Şəlalə yazır: “Gözü dönmüşdü, əl atıb türbanını cırdı...” - HEKAYƏT
12 mart 2013 18:15 (UTC +04:00)

Şəlalə yazır: “Gözü dönmüşdü, əl atıb türbanını cırdı...” - HEKAYƏT

Əvvəli: http://news.lent.az/news/118169

 

9-cu hissə

 

Məsud qoltuğundakı bükülünü çıxarıb, qadına uzatmışdı, qadın qırmızı lent bağlanmış

hədiyyəni açanda sevindiyindən uçmuşdu, ağzı bağlı qutuda onun çox sevdiyi gümüş

boyunbağı və qolbaq-üzük dəsti var idi. Məsud eşələnib, gödəkcəsinin qoyun cibindən daha bir bükülü çıxarıb, stolun üstünə qoymuşdu.

 

Bu, xəlvəti satılan, dost-tanış vasitəsilə minbir zəhmətlə əldə etdiyi meyvə arağı idi. Qadın içkini görəndə, bir az şaşırmış, sonra isə özünü bundan xoşallanan kimi göstərib, meyvə dolu vazanı və zərif büllurdan olan kiçik stəkanları gətirib, stolun üstünə düzmüşdü. Biri-birlərinə baxıb gülümsəmiş və içmişdilər. Qadın deyəsən, ilk dəfə idi, içirdi. Üzünü turşudaraq, qədəhi yerə qoymuşdu, bu anda Məsud dişlərində tutduğu alma dilimini ehtirasla qadının dodaqlarına uzatmışdı...

 

Sonra öpüşmüşdülər.

 

Yenə içmişdilər...

 

Yenə öpüşmüşdülər...

 

Sonra yenə də...

 

Yenə də...

 

Və bir-birilərinə sarılmışdılar, gözləri qapanmışdı, dodaqları, bədənləri qovuşmuşdu,

dünyanı unutmuşdular...

 

Ehtiraslı iniltilərin harmoniyası ilə ömürlərinin ilk əfsanəvi gecəsini yaşamışdılar...

 

Nəcibə bir qadın sövq-təbii ilə rəqibinin meydana çıxdığını hiss edirdi. Məsudun bütün

hərəkətləri bunu deyirdi.

 

Nəhayət dözməyib, bir axşam üsyan bayrağı qaldırdı. Gecə yarısı evə dönən Məsudu qapının ağzındaca yaxaladı:

 

- Harada idin?

 

Məsud sərməst gözləri ilə arvadını çəpəki süzdü, heç bir cavab verməyərək öz otağına tərəf addımladı. Nəcibə də onun dalınca içəri girdi. Məsud əynindəki gödəkcəni soyunub divanın üstünə tulladı və içki tədarükü görmək üçün mətbəxə keçdi. Nəcibə stolun üstündəki qəzetə bükülmüş və iplə möhkəm sarınan bağlamanı götürüb, əli ilə yoxladı. İçki butulkası idi... Nəcibənin ürəyindən qara qanlar axdı. “Bu çirkabı hardan, kimdən alır, görəsən? Ajan əlinə düşsə, qanımız getdi!” Bir anlıq ağlına gələn fikirdən bədənini dəhşət bürüdü, gizlincə spirtli içkilər satan dəllalların və onların müştərilərinin, polis tərəfindən ələ keçirildiyi təqdirdə, hansı müsibətlərə məruz qaldığını çox gözəl bilirdi. Spirtli içkilərin alış-satışı qanunla qadağan olunduğundan, adamlar bu işi xəlvəti

görürdülər.

 

“Allahın lənətinə gələsən, elə!”-deyə, ürəyində ərini söydü və hikkə ilə otaqdan çıxdı. Qapının ağzında az qala Məsudla toqquşacaqdı ki, bu məqamda göz-gözə gəldilər.

 

Məsudun açıq-qəhvəyi gözlərinin dərinliklərində məsum bir kədər gizlənmişdi. Nəcibənin baxışları isə kinlə dolu idi.

 

Bir neçə saniyə baxışdıqdan sonra, Nəcibə sərt hərəkətlə ərinin yanından uzaqlaşdı.

Məsud xeyli onun arxasınca baxdı. “Deyəsən, arvad qəflət yuxusundan ayılıb!” Ayılmasa, bundan yaxşıydı.

 

Məsud tut arağından bala-bala vurmağa girişdi. Sevgilisi ilə butulkanın yarısına qədər içmişdilər, Məsudun yola çıxacağından ehtiyatlanan qadın and-aman etmişdi ki, daha içməsin, çünki gecəyarı paytaxtda avtomobil idarə etmək asan deyil. Qəza törətmək ehtimalı bir tərəfə, əgər yolda artıq-əskik bir hərəkət etsəydi, ajan dərhal başının üstünü alacaq və adamın içkili olduğunu aşkar edəcəkdi. Ondan sonrasını isə allah göstərməsin!

