İnterpolun tutduğu Qədim Ədilov şikayətçiləri günahlandırdı: "Əsl zərərçəkən mənəm"
04 dekabr 2025 13:23 (UTC +04:00)

İnterpolun tutduğu Qədim Ədilov şikayətçiləri günahlandırdı: "Əsl zərərçəkən mənəm"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Qədim Ədilovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkənlərin ifadəsi ilə davam edib. Təqsirləndirilən Qədim Ədilov ittihamlarla razılaşmadığını bildirib:

"Əsl zərərçəkən mənəm. Bu qrupun özünün mənə külli miqdarda borcu var. Verdiyim malların hamısının sənədləri var. Bunları istintaqa da təqdim etmişəm".

Məhkəmə digər zərərçəkənlərin ifadəsinin dinlənilməsi üçün növbəti prosesi 15 yanvar 16:00-a təyin edib.

Xatırladaq ki, Qədim Ədilov 30-a yaxın Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur. 2021-ci ildə 17 vətəndaş onun barəsində Baş Prokurorluğa şikayət edərək dələduzluqla külli miqdarda vəsaitlərinin ələ keçirildiklərini bildiriblər.

Həmin şikayət üzrə cinayət işi davam etdiyi bir vaxtda Qədim Ədilov Gəncə şəhər sakini Nəsrulla Cəfər oğlu Nəzərova qarşı da dələduzluq edib. Nəsrullanın etibarından sui-istifadə edərək ona məxsus milyonlarla dəyəri olan asfalt zavoduna müştəri tapıb satacağına söz verib. Bunun üçün zavodu etibarnamə ilə öz adına keçirib. Sonra isə Nəsrulla Nəzərovdan xəbərsiz zavodu 1 milyon 750 min dollara sataraq aradan çıxıb.

Zərərçəkənlər deyirlər ki, əlavə olaraq Qədim Ədilov Nəsrulla Nəzərovun 10 minlərlə manat nağd pulunu da dələduzluq yolu ilə mənimsəyib.

2022-ci ildə Qədim  Ədilov İnterpol vasitəsilə axtarışa verilməmişdən 2 ay əvvəl Anar Akif oğlu Məmmədov və partnyorlarının etibarını imtahana çəkib. Onlardan 612 min manat pul alandan sonra Qədim Ədilov əvvəl Türkiyəyə, oradan isə Rusiyaya keçib. İnterpol xətti ilə Rusiyada həbs olunan Qədim Ədilov 2024-cü ilin oktyabrında Azərbaycana təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar