92
15:32
30 Mart 2016

61 il sonra qayıdış, Qara Şəhərdəki daxma, xatirəsinə olimpiada həsr edilmiş bakılı – HƏYAT HEKAYƏSİ

Bakıya düz 61 ildən sonra qayıtmışdı. Nə az, nə çox 61 il sonra. Onu dəmiryolu vağzalında həmkarı Mikayıl Hüseynov qarşılamışdı. Bakıya isə Moskvadan gəlmişdi. Elə Moskvaya da Bakıdan getmişdi, 11 yaşında. Bakıyla bağlı xatirələri də elə bu 11 yaşa sığırdı. Dəqiq xatırladığı 11-ci Ordunun Bakıya girməsi idi. Çünki məhz bu hadisədən sonra onların ailəsi Bakıdan pərən-pərən düşmüşdü. Əvvəl qardaşı ölmüşdü, 7 yaşında. Bundan bir ay sonra atasını həbs etmişdilər. İki il sonra isə anası onu və bacısını götürüb Bakıdan getmişdi…

***

Bakıda yunan əsilli Kandilislərin ailəsində dünyaya gəlmişdi Georgi. Ondan böyük Drina adlı bacısı vardı. Və bir də İlyas adlı qardaşı. İlyas çox yaşamamışdı. Elə ondan sonra anadan olan qardaşı Saşa da 7 yaşında vəfat etmişdi. Anaları Vera Skanavi iki uşağını götürüb Bakıdan getmişdi Yunanıstana, Afinaya. Vera xanım Bakıda fortepianodan dərs deyirdi. Əri Panayotis isə neft avadanlıqlarının alqı-satqısı ilə məşğul olurdu. Bolşeviklər Bakını işğal edəndən sonra bütün varidatı əlindən çıxmışdı. Hətta şəhərin mərkəzindəki evlərini də əllərindən almışdılar. Ailə Qara Şəhərdə balaca bir daxmaya sığınmışdı. Sən taleyin işinə bax, 11 yaşlı Georgi (Jorj) 61 il sonra Bakıya qayıdacaq, həm Parapet bağındakı evlərini, həm də Qara Şəhərdəki kiçik daxmalarını tapacaqdı…

Amma bütün bunlara hələ vardı…

***

Afinada onlar nənələrinin yanında yerləşmişdilər. Jorjun tərbiyəsi ilə ana nənəsi Aleksandrina məşğul olurdu. Afina yaxınlığındakı kiçik qəsəbədəki gimnaziyada təhsil almışdı. Gimnaziyanı bitirdikdən sonra isə Afina Politexnik Universitetinin memarlıq fakültəsinə daxil olmuşdu. 5 illik universitet təhsili bitər-bitməz o, artıq Afinada memarlıq bürosu aça bilmişdi. Amma 2-ci dünya müharibəsi müvəqqəti də olsa, onun işini yarımçıq qoymuşdu.

Jorj Kandilis sevimli sənətinə, memarlığa bir də müharibədən sonra, 1946-cı ildə qayıdacaqdı…

***

1946-cı ildə Jorj yunan hökumətinin seçdiyi 95 intellektual gəncin arasında yer almışdı. Fransayla razılaşmaya görə, rəsmi Paris bu gənclərin təhsilini öz üzərinə götürür, onların təhsilinin davam etdirməsinə şərait yaradır, yüksək təqaüdlə təmin edəcəkdi. Bu qərar Jorjun taleyində həlledici rol oynayır. 35 yaşlı Jorj Parisə gəlir, məşhur memar Le Korbuzyenin memarlıq bürosuna daxil olur. Və məhz bundan sonra Korbuzyenin özü ilə ona dünya şöhrəti gətirən layihələrdə iştirak edəcəkdi…

1950-52-ci illərdə Korbuzye ilə birgə Marsel şəhərinin yollarının dizaynını verirlər. Az sonra onlar Mərakeşə köçürlər. Kasablanka şəhərində “Semiramis” və “Nids Dabeille” yaşayış evləri kompleksinin layihələşdirilməsi isə Jorja dünya şöhrəti gətirir.


Jorj elə həmin il Parisdə şəxsi memarlıq bürosunu açır. Tezliklə "Operation Million" adlı müsabiqənin qalibi olur və Fransanın müasir memarlıq nümunələrinə öz damğasını vurur. Tuluza və Banyol-syur-Sez şəhərinin genişlənməsi, Port-Leucate və Port-Barcares kimi kurort şəhərlərinin layihələri də məhz ona məxsus idi.

