Bəzi heyvan miqrasiyaları təsəvvür etdiyimizdən daha fantastikdir. Belə “super miqrantlar” arasında ən məşhurlardan biri qumquşudur (sandpiper) kiçik ağ sahil quşu.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildə Qərbi Alyaskada yumurtadan çıxmış və “B6” kod adı verilmiş gənc quş, fasiləsiz ən uzun uçuş rekordu qırıb. Gənc quşa çəkisi iki unsiya (təxminən 60 qram) olan peyk ötürücüsü quraşdırıldıqdan sonra onun Sakit okean üzərindən cənuba doğru uçduğu, sonra isə kəskin şəkildə qərbə dönərək təhlükəsiz şəkildə Tasmaniyada yerə endiyi izlənildi. Bu quş 264 saatlıq uçuş ərzində 8 321 mil (təxminən 13 391 kilometr) məsafə qət edib bu isə 11 gün ərzində nə suya, nə də torpağa toxunmadan, yeməksiz və susuz uçmaq deməkdir.
Quş bunu necə bacarıb?
Bu fenomenin fiziologiyası tam öyrənilməyib. Lakin məlumdur ki, Alyaskadan yola düşməzdən əvvəl quş öz çəkisini ikiqat artırıb, böyük yağ ehtiyatı toplayıb və səyahət üçün lazım olmayan daxili orqanların kütləsini əhəmiyyətli dərəcədə azaldıb.
Orqanizmin fəaliyyətini davam etdirmək üçün o, zülal və yağları yandıraraq su hasil edə bilir. Bundan əlavə, uçuş hündürlüyünü tənzimləyərək əlverişli küləkləri tapır, bəzən 20 000 fut (təxminən 6000 metr) yüksəkliyə qalxır.
Quşlar beynin bir yarımkürəsini növbə ilə “söndürə” bilirlər, digər yarımkürə isə oyaq qalır. Beləliklə, onlar uçuş zamanı yarı yuxu rejimində qala bilirlər. Lakin əsas sirr ondadır ki, bu quş qışlama yerlərinə hara uçmalı olduğunu necə “bilir”. Alimlərin bununla bağlı bir neçə hipotezi var.
Miqrasiya edən quşların tor qişasına düşən fotonlar “kvant dolaşıqlığı” adlanan bir fenomen yaradır. Nəticədə “kriptokrom 1a” adlı piqment molekulları elektron mübadiləsinə başlayır (bunlar “radikal cütlüklər” kimi tanınır).
Bu radikal cütlüklər maqnit qütblüyünə malik olduqları üçün quşlara Yer kürəsinin maqnit sahəsinin xətlərini “görməyə” imkan verdiyi ehtimal edilir. Üstəlik, quşlar maqnit meylini (maqnit xətlərinin qütblərə yaxınlaşdıqca əyilməsi) və intensivliyini də hiss edə bilirlər ki, bu da onlara coğrafi enliklərini müəyyən etməyə kömək edir.