Dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yer müəyyənləşdi
09 avqust 2011 10:40 (UTC +04:00)

Dünya şahmat tacı uğrunda matçın keçiriləcəyi yer müəyyənləşdi

0
Lent.az-ın Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin matçda bu titulun hazırkı sahibi, hindistanlı Vişvanatan Anandla iddiaçılar turnirinin qalibi, rusiyalı Boris Gelfand üz-üzə gələcək. Mükafat fondu 2,55 milyon dollar təşkil edəcək. Görüşün formatı hələlik elan edilməyib. Lakin son iki çempionluq qarşılaşmaları 12 partiyadan çox olmamaqla və vaxta nəzarətlə şahmatçılardan biri 6,5 xal yığanadək davam edib. Bu zaman xallar bərabər olarsa, əlavə 4 sürətli partiyadan ibarət “tay-breyk” keçirilib.


Qeyd edək ki, Vişvanatan Anand dünya çempionu titulunu 2007-ci ildən özündə saxlayır. Anand bu titulu 2 dəfə - 2008-ci ildə rusiyalı Vladimir Kramnik (6,5:4,5) və 2010-cu ildə bolqarıstanlı Veselin Topalovla (6,5:5,5) qarşılaşmalarda qoruyub. Boris Gelfand isə mayda azərbaycanlı şahmatçılar Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun da iştirak etdikləri iddiaçılar turnirinin qalibi adını qazanıb. O, finalda həmyerlisi Aleksandr Qrişuku yenib – 3,5:2,5. FİDE-nin iyul reytinqinə əsasən, Vişvanatan Anand 2814 xalla 2-ci, Boris Gelfand isə 2746 xalla 12-ci pillədə qərarlaşıb.


Moskvada sonuncu dəfə dünya çempionluğu uğrunda matç 1985-ci ildə baş tutub. Həmin vaxt əslən azərbaycanlı Harri Kasparov 22 yaşında ikən Anatoli Karpovu məğlub edərək, ən gənc dünya çempionu kimi tarixə düşüb. 2012-ci il dünya çempionatına təşkilatçılıq uğrunda mübarizədə Moskvanın yeganə rəqibi Hindistanın Çennay şəhəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 717

Oxşar yazılar