Meydanda şallaqlanmaq, illərini qəddarlıqda dünyada məşhur olan İran zindanlarında çürütmək, rüsvayçılıq, yaxınlarının sürgünü, mətbuatın mövzusuna çevrilmək, karyeranın, ailənin və xoşbəxtliyin sonu!

 

İçkili vəziyyətdə ajan əlinə düşmək bu demək idi!

 

Məsud içdikcə o gözəl, zəki qadını və onun dediklərini düşünürdü, birdən beyni qızdı.

 

Ayağa qalxıb, yataq otağına keçdi. Arvadı hələ yatmamışdı, otaqda namaz qılırdı. Qadın

qapının cırıldamağına səksəndi, amma səcdədə olduğundan, başını qaldırmadı. Məsud qapının ağzındaca bir müddət ona tamaşa elədi. Bu vaxt namaz vaxtı deyildi, əcəba, bu arvadın başı xarab olub nədi?

 

Yəqin, mənim günahlarımın bağışlanması üçün yalvarır... hmm! İndi ki allahın qəbul vaxtları deyil, bəs bu səfeh kiminlə danışır orda?

 

Məsud irəli yeriyərək, arvadının qolundan tutub, onu ayağa qaldırmaq istədi. Nəcibə diksinib, onun əlini geri itələdi və əzbərlədiyi duanı daha ucadan, tez-tez oxumağa başladı.

 

Məsud yenidən hiddətləndi, əl atıb, Nəcibənin qolundan yapışdı və var gücünü sərf edərək, onu ayağa durğuzdu.

 

Nəcibə, qorxudan titrədi və onun qüvvətli əllərindən xilas olmağa çalışdı. Məsud dartıb, arvadının başındakı ağ türbanı cıranda, Nəcibə özünü saxlaya bilməyib ağlamağa başladı. Kişi bir əli ilə ondan möhkəm yapışaraq, digər əli ilə qadının əynindəki uzun

ağ örtüyü dartıb, çıxardı.

 

- Səsini kəs, qancıq! - deyə Məsud arvadının ondan heç vaxt eşitmədiyi vəhşi səslə bağırdı.

 

Nəcibə ərinin qızarmış gözlərindəki qəzəbin dərəcəsindən anladı ki, susmasa, vəziyyəti daha pis olacaq. Namaz vaxtlarında əyninə geyindiyi xüsusi geyimi və baş örtüyünü Məsud təpikləri altında tapdalayıb, cırırdı. Nəcibə hiddətlə dişlərini biri-birinə sıxaraq,

qəhərini udmağa çalışır, gücsüzlüyündən heç bir müqavimət göstərə bilmirdi. “Ya ağam imam Hüseyn, özün kömək ol!” - deyə içində yalvarırdı.

 

Məsud qadının qolundan darta-darta, onu araq içdiyi otağa apardı. Stulu çəkib, Nəcibəni

oturtdu. İldırım sürəti mətbəxə gedib, əlində bir stəkan cəld geri qayıtdı və stəkana araq süzdü.

 

Nəcibə əsə-əsə ərinin hərəkətlərini izləyirdi, “aman allah! Yox, bircə bu yox, bu olmasın!” Ya Əli, sən özün dadıma çat, ya sübhənallah!”

 

Məsud stəkanı arvadının qabağına itələdi və sərt səslə dedi:

 

- Götür!

 

Nəcibənin gözü yaşla doldu, yazıq-yazıq Məsuda baxdı.

 

- Götür, demirəm sənə? - Məsud səsini bir az da möhkəm qaldırdı.

 

Nəcibə nə edəcəyini bilməyib, tərəddüdlər içində vurnuxurdu, götürsünmü? Əlini mübarək peyğəmbərin haram buyurduğu bu murdar şeyə vursunmu?! Götürməzsə nə olacaq? Bəlkə yalvarım? Allaha, peyğəmbərə onsuz da inanmır...Uşaqların canına and verim!

 

Məsudun səbri tükəndi. Stəkanı qaldırıb, arvadının üzünə tutdu: Ya iç, ya da kəlmeyi-şəhadətini oxu! Tez ol, vaxtım yoxdur!

 

Nəcibə stəkanı titrək ovcuna aldı. İçkinin qoxusu burnuna vurdu. Ürəyi bulandı. Lakin geriyə yol yox idi. “Ya sübhənallah, özün mənim günahımdan keç!” - deyərək, stəkanı başına çəkdi.

 

(ardı var)

# 1748

Oxşar yazılar