Azərbaycanda tanınmış vəkilin saxlanılması hüquq ictimaiyyətində diqqət çəkən hadisələrdən birinə çevrilib. Noyabrın 19-da “Alyans” Vəkil Bürosunun direktoru Orxan Rüstəm oğlu Kəngərlinin polis tərəfindən saxlanıldığı məlum olub. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ittiham olunur. Hazırda onun barəsində yekun məhkəmə hökmü yoxdur və təqsirsizlik prezumpsiyası qüvvədədir.
Bu hadisə cəmiyyətdə maraqlı bir sualı yenidən gündəmə gətirib: Başqalarının hüquqlarını müdafiə edən, qanunları ən incə məqamlarına qədər bilən vəkillər özləri cinayət məsuliyyətinə cəlb olunanda nə baş verir?
Əslində, bu, təkcə Azərbaycanda rast gəlinən hadisə deyil. Dünya hüquq tarixində elə vəkillər olub ki, məhkəmə salonlarında insanların azadlığını müdafiə edərkən sonradan özləri müttəhimlər kürsüsündə əyləşiblər. Bəziləri müştərilərinin milyonlarını mənimsəyib, digərləri dələduzluq sxemləri qurub, hətta qətl törətməkdə təqsirli bilinənlər də olub.
Lent.az dünyada və Azərbaycanda cinayət törətdiklərinə görə məhkum edilmiş vəkillərin ən səs-küylü dosyelərini araşdırıb.
Ədalət müdafiəçisindən milyonluq dələduza
ABŞ hüquq tarixinin ən səs-küylü qalmaqallarından biri məşhur vəkil Tom Girardinin adı ilə bağlıdır. Uzun illər nüfuzlu hüquqşünas kimi tanınan Girardi ağır qəzalarda xəsarət alan insanların hüquqlarını müdafiə edirdi. Müştəriləri ona inanır, məhkəmələrdə qazandıqları təzminatları etibar edirdilər.
Lakin araşdırmalar göstərdi ki, vəkil həmin pulların milyonlarla dollarını mənimsəyib. O, bəzi müştərilərinə ödənişlərin gecikməsini müxtəlif bəhanələrlə izah edir, vəsaitləri isə başqa məqsədlərə yönəldirdi.
2025-ci ilin iyununda Girardi 7 il 3 ay həbs cəzasına məhkum edildi. Mənimsənilən vəsaitlərin bir hissəsi dəbdəbəli həyat tərzinə, şəxsi təyyarələrə və bahalı əşyalara xərclənmişdi.
Ailəsini öldürən vəkil: Amerikanı sarsıdan cinayət
ABŞ-də başqa bir dəhşətli hadisə Aleks Mördo (Alex Murdaugh) ilə bağlıdır. Cənubi Karolinada nüfuzlu hüquqşünas ailəsinin nümayəndəsi olan Mördo illərlə vəkillik fəaliyyəti göstərib.
2023-cü ildə o, həyat yoldaşı və oğlunu öldürməkdə təqsirli bilinərək iki ömürlük həbs cəzasına məhkum edildi.
Sonradan onun maliyyə cinayətləri də ayrıca araşdırıldı. Məlum oldu ki, Mördo hüquqi yardım göstərdiyi insanların pullarını müxtəlif sxemlərlə ələ keçirib. O, saxta hesablar vasitəsilə müştərilərinə çatmalı olan təzminatları mənimsəyirdi.
2024-cü ilin aprelində ona federal maliyyə cinayətlərinə görə əlavə 40 il həbs cəzası verildi.
Məşhur müştərisini aldadan vəkil
ABŞ-də tanınmış vəkil Maykl Avenatti də oxşar qalmaqalın mərkəzində olub. O, Donald Trampla hüquqi mübahisəsi nəticəsində məşhurlaşan Stormi Danielsin vəkili idi.
Lakin məhkəmə müəyyən etdi ki, Avenatti müştərisinin kitab müqaviləsindən əldə etdiyi təxminən 300 min dolları qanunsuz olaraq özünə götürüb. Bunun üçün saxta sənədlərdən istifadə etmişdi.
Avenatti digər maliyyə cinayətlərinə görə də məhkum edilib. 2025-ci ildə müştərilərinin pullarını mənimsəməsi və vergi cinayətləri ilə bağlı iş üzrə ona yenidən 11 ildən artıq həbs cəzası təyin olunub.
Azərbaycanda da vəkillər həbsə düşüb
Belə hadisələr Azərbaycandan da yan keçməyib.
2026-cı ilin yanvarında keçmiş vəkil İbrahim Hüseynov dələduzluğa görə iki il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına əsasən, o, həbsdə olan şəxsin azadlığa buraxılacağını vəd edərək 44 min manat alıb. Lakin vədinə əməl etməyib. Hüseynov həmçinin müəyyən müddət vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. O, daha əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunmuşdu.
Azərbaycanda daha bir diqqətçəkən hadisə keçmiş vəkil Ruhid Əkbərovla bağlıdır.
2024-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi onu 6 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
İşin ən təəccüblü tərəfi isə Əkbərovun daha əvvəl də dələduzluğa görə məhkum olunması idi. O, həbsdə olduğu müddətdə başqa bir məhkumdan işini həll etmək adı ilə 53 min manat almaqda ittiham edilirdi.
Vəkil cinayət törədəndə cəza daha ağır olmalıdırmı?
Bu hadisələr mühüm sual doğurur: Qanunları peşəkar səviyyədə bilən şəxsin onları qəsdən pozması adi vətəndaşın törətdiyi cinayətdən nə ilə fərqlənir?
Vəkillərin əsas üstünlüyü hüquqi bilikləri ilə yanaşı, insanların onlara göstərdiyi etimaddır. Həmin etimaddan sui-istifadə edilməsi təkcə maddi zərər yaratmır, hüquq sisteminə inamı da sarsıdır.
Azərbaycan qanunvericiliyində də qulluq mövqeyindən istifadə etməklə dələduzluq ayrıca məsuliyyət yaradan hal kimi nəzərdə tutulur. Bununla belə, vəkil olmaq özlüyündə hər cinayətə görə daha ağır cəza verilməsi demək deyil.
Dünyadakı nümunələr göstərir ki, hüquqşünas diplomu insanı cinayətdən sığortalamır. Ədaləti müdafiə etmək üçün verilən səlahiyyətlər şəxsi qazanc vasitəsinə çevriləndə isə ən ağır zərbəni məhz kömək gözləyən insanlar alırlar.