<b>Ananın son sözü, əsirlikdə bacı ilə görüş, 12 yaşlı qardaş son nəfəsdə... – <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ  </b>
03 aprel 2014 15:34 (UTC +04:00)

Ananın son sözü, əsirlikdə bacı ilə görüş, 12 yaşlı qardaş son nəfəsdə... – ƏSİR DÜŞƏRGƏSİ

Məktəbi yenicə bitirmiş bir gənc düşünün...

Bəlkə də hələ ilk öpüşünü dadmamış, bir qıza oğrun-oğrun baxmamış bir gənc...

Dodaqları ilk həyəcandan titrəyəndə torpağa toxunan, nəfəsi od-tutub yananda onunla soyuq səngəri qızdıran, güclü və gənc qolları ilə silahı qucaqlayan bir gənc...

Son zəngi çalınar-çalınmaz müharibəyə yola düşən, Qarabağ uğrunda silaha sarılan bir oğul düşünün...

Bir ananın gərəyi, bir atanın dirəyi, bir bacının ürəyi, bir qızın gələcəyi oğul...

Bir evin, bir elin ümidi... Düşmənin çəpəri oğul...

...Az əvvəl döyüşdə düşmənə əsir düşən hələ iyirmi yaşı olmamış sütül bir əsgəri düşünün...

Əsgərin məsum simasındakı hədəqəsindən çıxmağa hazır olan dəhşətli gözlərini və bir barda beş kişiyə birdən qulluq edirmişcəsinə həyasız bir sifətlə əlində qayçını açıb-yumaraq onun üstünə gələn bir erməni qadınını düşünün...

Ətrafda toplaşıb bu mənzərəni sanki xoruz döyüşdürürmüşcəsinə küyə basan bir dəstə azğın erməni hərbçisi və tibb bacısı düşünün...

Əsir əsgərə yaxınlaşıb son anda qayçını onun gözü önündən aşağı endirib qolundakı Azərbaycan bayrağını kəsib yerə atan, tapdayıb gülən erməni qadınını düşünün...

Ətrafdakı alqış səslərini və gülüşləri düşünün...

Bütün bunların qarşısında dayanan əsgəri düşünün...

Bu kadrları 2002-ci ildə erməni televiziya kanalından izləmişdim. Ağdam haqda hazırladıqları bir verilişdə şəhəri işğal edərkən necə bayram elədiklərini və əsir götürdükləri əsgərlərlə necə davrandıqlarını fəxrlə nümayiş etdirirdilər...

Onda hələ mətbuatda çalışmırdım. Amma o vaxtdan erməni əsirliyindən qayıdan insanlarımızla görüşmək, hekayələrini dinləmək istəyirdim. Qismət bu günə imiş...

Bu gündən Lent.az-da Sizə əsirlikdən qayıdan insanların hekayələrini danışacam. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq...

Zəruri qeyd: Əsəbi zəif olanlar və ürəyi bu torpaqla döyünməyənlər, sizə tövsiyəm – Ctrl+W! Bu layihə qolları düşməni yox, Qarabağ müharibəsinin ağrısını yaşayanları bağrına basmağa açılanlar üçündür!

 

***

 

Müşfiq Əliyev. 1977-ci il, yanvarın 25-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. İki böyük bacı, üç böyük qardaş və ondan kiçik iki qardaş. Atası Nadir kişi neçə illər kəndin mağazasını işlədib, anası Nüşabə xanım isə evdar qadın olub. O illərdən kiçik xatirə:

 

- Ürəyimiz konfet, peçenye istəyən kimi gedərdik atamın dükanına. Bilirdi niyə gəlmişik. Bizi dükanın qapısı ağzında dayanan görən kimi konfetlə peçenyeni çıxardıb qoyardı piştaxtanın üstünə. Tez götürüb qaçardıq evə ki, dərsimizi oxuyaq. Hamımız əlaçı idik. Özü də bir yerdə olmazdı, böyükdən balacaya növbə ilə gedirdik! (Gülür) Yaxşı günlər idi, heyf...

 

- Yaxşı günlər bitəndə neçə yaşınız var idi?

 

- On beş. Böyük qardaşlarım üçü də - Adil, İlham və Vüqar könüllü döyüşə getmişdi. Biri snayperçi idi, o biri topçu. Biri isə piyada qoşunlarında döyüşürdü. Rusiyada hərbi xidmət görmüşdülər, bacarıqlı əsgər idilər. Ən kiçiyimiz 12 yaşlı Tural idi...

