İtlər neçə söz yadda saxlaya bilir?  - Alimlər ən ağıllı cinsi açıqladılar
09 noyabr 2026 12:43 (UTC +04:00)

İtlər neçə söz yadda saxlaya bilir? - Alimlər ən ağıllı cinsi açıqladılar

0

Alimlər müəyyən ediblər ki, bəzi itlər yüzlərlə sözü yadda saxlamaqla yanaşı, əşyaları adlarına görə də tanıya bilirlər. Xüsusilə border-kolli cinsindən olan itlər qeyri-adi yaddaş və öyrənmə qabiliyyətləri ilə seçilirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar bəzi itlərin 300-ə qədər sözü və ya əşya adını yadda saxlaya bildiyini göstərib.

Almaniyanın Leypsiq şəhərində aparılan tədqiqatlar itlərin insan dilini anlama qabiliyyətinin öyrənilməsində mühüm rol oynayıb. Təcrübələrdə iştirak edən beş itin qarşısına müxtəlif simvolları və əşyaları tanımaq vəzifəsi qoyulub. Tədqiqatçılar xüsusilə border-kolli cinsindən olan itlərin yüksək zehni çeviklik nümayiş etdirdiyini müəyyən ediblər. Bu cinsin nümayəndələrindən biri olan Betsi adlı it yaddaşı ilə alimləri təəccübləndirib.

Betsi 300 müxtəlif əşyanı adlarına görə tanıya bilib. Sahibi ona müəyyən əşyanı gətirməyi tapşırdıqda it otaqdan çıxaraq düzgün əşyanı tapıb geri qayıdıb. Bu isə itin eşitdiyi sözü yaddaşında saxladığı əşya ilə əlaqələndirə bildiyini göstərib. Maraqlıdır ki, həmin əşya tapşırıq verilən zaman itin gözünün qarşısında olmayıb. Alimlər Betsinin öyrənmə sürətini və dəqiqliyini azyaşlı uşaqların göstəriciləri ilə müqayisə ediblər. Müəyyən tapşırıqlarda onların bacarıqları arasında oxşarlıqlar müşahidə olunub. Lakin Betsi belə qabiliyyətlər nümayiş etdirən yeganə it olmayıb.

Border-kolli cinsindən olan Çeyzer adlı digər it daha böyük uğur qazanıb. O, yüzlərlə əşyanı tanımaqla yanaşı, onları forma və təyinatına görə də qruplaşdıra bilib. Çeyzerin əşyaları kateqoriyalara ayırmaq bacarığı bəzi cəhətlərinə görə üç yaşlı uşaqların yerinə yetirdiyi təsnifat tapşırıqları ilə müqayisə olunub.

Qeyd edək ki, Çeyzer üzərində aparılmış əvvəlki elmi tədqiqatlarda onun mindən çox əşya adını öyrəndiyi də göstərilib. Buna görə 300 söz bütün itlərin yaddaş imkanlarının yuxarı həddi hesab edilmir. Əvvəllər əsasən sürü otarmaq bacarıqları ilə tanınan border-kolli itləri indi ən ağıllı it cinslərindən biri hesab olunur.

Alimlərin fikrincə, bu cür araşdırmalar heyvanların zehni imkanları haqqında təsəvvürləri genişləndirir. Bununla belə, itlərin sözləri əşyalarla əlaqələndirməsi onların insan dilini uşaqlarla eyni səviyyədə başa düşməsi demək deyil. Mütəxəssislər vurğulayırlar ki, itlərin öyrənmə qabiliyyəti yalnız cinsindən deyil, fərdi xüsusiyyətlərindən, təlimindən və yaşadığı mühitdən də asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar