Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun  məhkəməyə çağırılması   istənildi
29 noyabr 2021 16:56 (UTC +04:00)

Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəməyə çağırılması istənildi

Bakı  şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent/az-;n APA-ya istinadla məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək Rasim Quliyevin səhhətində problem olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin müalicə müəssisində saxlandığını bildirib.

O, Rasim Quliyevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, vəkillər cinayət işi üzrə istintaqda dindirilməyən Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun və Prezident Administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatət veriblər.

Vəkillər bildirib ki, iş üzrə onlarla bağlı epizodlar var. Bu səbəbdən onların dindirilməsi zəruridir. Rasim Quliyev vəkillərin verdiyi vəsatətlərlə razı olduğunu deyib, təmin edilməsini istəyib.

Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, vəsatətin bu hissəsinin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovla bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 9-da davam etdirilək.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 924
avatar

Oxşar yazılar