 

1992-ci il. Laçının işğalından sonra Qaxda yaşayan dayısıgilə gedirlər. Bir ilə yaxın orda qaldıqdan sonra ordumuz Laçının kəndlərinin yarısını işğaldan azad edir, camaat yavaş-yavaş evinə axın eləməyə başlayır:

 

- Bizim kəndimizi tamam yandırmışdılar deyə başqa kəndə köçdük. O kənddə 5-6 salamat ev qalmışdı, adamlar qayıtdı, canlanma var idi... Atam yenə dükan açdı, başladıq orda yaşamağa.

 

- Hamınız?

 

- Atam, anam, mən, məndən iki yaş böyük bacım Yeganə və kiçik qardaşım Tural. Qardaşlarım döyüşürdü, böyük bacım isə Bərdəyə ərə getmişdi, orda yaşayırdı. Məndən iki yaş kiçik olan qardaşım Habil isə dayımgildə qalmışdı. Atamın hardasa 50-55, anamınsa 45 yaşı olardı...

 

Yeni nəsil inanmayacaq, amma biz doğrudan o yaşda olanda ata-anamızın yaşını dəqiq bilməzdik. Onların yaşını bilməmiz üçün gərək qol götürüb toyumuzda oynayaydılar, balamızı dizlərinin üstündə oynadardılar, sonra xəstələnərdilər, həkim gəlib deyərdi ki, “daha filan qədər yaşı var” və biz onda xəbər tutardıq ki, yetmişi haqlayıblar... Onların yaşını bilməmiz üçün biz öz yaşımızı unudub böyüməliydik! Amma müharibə buna imkan vermədi... Müharibə nəyə imkan verdi ki...

 

- 1993-cü il, martın sonları. Gecə yuxudan tankların səsinə oyandıq. Ermənilər Ağdərə tərəfdən Kəlbəcərə hücum eləməyə başlamışdılar. Qoşun Laçın tərəfdən geri çəkilirdi. Böyük qardaşlarım xəbər gətirdilər ki, vəziyyət çox ağırdı, biz bu tərəfdə ermənilərlə döyüşürük, ancaq ermənilər arxa tərəfdən gəlir, mühasirəyə düşə bilərik. Kəlbəcərdəki qohumlar da həmən gecə “Kamaz” maşını ilə gəldilər ki, mütləq çıxmaq lazımdı. Gecə ilə o “Kamaz”a yığılıb Kəlbəcərin Çobangərəkməz kəndinə gəldik. Orda qohumlarımız var idi.

 

Kəlbəcər ərazisində tunel deyilən bir ərazi var, oranı keçəndən sonra Kəlbəcərin özünə doğru gedirsən. Həmin o tunelin qarşısında da Ağdərə yolu gəlib birləşir. Ermənilər o yolu tutsalar, bütün kəndlər mühasirədə qalacaq. Dağ yolu var idi, onu keçmək isə çox çətin və məşəqqətlidir. Həm də hər adam o yolu tanımırdı.

 

- Atamgil dedi ermənilər yolu tutmamış, gecəylə çıxaq. Qohumlar dedi, Murovdağı aşmalısız, uşaqlarla yola çıxmayın, soyuq olar. Ağdərə yolu, bağlı, Laçın yolu bağlı. Bircə yol qalır, Kəlbəcəri keçib Murov dağından aşmaq. Orda da yayın yay günü qar-çovğun olur. Ona görə də gecəni Çobangərəkməzdə qalıb, səhər saat 9 radələrində bütün qohum-əqrəba ilə hərə özünə bir az yorğan-döşək, ayın-oyun götürüb, həmin “Kamaz”a yığılıb yola düşdük.

 

- Ayın tarixi yadınızda?

 

- O tarixi heç vaxt unutmaram! Martın 31-i idi.

 

- Maşında kimlər var idi?

 

- Maşını Nizami adlı qohumumuz sürürdü. Qardaşları Məhəmməd, Fariz, yeni ailə qurmuş bacısı Əsmayə, körpə uşaqlar, hamilə qadınlar, qocalar... təxminən 30 nəfər idik. Yolda isə silahlı bir əsgər bizə əl elədi ki, məni də götürün, ordunu gecə ilə geri çəkiblər, mən burda qalmışam. Balakəndən idi, yolu tanımırdı. Yolda qoyası deyildik ki, onu da götürdük. Cibimdə 900 rubla qədər pul var idi. Üzü tunelə tərəf gələndə ordan yüz rubl götürüb bu biri cibimə qoyub dedim “Nəzir deyirəm, tuneli salamat keçək!”

 

- Nəziri hara dediz?

 

- Ehtiyacı olan bir adama verəcəkdim... (Susur, boğazında düyünlənən qəhər davam etməyə imkan vermir)

 

Uzunluğu hardasa iki yüz metr olan, dağın içindən oyulub açılan tunelə gedən yol Tərtər çayının üstündən keçir. Maşının arxasındakı yükün üstündə əyləşən oğlan hündürdən hər yanı görə bilir:

 

- Onda gördüm ki, aşağıda, çayda bizim Milli Ordunun əsgərlərindən biri yaralıdır və onu çay aparır. 5-6 nəfər əsgər də onu sudan çıxarmağa çalışır. Əlində silah olan əsgərlərdən biri bizə əllərini yelləyib “Getməyin, getməyin!” qışqırdı. Başa düşdüm ki, “Qabaqda erməni var” deyir. Tez kabinədəki qohumlara xəbər verdim! (Susur, gözləri dolur)

 

- Geri qayıtdız?

 

- (Güclə eşidiləcək pıçıltı ilə ) Mənə inanmadılar, “uşaqdı, qorxudan gözünə görünüb” dedilər...

 

Yenə boğazında düyünlənən qəhəri udur:

 

- Uşaq deyəndə ki, on beş yaşım var idi... Yola davam elədilər.

 

Tunelə girirlər, sakitlik! Tunelin çıxışına çatanda isə postda heç kim yox! Narahat olurlar, amma sakitliyə güvənib yola davam edirlər. Tuneldən 30-40 metr aralanan kimi bu sakitlyin əslində onlar üçün qurulmuş tələ olduğunu anlayırlar!

 

- Birinci kabinəni vurdular, maşın yerindən oynayıb yoldan çıxdı, getdi çayın kənarındakı ağaca dəyib dayandı. Çığırışma başladı... Mircəhət adlı bir oğlan dedi “Ermənilərdi, düşün qaçın!” Hara qaçasan? Qaçmağa yer yoxdu ki... Amma o, bir nəfəri də götürüb qaçıb çıxa bilmişdi. Arxadakı qayanın dalında gizlənə bilmişdilər, necə olmuşdusa erməni onları görməmişdi. Sonra geri qayıdıb çayı keçib, dağ yolu ilə qaçıb çıxmışdılar...

 

- Maşından ancaq ikisi düşüb qaçdı?

 

- Hə. Anam da düşdü, amma kabinəyə baxmaq üçün. Kabinədə Nizami, Məhəmməd, atam... hardasa on nəfər var idi. Anam heyrətlənmiş halda yuxarı qalxıb qışqıra-qışqıra “içəridəkilərin hamısını öldürüblər” dedi. Yenə aşağı düşdü...

 

Susur... Bu anası ilə son görüşü idi...

 

- Balakənli əsgər də silahı götürüb başladı atmağa. Onlar da elə bildi maşında əsgər çoxdu, susdular, daha atəş açmadılar. Əsgər xeyli atəş açdı, onun silahı susan kimi elə bil üstümüzə dolu yağdırdılar. Qardaşım Turalı yanıma sıxıb saxlamışdım ki, ona güllə dəyməsin, uşaqdı axı...

 

Sol əlini yenə kimisə düşməndən qoruyurmuşcasına bərk-bərk yanına sıxır. Qucağının boş olduğunun fərqinə varanda əli boşalıb yanına düşür. Bir az susandan sonra həmin əli ilə sol ayağının şalvarını yuxarı qaldırıb göstərir:

 

- Bir az keçmiş sol ayağımdan mənə güllə dəydi... Dizdən aşağı, onda özümü itirdim.

 

Ayağındakı güllələrin yeri bir yumurtanın yerləşə biləcəyi dərinlikdədir.

 

- Güllə dəyəndə necə ağrı olur?

 

- Elə bil həmən yerə qəfil buz parçası girir. Adamı tər basır. Tədricən ağrılar başlayır. Sümükdən dəymişdi deyə daha möhkəm ağrıyırdı. Qardaşım yaralandığımı görəndə ağlamağa başladı. Onu özümə sıxıb dedim “Tural, qorxma, elə-belə şeydi”. Elə bu vaxt yenə həmin ayağımdan güllə dəydi, yenə, yenə... Başımı qaldıranda gördüm Yeganənin də sinəsindən güllə dəyib, artıq ölüb...

 

Yanımdakı qohumlara bir-bir necə güllə dəydiyini, necə öldüklərini görürdüm. Bacardığım qədər ancaq Turalı güllədən qorumağa çalışırdım. Əlimdən ayrı heç nə gəlmirdi...

 

Qan... İnsan ətinin iyi... Bu dəhşətli iydi! Dözüləcək kimi deyil... Üstəlik bu doğmalarının, ananın-bacının ətinin iyidirsə...

 

Bir güllə də dəyəndə huşumu itirmişəm...