1970-ci ildə o, Tuluza Universitetinin memarlıq fakültəsini yaradır, Fransa hökuməti yanında ali mədəniyyət komitəsinin üzvü təyin olunur.

Fransada yaşasa da, vətəni Yunanıstanı da unutmur. Jorj Kandilis dəfələrlə Yunanıstan hökumətinin şəhərsalma işlərində məsləhətçi kimi çıxış edir. Hətta Afina mərkəzinin sahilyanı rayon olan Neo Faleroya köçürülməsini də layihələşdirir.

"Kim iddia edir ki, biz bu gün və ya sabah üçün tikirik, o, səhv edir. Sabah üçün tikməkdən ötrü, bir gün də qabaqda yaşamaq lazımdır.

Bunu sonralar Jorj “Memar olmaq” adlı xatirələr kitabında yazacaqdı. Hə, yaddan çıxmamış bir məqamı da deyim, keçək Jorjun vətəni Yunanıstanda etdiklərinə. Kandilisin “Memar olmaq” kitabı dünya memarlarının stolüstü kitabı hesab edilir. Söhbət ondan gedir ki, avtobioqrafik olsa da, əslində kitabda Jorj həm də öz sənətinin incəliklərini paylaşır. Və elə bu səbəbə görə, gənc memarlar üçün qiymətli hesab edilir.


***

Jorj ömrünün son illərini Yunanıstanda keçirir. Yunan hökuməti müasir Olimpiya Oyunlarının 100 illiyinə görə, bu oyunları Afinada keçirmək istəyirdi. Məhz elə bu səbəbdən Kandilisdən xahiş edilir: O, "Afina 1996" qrupuna rəhbərlik edərək, Olimpiya Oyunlarının keçiriləcəyi idman obyektlərinin yeni dizaynını işləməliydi. Kandilis və qrupu gecə-gündüz çalışır. Təşkilatçılara möhtəşəm proqram təqdim edirlər. Hər şey, hətta ən kiçik idman obyekti, Afinanın mərkəzi küçələri, qonaqların yaşayacağı yerlər… bir sözlə, hər şey zərgər dəqiqliyi ilə hesablanır. Amma Afina səsvermədə Atlantaya uduzur. Onda Kandilis tarixi bir söz deyir: “Afina “Coca-Cola”ya uduzdu”. Çünki oyunların rəsmi sponsoru olan “Coca-Cola”nın baş ofisi də məhz Atlantada yerləşir…

***

Bu məqamı Jorj ürəkağrısı ilə qəbul edir. İki dəfə dalbadal insult keçirir. Heç Olimpiya oyunlarının açılışını belə görmür. 1995-ci ilin mayında vəfat edir. Amma…

Amma çox yox, 9 ildən sonra onunu layihəsi həyata keçir. Yunanlar 2004-cü il Olimpiya Oyunlarını keçirmək hüququ qazanırlar. Təbii ki, Jorjun layihələrindən istifadə etməklə. Bu oyunları isə yunanlar məhz onun xatirəsinə həsr edirlər.

Tanınmış memarlardan birinin sözüdür.“Parisə ilk dəfə gələnlər bilmirlər hara getsinlər, nəyə baxsınlar. Gecə-gündüz həyat qaynayan, vitrinləri alışıb yanan, reklamları aramsız sayrışan bir şəhərdi Paris. Bir yandan Monparans, Peqas, Yelisey prospekti, bir yandan da Sena çayı boyunca düzülmüş Paris Notrdam kilsəsi, Luvr muzeyi, Eyfel qülləsi. Bir yandan isə Lo Korbiizye, Oskar Nimeyer və Jorj Kandilisin yaratdığı nadir sənət nümunələri. Hansını seyr edəsən axı?”.

Bütün dünyanı heyrətə salan sənət nümunələri, sənətkarlar arasında Jorjun da adı var. Eləcə Havr şəhərindəki “Residence de France” yaşayış kompleksində, Cenevrədəki fransız ibtidai məktəbində, Savoyyadakı Saint-Martin-de-Bellevilledə qış kurortunda, Berlin Müstəqil Universitetində. Və…

Və onlarla belə binalarda…