Rusiyalı diyetoloq Sofiya Kovanova protein (zülal) batonlarını sevənlərə xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, mütəxəssis aif.ru saytına verdiyi müsahibədə bu məhsulların sağlamlıq üçün potensial risklərindən danışıb.
Həkim izah edib ki, zülal batonlarının tez-tez qəbulu toxluq hissinin pozulmasına səbəb ola bilər: "Bu məhsulların teksturası ultra emal olunduğu üçün az çeynəmə tələb edir. Bu isə doyum mexanizmlərini aktivləşdirməkdə daha az təsirlidir, buna görə də beyin batonu tamdəyərli yemək kimi qəbul etmir".
Diyetoloq əlavə edib ki, bu batonların tərkibindəki dadlandırıcılar şişkinliyə səbəb ola bilər. Bundan əlavə, mütəxəssis həmin məhsullarda aşağısəviyyəli iltihaba səbəb ola biləcək komponentlərin olduğunu vurğulayıb.
S.Kovanova aydınlıq gətirib ki, gündə birdən çox protein batonu yemək olmaz və bu, yemək əvəzedicisi deyil, sadəcə qəlyanaltı olmalıdır. Bununla belə, mütəxəssis mədə-bağırsaq problemləri, süd zülalına allergiyası, dadlandırıcılara dözümsüzlüyü və insulin müqaviməti olan insanlara protein batonlarından tamamilə imtina etməyi tövsiyə edib.