 

Maşını yenə iri çaplı silahla vuranda o boyda “Kamaz” qalxıb göyə, düşdü yerə və başladı alışmağa. Onda özümə gəldim. Gördüm qan məni aparır, alovun da mənə çatmağına bir metr qalıb. Tural isə yanımda yoxdu. Onu yanımda görməyəndə hər şeydən əlimi üzdüm. Düşündüm hara düşüm? Onsuzda nə sürünməyə halım var, nə də qaçmağa. Bir metrliyimdə olan alovdan necə qaçacam? Elə yanım... Onsuz da hamı ölüb...

 

- Ətrafda heç səsi çıxan yox idi?

 

- Yox, hamı ölmüşdü... Turalı özümə sıxmışdım, indi o da yox idi. Ermənilərin səsi gəlirdi, yaxınlaşdıqlarını hiss elədim. Gəlib maşını dövrəyə aldılar. Baxdılar görsünlər kim sağdı, kim yox. Bacımın meyitini odun içindən götürüb yerə atdılar. Onda xeyli pul var idi, öz pulumuz və mağazanın pulu... Pulu götürüb, özünü atdılar meyitlərin içinə. Bütün meyitlərin üst-başını yoxlayıb pullarını götürdülər. Biri silahını mənə tərəf uzadıb qışqırdı ki, “Düş aşağı, qorxma!” Yavaş-yavaş sürünüb arxa tərəfə gəldim. Məni də götürüb atdılar yerə...

 

Belindən böyük xəncərə oxşayan hərbi bıçaq çıxardıb üstümə gəldi. Dedim yəqin başımı kəsəcək. O anda artıq qorxu hissi keçir, heç nədən qorxmursan. Şokdasan. Mənə elə gəlirdi ki, yuxu görürəm, oyanacam. Onda birdən gözüm sataşdı, gördüm anam üzü üstdə uzanıb, arxadan vurublar... Tural da onun yanında uzanmışdı, hərəkətsiz idi, amma qan axmırdı...

 

- Bütün bu dəhşətləri yaşayan 12 yaşlı uşağın anasının da öldüyünü görəndən sonra ölməsi üçün mütləq ona güllə dəyməliydi? Axı o sizi də ölmüş bilirdi, ürəyi də partlaya bilər...

 

- Bilmədim... Amma Turalı görəndə başladım ermənilərə yalvarmağa ki, o uşaqdı, ona dəyməyin, mən ölüm, o qalsın... Başını qaldırıb baxdılar, rəngi ağappaq ağarmışdı, nəfəsi az-maz gedib-gəlirdi, ermənicə nə isə deyib, atdılar yerə... Yəni “artıq gecdi”...

 

- Sizinlə necə davranırdılar?

 

- Əvvəl istədilər meyitlərlə yaralıları düzüb BMP ilə üstümüzdən keçələr. Sonra bir-ikisi imkan vermədi...

Ayağımı qan aparırdı, erməni şalvarımı dizəcən kəsib başladı ayağımı bağlamağa.

 

- Bəs o əsgər necə oldu?

 

- Yaralı idi, biri başından, o biri isə ayağından tutub yelləyib yanan maşının içinə atdılar, o da orda öldü... Sən demə o atəş açanda iki erməni öldürüb, birini də başından yaralayıb. Ona görə də ona lap qəzəbli idilər, diri-diri atdılar alovun içinə...

 

- Başqa sağ qalan yox idi?

 

- Mən idim, atamın dayısı uşaqları Bəşir, Azər və 13 yaşlı Nəsibə. Sonra yenə arxadan maşınlar gəldi. Onları da bizim kimi, güllə-borana tutdular, ölən öldü, qalanları əsir götürdülər.

 

- Sonra?

 

- Hamımızı hərbi “Kamaz”a yığdılar.

 

- Yeriyə bilirdiz ki?

 

- Yox, amma yerimək heç lazım da deyildi. Yerimək insan üçündür! Hamımızı götürüb maşının arxasına elə tulladılar ki, elə bil cəmdək tullayırlar. Bircə Bəşir yaralı deyildi, onu da döyə-döyə əllərini arxasında çarpazlayıb, məftillə möhkəm sıxdılar. Hamımızı gətirib bir zirzəmiyə saldılar.

 

- İçinizdə sağlam olanı var idi?

 

- Demək olar ki, əksəriyyət yaralı idi. Yaralı olmayanı da elə döymüşdülər ki, yaralanmışdı... Kəlbəcərdən Məhəmməd adlı bir kişi var idi, onları ailəlikcə əsir götürmüşdülər – qızları, oğlanları... 20 yaşlarında bir oğluna güllə dəymişdi, qucağında can verdi...

 

- Meyiti neylədiz?

 

- Ermənilər dedi götürün ölünüzü basdırın. Ayağı yer tuta bilən uşaqlarımız alma bağında qəbir qazıb onu pallı-paltarlı basdırdılar. Mən ayağa qalxa bilmirdim, vəziyyətim pis idi. Qan kəsmək bilmirdi. Beş güllə dəymişdi, lülə sümük qırılmış, damarım doğranmışdı.

Oralarda hələ qar əriməmişdi, o soyuqda onlar da buz kimi su gətirib tökdülər ayağıma ki, qanı kəsəcək...

 

- Kəsdi?

 

- Axırda özüm paltarımı cırıb ayağımı möhkəm bağladım. Onu da elə bağlamışam ki, sonradan ayağım şişəndə kəndir əti kəsib... Nə bilim, uşaq idim, belə şeyləri harda görmüşdüm axı? Deyirdim əsas qan axmasın...

Gecə saat 3-4 radələrində bizi yenə o üsulla hərbi maşına yığıb apardılar Xankəndinə. Maşında o qədər adam var idi ki, nə oturmağa, nə də uzanmağa yer yox idi, hamı yaralı, bir-birinə qarışmışdı. O qədər qan itirmişdim, susuzluqdan dodaqlarım paralanmışdı. Orda Sona adlı hamilə bir qadın var idi, onda o öz döşünü sıxıb, bir əski parçasına süd sağdı, biz o əski parçasını dodaqlarımıza sürtdük...

 

- Hamıya çatdı?

 

- Əsas ağır yaralı bir-iki nəfər idi... Mən çox susamışdım, ciyərim yanırdı.

 

Təxminən 25 nəfər əsiri gətirib Xankəndindəki uşaq bağçasına yığırlar. Səhərə yaxın isə ağır yaralıları hərbi hospitala aparmaq qərarına gəlirlər. Əsir ölümü yolverilməzdir! Axı əsir müharibənin qan-qadalı günlərində onların əylənə biləcəyi yeganə məxluq idi! Gözlərini qan bağlamış ermənilərin boz həyatlarının yeganə ləzzəti türkə verdikləri işgəncə idi.  Və ən nəhayətində, əsir pul idi! Ürəkləri istəsə, sata bilərdilər...

 

- Müharibənin ən qızğın vaxtları idi. Xankəndindəki hospitala gələndə eşitmişdilər türk əsirləri gətiriblər, dəliyə dönmüşdülər. Çox azğınlaşmışdılar. Maşını təpikləyir, bizi söyürdülər. Hərbçi nəzarətində olmasaq, sadə ermənilər bizi elə ordaca didib öldürərdi. Həkimlər heç yaramıza baxmamış dedilər bunları burda saxlamaq olmaz, öldürərlər.

 

- Nəyəsə ümidiniz var idi?

 

- Ancaq ölümü gözləyirdim. Daha kimim qalmışdı ki? Qardaşlarımın da sağ qaldığına inanmırdım. Bir əsgəri gözümün önündə oda atdılar axı...

 

Onları Xankəndindəki uşaq xəstəxanasına gətirirlər.

 

- Necə yeriyirdiz?

 

- Sürüyürdülər... Həkimlər ayağıma baxıb dedilər qanqren verib, dizdən kəsilməlidir. Sonra... adı hələ də yadımdadır, Edik Stepanyan adlı cavan bir erməni həkim yaxınlaşdı mənə. Qanqren verib, soyuqlayıb, çirk eləyib şişən ayağımı qucağına alıb ermənicə nəsə soruşdu. Başa düşmədim. Onda rusca soruşdu ki, “xoçeş ya sdelayu operasiya?” O azərbaycanca bilmirdi. Dedim “da”. O da başladı istehza ilə “da” deyib ironiya ilə gülməyə. “Fəryad” filminə baxmısız də...

 

- Baxmışam...

 

- Eynən ordakı kimi, yaralı ayağımı elə sıxdı ki... Hər dəfə o filmə baxanda nəfəsim kəsilir, elə bilirəm yenə də Edik ayağımı sıxır... Güllə dəyəndə yara o qədər ağrımır ki, sonradan daha çox ağrıyır. Qışqırdım! Tibb bacılarına nə isə deyib göndərdi, sonra əllərində bint, əməliyyat qayçıları ilə gəldilər... Başa düşmədim. Qadınlar qollarımı, sağ ayağımı möhkəm tutdular. Çox canlı, dözümlü uşaq idim. O da arxası mənə tərəf oturub ayağımı qoydu qucağına. Dedi kəsmək lazım deyil, mən əməliyyat eləyəcəm.

 

- Palatada? Narkozsuz?

 

- Hətta ağrıkəsicisiz! İynə belə vurmadılar. Qayçını yuxarıdan ayağıma saldı, xartıltını eşitdim! Dəhşətli ağrı başladı, qışqırırdım! Necə qışqırmayasan? O ağrıya necə dözmüşəm, başım çıxmır. Hər qışqırdıqca da şillə ilə sifətimə vurdu. Kəsə-kəsə yaranın dərinliyinə çatdı. Güllə deşib keçib, sümüklər qırıq-qırıq olub, guya onu təmizləməyə başladı. Kəsdi, tökdü... İndi ayağımda 5 santimetrlik sümük yoxdu. Nə qədər bint yeritdi ayağıma. Sümüklərimin səsini eşidirdim. Axırda qışqıranda iki barmağını boğazıma dirəyib məni boğmağa başladı. Nəfəsim kəsilənəcən barmağıyla boğazımı sıxdı. Həmin vəziyyətdə başladı tikməyə, axırda gips qoydu.

 

- “Əməliyyat” nə qədər çəkdi?

 

- Hardasa 40 dəqiqə. Sonradan bildim ki, üzərimdə eksperiment aparıb ki, görüm ağrıya dözəcək?

 

- Sonra da ağrıkəsici vermədilər?

 

- Heç baxan yox idi. 3-4 gündən bir ürəkləri istəsə sarğını dəyişərdilər, istəməsə yox. Səhər yuxudan oyanırdım ki, yatağım çirk içindədir. Ayağımdan elə çirk axırdı. Nazilib qolum kimi olmuşdu. İydən palataya girməli deyildi.

 

- Çirk üçün heç nə eləmirdilər?

 

- Yox. Özümüzün orda əsir olan qadınlarımız var idi, fürsət tapanda onlar baxırdılar. Anamı-bacımı əvəz eləyirdilər.

 

- Palatada tək idiz?

 

- Həmən gün tək idim, sonra yavaş-yavaş öz adamlarımızdan gətirdilər.

 

- Onlarda da kimisə sizin kimi əməliyyat elədilər?

 

- Məhəmməd kişi var idi e...

 

- Oğlu qucağında ölən.

 

- Hə, onun baldır sümüyündən güllə dəymişdi. Yenə Edik gəldi, başladı gözümün qabağında eynən mənim kimi, ona da istehza edə-edə, qışqırdıqca döyə-döyə əməliyyat eləməyə. Arxası üstdə çevirdi, onun yarası da çox dərin idi. Barmağını saldı həmin yaranın içərisinə. Eşələdi, eşələdi, eşələdi...

 

- Əlcəyi var idi?

 

- Heç bir şeyi yox idi. Demə güllə şah damarın arasına pərçim olunub. O gülləyə toxunanda qan necə fontan vurub çıxdısa, hər tərəf qana batdı. Adam gözümün qabağında sapsarı saralıb, meyitə çevrildi. Onda çox pis qorxdum. Sonra nə zülmlə o qanı kəsdilər... Hər gün qanı axırdı, axırdı... Axırda hərbi hospitala apardılar, orda damarı tapıb tikdilər, qan kəsdi, sağaldı.

Xaricdən ora gələn olan kimi Edik gətirib məni göstərirdi ki, baxın, ayağını kəsirdilər, mən “xilas elədim”...

 

- Çox adam gəlirdi ora?

 

- O qədər adam gəlirdi... Elə bil zoorparka gəlirlər.

 

- Mülkü şəxslər sizinlə necə davranırdılar?

 

- Eləsi olurdu üstümüzdə hərbiçi dayanmasa gəlib başımızı kəsərdi. Yazığı gələni də olurdu, söyəni də. Gətirib çörək verəni də, oturub söhbət eləyəni də.

 

- Nə haqda danışırdılar?

 

- Onlar Azərbaycandan gedənlər idi. Deyirdilər sənin nə günahın var, uşaqsan. Bizim də günahımız yoxdu deyirdilər, biz dost yaşamışıq. Burdan gedənlər bizə nifrət eləmirdi.

 

- Xəstəxanada əsir çox idi?

 

- Çox idi, bir ucdan da gətirirdilər. Müharibə gedirdi, Ağdamdan, Füzulidən dinc əhalini gətirirdilər... O vaxt Füzulinin hansısa kəndində toy vaxtı girib hamısını əsir götürmüşdülər. Gəlini də gətirib çıxartmışdılar ora... Zülm idi... Zülm...

 

- Gəlinin axırı necə oldu?

 

- Sonradan dəyişdilər... Elə eşitdim.

 

- Bəyi də gətirmişdilər?

