Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verərək, bildirib ki, məhkəmə tərkibi dəyişsə də, iş yenidən başlanılmayıb:
“İş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işə yenidən başlamalıdır. Ötən prosesdə prokuror ittiham aktını oxudu. Siz təklif etdiniz ki, iş üzrə şahid qismində tanınan Müdafiə Nazirliyinin hərbi qulluqçusu gələ bilmir, onun ifadəsi elan olunsun. Biz etiraz etmədik. Amma digər şəxslər yenidən dindirilmədi. Tərkib dəyişildiyi üçün zərərçəkmiş, təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidən baxılsın”.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra ifadə verən şahid A.S. 2023-cü ilin noyabrından təqaüdə çıxdığını bildirib:
"Mən yanğın nəzarəti xidmətində çalışmışam və sonuncu yoxlamanı 2023-cü ilin yayına kimi etmişəm. Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına, siqnalizasiyanın işləməməsinə dair hər il protokol tərtib olunurdu. Lakin nöqsanların növbəti illərə qaldığı olurdu. Mənim işim müayinə keçirmək idi, qərar rəis tərəfindən verilirdi".
Zərərçəkənlərdən biri, "Mən körpəsi ölən valideynəm. Həmin günü səhərə qədər "Semaşko"nun qabağında maşının içində yatdım. Mən əsəblə, yana-yana çığırıb tələb edirdim, oranın öz həkimləri risk edib uşaqlara yaxınlaşıb müayinə etmirdilər", deyə bildirib.
Növbəti proses 4 fevral saat 09:20-yə təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor, həmçinin Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.