Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan  azərbaycanlılar saxlanıldı - YENİLƏNİB
26 mart 2024 20:07 (UTC +04:00)

Qırğızıstan rəhbərinə sui-qəsd hazırlayan azərbaycanlılar saxlanıldı - YENİLƏNİB

Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlayan azərbaycanlıların həbsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat yayıb. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib:

"Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər”.

***

23 mart, 13:59

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kriminal aləmdə “avara” statusuna malik olan Əsgərov Qırğızıstana dövlətinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd cəhdi təşkil etmək məqsədi ilə ölkəyə gəlib.

Əməliyyat tədbirləri martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 9699
avatar

Mehman Nəbiyev

Oxşar yazılar