 

- Bəy yox idi. Toya hazırlıq vaxtı girmişdilər kəndə, götürmüşdülər... Xeyli adam idi...

 

Bu haqda danışanda nə qədər əzab çəkdiyi aydın görünür. Çox soruşmaq istəmirəm. Aydınca görünür ki, xatırladıqları ayağında keçirilən narkozsuz əməliyyatdan da dəhşətli olub...

 

Təxminən üç ay sonra palataya bir erməni girib gülə-gülə deyir:

 

- Müşfiq sənsən?

 

- Mənəm...

 

- Sənə məktub var...

 

- Mənə? Məktub? Kimdən?

 

- Bacından.

 

- Bacım gözümün qabağında öldü...

 

- Türk, indi sən mənə inanmırsan?

 

- Yox!

 

- Al, oxu!

 

Məktubu uzatdı:

 

- Baxan kimi gördüm Yeganənin xəttidir. Özüdür! Sağdır! Elə sevinirdim ki, mənim də həyatda sağ kimsəm var...

 

- Nə yazırdı?

 

- Qısa yazmışdı: “Sağam, əməliyyat olunmuşam. Turaldan muğayat ol!”

 

Səkkiz güllə dəyən Yeganənin sağ olduğunu başa düşəndə onu meyitlərin içindən götürüb, başqa əsirlərlə fərqli istiqamətə aparıblar. Bir neçə aydan sonra isə yenə həmin erməni palatada görünür:

 

- “Türk, bacını dəyişməyə aparırıq. Görüşün!” Elə sevindim ki... Dedim “Təki sən get, məni boş ver. Nə qədər olmasa da kişi xeylağıyam, sən sağ-salamat get. Orda da de ki, mən sağam”. Görüşdük, getdi.

 

Bununla da əsirlikdə alacağı şad xəbərlər tükəndi. Bundan sonra ancaq Şuşa türməsində döyülüb, işgəncə görüb, daxili orqanları partlayıb ölümcül hala düşərək xəstəxanaya gətirilən əsirlərin hekayələrini dinləyir, orda vəziyyətin necə acınacaqlı olduğunu eşidir:

 

- Ölənəcən işgəncə verir, son anda xəstəxanaya gətirir, sağaldan kimi də yenə geri qaytarıb işlədir, ac saxlayır, əzab verirdilər.

 

- Mülkü şəxslər idi?

 

- Hamısı əsgərlərimiz idi. Həmişə qorxduğum şey o idi ki, birdən məni də götürüb Şuşa türməsinə apararlar. Əsirlər ordan elə şeylər danışmışdılar ki, artıq orda bizi nə gözlədiyini bilirdik. Heç birimiz ora getməyi arzulamırdıq.

Qorxduğum başıma gəldi! Hələ yaram tam sağalmamışdı, bir gün ermənilər içəri girib həmişəki kimi gözlərinə sağlam görünən xəstələri döyə-döyə, təpikləyə-təpikləyə götürüb apardılar. Məni də onların içində...

Bizi birinci Topxana meşəsinə gətirdilər, maşınlara odun yükləməyə. Yamyaşıl ağacları doğrayıb tökmüşdülər. Hardasa 100 metr dərənin dibindən yuxarı qaldırmalı, maşına yükləməliydin.

 

- Nə qədər adam gətirmişdilər?

 

- 7-8 nəfər. İçlərində də ən azyaşlısı mənəm. Kənd uşağıyam, fiziki işləri bacarıram, amma ayağım imkan vermir, hələ tam sağalmayıb.

Dərənin dibinə enir, milləri, odunları belimizə şəlləyir, çiynimizə alır, üzü yuxarı qalxırıq. Daşıya bilməyən əsirləri ağacla elə döyürdülər ki, deyirlər e, “eşşəyi döyən kimi”, bax, heç eşşəyi də elə döymürlər!

 

- Siz o ayaqla daşıya bilirdiz?

 

- Canımı dişimə tutub birtəhər daşıyırdım ki, döyülməyim. Axı onsuzda ayağımı arxamca güclə çəkirdim, döyüləcək halım yox idi.

 

- Tələsdirirdilər?

 

- Yeganə sözləri “Tez ol, tez ol” idi! Özü də ağacla döyə-döyə...

 

- Gün ərzində nə qədər işləyirdiz?

 

- Səhər saat 5-6 arası başlayırdıq, sonrası isə onların kefinə bağlı idi. Bir də görürdün səhərə kimi işlədirdilər.

 

- Yemək verirdilər?

