Musavat.com-a xaker hücumu
22 avqust 2013 15:58 (UTC +04:00)

Musavat.com-a xaker hücumu

0

Musavat.com saytı bir həftədən artıqdır ki, naməlum ünvanlardan haker hücumlarına məruz qalır. Son üç gündə isə hücumlar şiddətli xarakter alıb.  Hələlik bu hücumlar saytın dayanmasına yol açmasa da, fəaliyyətimizə problemlər yaradır. Məsələn, 20 avqustda musavat.com ünvanına saat 10.30-dan 11.50-yə qədər giriş mümkün olmayıb, dünən bu müddət yarım saat, bu gün isə 15-20 dəqiqə çəkib.  

Saytımıza texniki dəstəyi və təhlükəsizlik xidmətini verən şirkətin təmsilçisi musavat.com-a deyib ki,  21 avqustdakı hücumlar İrandan və Birləşmiş Ərəb Əmirliklərindən təşkil edilir. Srağagün isə Rusiyadan intensiv hücumlar olub. Bundan başqa, ölkə daxilində də hücumda iştirak edənlər var. Hakerlər  ADANET provayderindən, qismən də Bakinternet-dən istifadə edərək, saytımıza hücum edirlər.  İnformasiya Texnologiyaları mütəxəssisimiz artıq ADANET-lə bu barədə danışıb, onların elektron ünvanlarına hücumların LOG-larını da göndərib. Bununla belə, bu gün məlum olub ki, hücumlar dayanmır. Bu gün isə ALFANET VƏ UNİNET provayderlərinin şəbəkəsindən hücum təşkil olunur.

Bu hücumlarla bağlı olaraq İT mütəxəssisləri adı çəkilən ölkələrdən musavat.com saytına girişi məhdudlaşdırıblar. Eyni hal ölkə daxilində fəaliyyət göstərən bəzi provayderlərin abonentlərinə də tətbiq olunub. Bu isə oxucularımızda haqlı-haqsız narazılıq doğurur. Redaksiyaya zəng edən bir sıra oxucular onların İP adresinin sayta girişini açmağımızı tələb edirlər. Eyni zamanda musavat.com-a hostinq xidməti göstərən şirkətin nümayəndələri qəti olaraq hücum edən İP-lərin açılmasına qarşı çıxırlar.

Musavat.com hələ ki hücumların səbəbini bilmir. Rəhbərlik hücumlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar