Bakıda baş verən kütləvi davada 2 qardaş öldürülüb, 1-i isə yaralanıb
04 iyun 2009 11:30 (UTC +04:00)

Bakıda baş verən kütləvi davada 2 qardaş öldürülüb, 1-i isə yaralanıb

Azərbaycan paytaxtında ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatları məlum olub.

Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Xaşaxuna bağlarında qeydə alınan insident zamanı qətlə yetirilən iki nəfər qardaşdır.

Məlumatda bildirilir ki, ilk olaraq bağdakı tikintidə fəhlə işləyən şəxslərlə “ZİL” markalı yük maşınının sürücüsü arasında mübahisə yaranıb. Daha sonra davaya çevrilən münaqişə iki qrup arasında bıçaqlaşma ilə nəticələnib. Hadisə nəticəsində “ZİL” markalı maşınının sürücüsü Tərlan Cəfərov və onun qardaşı Musa Cəfərov qətlə yetiriliblər, onların qardaşı və daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, kütləvi dava tikinti materialları üstündə baş verib. Artıq hadisə ilə bağlı bir neçə nəfərin saxlanıldığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hazırda Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər Prokurorluğu və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmanı davam etdirirlər.
# 605

Oxşar yazılar