Türkiyənin İzmir şəhərində prokurorluq "tiktok" hesabları üzərindən azyaşlı uşağa aid əxlaqsız məzmunlu görüntülərin paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, mayın 29-da daxil olan məlumatdan sonra aparılan yoxlamalar zamanı zərərçəkmiş uşağın 2015-ci il təvəllüdlü A.A. olduğu müəyyən edilib.
İstintaq çərçivəsində ana G.A. və ata Y.A. şübhəli şəxs kimi müəyyən olunub. Aparılan araşdırmalar nəticəsində ata Y.A.-nın müxtəlif cinayətlərə görə cəza çəkdiyi məlum olub. Prokurorluğun göstərişi ilə ana G.A. saxlanılıb.
Zərərçəkmiş uşaq A.A. hüquqi prosedurların aparılması məqsədilə İzmir Uşaq İzləmə Mərkəzinə göndərilib. Bildirilib ki, uşağın pedaqoqun iştirakı ilə ifadəsinin alınması və onun qorunması üçün zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
İstintaq çərçivəsində rəqəmsal materiallar götürülərək araşdırmaya cəlb olunub. Səlahiyyətli qurumlar hadisə ilə əlaqəsi ola biləcək digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.