İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklər təxminən 50 yaş ətrafında baş verir.
Alimlər 14-68 yaş arasında olan 76 nəfərdən götürülmüş 13 müxtəlif toxuma üzrə 12 mindən çox zülalı araşdırıblar. Nəticələr göstərib ki, bütün orqanlar eyni sürətlə qocalmır. Xüsusilə qan damarlarında yaşla bağlı dəyişikliklərin daha erkən və daha nəzərəçarpacaq olduğu müəyyən edilib.
Araşdırmada ən ciddi dəyişikliklərdən birinin aortada baş verdiyi üzə çıxıb. Mütəxəssislər qan damarlarının orqanizmdə qocalma prosesini sürətləndirən bəzi molekulların yayılmasında rol oynaya biləcəyini düşünürlər.
Bununla yanaşı, böyrəküstü vəzilərdə yaşlanma ilə əlaqəli dəyişikliklərin daha erkən, təxminən 30 yaşdan etibarən nəzərə çarpa bildiyi müəyyən edilib. Ümumilikdə isə zülal səviyyəsində ən böyük dəyişikliklər 45-55 yaş aralığında müşahidə olunub.
Tədqiqatçılar yaş artdıqca müxtəlif xəstəliklərlə əlaqəli 48 zülalın səviyyəsinin də yüksəldiyini müəyyən ediblər.
Alimlərin fikrincə, gələcəkdə bu cür bioloji göstəricilərdən istifadə etməklə insanın orqanlarının hansı sürətlə qocaldığını qan analizi vasitəsilə müəyyən etmək mümkün ola bilər.
Bu isə ürək-damar xəstəlikləri və yaşla bağlı digər problemlərin daha erkən aşkar edilməsinə kömək edə bilər.
Mütəxəssislər vurğulayırlar ki, qocalma bir anda baş verən proses deyil. Sadəcə orqanizmin müxtəlif hissələri fərqli sürətlə dəyişir və orta yaş dövründə bu dəyişikliklərin bir hissəsi daha nəzərəçarpacaq hala gəlir.