Şahin Şıxlinski və digərlənin İTTİHAM AKTI  - Yalnız bir nəfərə GÜZƏŞT
12 fevral 2026 10:29 (UTC +04:00)

Şahin Şıxlinski və digərlənin İTTİHAM AKTI - Yalnız bir nəfərə GÜZƏŞT

0

Rusiyanın Yekaterinburq şəhərində andlılar kollegiyası Azərbaycan diasporunun yeddi nümayəndəsini, o cümlədən sabiq rəhbər Şahin Şıxlinskini təqsirli bilib. Onlara 2001-ci ildə baş vermiş qətl və 2010-cu ildə törədilmiş sui-qəsdə cəhd ittihamı irəli sürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, işə Kirov Rayon Məhkəməsi baxır. Təqsirləndirilən şəxslər – Şücayəddin Rəcəbov, Akif, Ayaz, Baqir, Kamal, Məzahir Səfərovlar və Şıxlinskidir. Hakimlər onların bu cinayətlərdə iştirakını sübuta yetirilmiş hesab ediblər. Kollegiyanın qərarına əsasən, yalnız Baqir Səfərov üçün yüngülləşdirici hal qeydə alınıb.

İstintaq müəyyən edib ki, 2001-ci ilin may ayında “Metallon” kafesinin yaxınlığında sahibkar Yunis Paşayev bıçaqlanaraq öldürülüb. 2010-cu ildə isə Fəhrüz Şirinova qarşı sui-qəsd cəhdi edilib, lakin tapança nasazlıqdan atəş açmayıb. Səbəb kimi biznesin yenidən bölüşdürülməsi və diaspor daxilində təsir uğrunda mübarizə göstərilir.

Paşayevin qətli epizodu üzrə Şıxlinski və Səfərov qardaşlarından beşi təqsirli bilinib. Şirinova qarşı sui-qəsd cəhdi üzrə isə Şıxlinski, Akif və Ayaz Səfərovlar, eləcə də Rəcəbov təqsirli hesab olunublar.

Hökm hələ çıxarılmayıb. Qarşıda hökmün nəticələrinin müzakirəsi, tərəflərin məhkəmə çıxışları və təqsirləndirilən şəxslərin son sözü var.

Məhkəmə prosesi sürətlə gedir: işə mahiyyəti üzrə baxılmasına yanvarın 26-da başlanılıb. İclaslar ittiham tərəfinin və hədələr aldığını bildirən zərərçəkmiş Şirinovun vəsatəti əsasında qapalı keçirilir.

Müdafiə tərəfi isə açıq məhkəmə baxışında israr edib.

Digərlərin işləri ayrıca araşdırılır. İstintaq onları 2011-ci ildə tərəvəz bazasının sahibi İkram Hacıyevin sifarişli qətli ilə əlaqələndirir. Keçmiş diaspor rəhbərinin oğlu Mutvalı Şıxlinskinin işi də ayrıca icraata ayrılıb. O, atasının saxlanılması zamanı guya polis əməkdaşına qarşı zor tətbiq etməkdə ittiham olunur.

Qeyd edək ki, ötən ilin yayında Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər. Rusiya ekspertizası ölüm səbəbi kimi guya ürək çatışmazlığını göstərib. Böyük ehtimal isə onların aldıqları xəsarətlər nəticəsində ölmələridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar