Şəmkirdə minik maşının ağaca çırpılması zamanı ölənlərdən biri həkimdir.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəzada ölən "Hyundai"ın sürücüsü 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq olub.
Kənan Çobanlı Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb.
Qeyd edək ki, qəzada avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü S. Məmmədov da həyatını itirib.
Qəzaya düşənlər toydan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
***
saat 11.05
Xəbərə foto əlavə edilib.
***
saat 10.01
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
saat 00.21
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.
Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.