 

- Səhər bir az qaynanmış su. Şəkərsiz! Bir tikə quru çörək. Günorta isə buğdanı suda qaynadırdılar, axşamda həmçinin! Ad olsun ki, yemək verdik. Ölməmək üçün. Orda elə adamlar var idi elə arıqlamışdılar ki... Skelet necə olur, bax elə! Sümüyün üstündən dərisi elə sallanırdı, deyirdin indi cırılıb çıxacaq, sümükləri görünəcək. Gəzən skeletlər...

 

Bəli, gəzən skeletlər! Şuşa türməsinə gəlib ordakı şəraiti, gəzən skeletləri gözləri ilə görəndə başa düşür ki, xəstəxanada eşitdikləri heç nədir! “Yəqin ki, dünyanın heç bir yerində belə işgəncə məkanı yoxdur” deyir:

 

- Əsirlikdə çox fərqli yerdə olmuşam, amma Allah Şuşa türməsini heç kimə göstərməsin! Orda o qədər canından bezən adamlar özünü öldürdü ki... Nadir adlı bakılı oğlan var idi, getdi özünü toka verdi. Bit bilirsiz necə idi? Sözün həqiqi mənasında iynəni yerə atsan bit əlindən yerə düşməzdi! Əlini hara çəkirdin ovucla bit yığardın. Nə qədər adamı elə bit öldürdü. Nə qədəri acından öldü. Nə qədəri döyülməkdən...

 

- Nə ilə döyürdülər?

 

- Kabel, lom, “lapatka”, dubinka, məftil... Üstəlik də iti qısqırdırdılar əsirin üstünə, it əsiri parça-parça eləyirdi.

 

Azyaşlımı, yoxsa yarasının ağır olduğunumu nəzərə alıb, onu türmədəki əsirlərə qatmırlar. Bəlkə də sadəcə qismət!

Yeməkxanada erməni əsgərlərə yemək daşıyır, qabları yuyurdu:

 

- Baxırdım ki, qar yağır, əsirlər çöldə qarın altında işləyirlər. Bellərində qar talaq vurur...

 

- Nə iş görürdülər?

 

- Odun yarır, küçə süpürür, məftil doğrayır, hasar çəkirdilər. Təki əsir bekar qalmasın. Yeri elə təmizlədirdilər ki, ot da bitməsin. Birdən ot bitər, ac əsir onu qırıb ağzına qoymaq istəyər... Bilirsiz yerdə bitən otu götürüb ağzına qoyduğu üçün yerindəcə neçə adamı güllələmişdilər? Danışırdılar ki, məndən qabaq bir nəfəri yumurta tapıb yediyinə görə güllələyiblər.

 

- Siz onlarla işləmirdiz?

 

- Yox, mən fasiləsiz yemək daşıyır, qab yuyurdum. Gecə 3, ya 4-də yatır, səhər 5-dən oyanırdım. Gün ərzində 2 saat yatmaq artıq böyük iş idi. 22 saat isə dayanmadan, oturmadan işləməliydim. Zülm çəkirdim.

 

- Ayağınız necə idi?

 

- Hələ də ağrıyır, çirk verirdi...

 

Anbara, yeməklərə bir başa əli çatan 15 yaşlı Müşfiq zibil vedrəsinə çörək, şəkər yığıb, üstünə zibillə örtür, aparıb zibilliyə tökür...

Tualetə gedəndə kağız aparmaq bəhanəsiylə arasına çörək yığıb tualetdəki dəlmə-deşikdə gizlədir...

Bağa pomidor yığmağa gedəndə qoltuğunda gizlətdiyi siqaretləri yerə atır...

Artıq bütün əsirlər bilir ki, gizlicə bu uşaq keçdiyi yerdən keçmək lazımdır. O öz həyatını təhlükəyə atıb, əsirlərə ölməmələri üçün çörək daşıyırdı... O, bir tikə çörəyə möhtac əsirlərin yeganə ümid yeri idi...

 

- Bilirdim ki, tutsalar güllələyəcəklər! Amma neyləyim? Orda elə vəziyyət idi ki, itin də ağzından yeməyi tutub alıb yeyirdilər...

 

6-7 ay da belə keçir. Artıq 16 yaşı olmuşdu. Yuxusuzluğa və fasiləsiz iş rejiminə tab gətirə bilməyən, ayağındakı yaradan hələ də çirk axan yeniyetmə ciddi xəsarət alıb, xəstəxanaya qayıtmaq qərarına gəlir. Ancaq bu yolla göz önündə olacaqdı və onu dəyişəcəkdilər:

 

- Göz-göz eləyib xəlvətə saldım, heç kim görməyəndə gedib sol əlimi qoydum kötüyün üstünə, sağ əlimlə baltanı qaldırıb var gücümlə kötüyə çırpdım!

 

Ardı var...

# 21324
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar