermaq rəhbərliyi və satıcılar arasında danışıqlar gedir və ən yaxın müddətdə hər şeyin öz qaydasına düşəcək: “Hazırda mağaza sahibləri ilə söhbətlər aparılır. Hər şey yaxşı olacaq. Müəyyən endirimlər olacaq. Qiymətlər əvvəlki həddə olmayacaq, güzəştlər gözlənilir”.

 

 

Xuraman xanım yanımızdan uzaqlaşaraq, satıcılarla danışmağa başlayır.

 

 

Univermaqda sakitlikdir. Satıcılardan biri bildirir ki, buradakı biznesini bankdan külli miqdarda kredit alaraq qurub: "Banklar gündə zəng edir, kreditlərimizi ödəyə bilmirik. Dollar qalxıb. Məlum məsələdir ki, qızılı xarici ölkələrdən alırıq.  İstər-istəməz qiymətləri qalxır. Alıcı yoxdur, heç kim qızıl almağa gəlmir. Ayda 2000 manata yaxın icarə haqqı verirəm. Əlavə xərclər də var. Satıcıya əmək haqqı veririk. İndiki şərtlərdə ziyana gedirik. Cibimizdən xərcləyirik”.

 

 

Onun qonşuluğunda olan digər bir satıcı isə 3 gündür işləmədikləri üçün heç nə qazanmaqdıqlarını deyir: “3 gündür boykot edirik. Rəhbərlik bizimlə razılaşmır. 1 metrlik yerə görə ayda 1500 manat icarə haqqı verirəm. İnanırsınız, son ayda 500 manatlıq belə, alver olmayıb. Dollar bahalaşandan sonra qiymət qalxıb. Nəticədə alıcı qıtlığı yaranıb. Paytaxtın heç bir ərazisində bu cür bahalaşma yoxdur. Amma rəhbərlik vəziyyətimizi nəzərə alıb güzəşt etmir”.

 

 

 

Digər bir satıcı rəhbərlik tərəfindən onların hüquqlarının tapdalandığını bildirir: “3 gündür satışı dayandırmışıq. Tələblərimiz yerinə yetənə qədər heç nə satmayacağıq. Yer pulları çoxdur. Bununla bağlı rəhbərliyə dəfələrlə müraciət etsək də, heç bir addım atılmır. Biz ölkə başçısına müraciət edirik. Yalnız ona güvənirik”.

 

 

Qeyd edək ki, fevral ayının 2-də Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında yerləşən "Moskva" univermağında satıcılar yer haqqının bahalığına etiraz olaraq aksiya keçirib. satıcılar piştaxtaları boşaldaraq işləməkdən imtina edib və yer haqqının eyni şəxs tərəfindən, eyni qiymətlə yığılmasını tələb ediblər.

 

Univermaq rəhbərliyi də həmin günü müəyyən endirimlərinin olacağı barədə açıqlamalar vermişdi.

 

# 204
avatar

Səlcuq Elçin

Oxşar yazılar