Azərbaycanlı idmançının qətli ilə bağlı yeni təfərrüatlar
03 iyun 2009 10:15 (UTC +04:00)

Azərbaycanlı idmançının qətli ilə bağlı yeni təfərrüatlar

Azərbaycanlı idmançı, pankration döyüşü üzrə Rusiya çempionu Zakir Lələşovun Krasnoyarsk şəhərində qətli ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Lent.az-ın məlumatına görə, bu haqda Krasnoyarsk şəhəri Yemelyanov rayon məhkəməsinin mətbuat katibi Andrey Maşkoviç açıqlama verib.

O bildirib ki, Lələşovun meyiti dekabrın 10-da Zaledeyevo stansiyası, Zelyonaya küçəsində yol kənarından tapılıb. İdmançı başından aldığı güllə yaralarından keçinib. Bundan 4 gün sonra qatilin də Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib. Nurlan Səmədov adlı həmin şəxs yanvarın 26-da milis idarəsinə gələrək, könüllü təslim olub.

Məhkəmə istintaqının gedişində müəyyənləşdirilib ki, Səmədov Lələşovla dalaşdığı vaxt özünü müdafiə etmək üçün atəş açıb. Onun qəsdən adam öldürmək niyyəti olmayıb. Məhkəmə Səmədovu Lələşovun qətlində günahkar bilərək, 5 il müddətinə ciddi rejimli təcridxanada cəza çəkməsi haqda hökm verib.

Qeyd edək ki, Lələşov 21 aprel 1985-ci ildə Bakıda anadan olub. Krasnoyarsk vilayətinin Açinsk şəhərində yaşayan həmyerlimiz əlbəyaxa döyüş və sərbəst güləş üzrə idman ustası, 2008-ci ildə isə peşəkar pankration üzrə Rusiya çempionu olub.
# 938

Oxşar yazılar